Biz dini hökmlərin şərtlərini məsum imamlardan (ə) öyrənməliyik. Hər bir əməlin şəri cəhətdən vacibliyinin dəlili həmin əməlin imamlar tərəfindən yerinə yetirilməsidir.
Əmr be məruf və nəhy əz münkərin faydası onun ehtimal olunan zərəri ilə tutuşdurulmalıdır. Əgər onun faydası daha mühüm olarsa, zərərinə dözmək lazımdır.
Adi əmr be mərufla dinin təhlükədən qorunması kimi ictimai əmr be məruf arasında fərq var. Yezid hökuməti dövründə İslam ümmətinin kafir olması təhlükəsi vardı. İmam Hüseyn (ə) dini gözləyən təhlükəni gördüyündən, Mərvan ona Yezidə beyət etməyi təklif edəndə buyurdu: “…İslamla vidalaşmaq lazım gəlir. Çünki ümmət Yezid kimisinin çobanlığına mübtəla olmuşdur.” Bəli, harada Yezid varsa, İslam yox idi. Harada İslam var idisə, orada Yezid yox idi.
Belə bir vaxtda imam Hüseyn (ə) İslamın səngərini boş qoya bilməzdi. Çünki o İslamın yaşamasını özünün və ailəsinin həyatından üstün tuturdu. İmam (ə) bu yolda özünü və əzizlərini qurban verdi, bacıları və qızları əsir alındı.
Bəli, imamın (ə) qiyamı əsil əmr be məruf və nəhy əz münkər, zülmlə mübarizə idi. Tarix belə bir mübarizəyə şahid olmamışdı. Öz ailəsi ilə zalım qoşunun əhatəsində qalmış imam Hüseyn (ə) vəzifəsinə əməl etməklə yanaşı öz izzətini də qorudu. Aşura günü həzrət elə bir şücaət göstərdi ki, şəhidlər arasında birinci pilləyə qalxdı.
Burada şəhid Mütəhhərinin bir bəyanına nəzər salmaq yerinə düşərdi:”Əmr be məruf və nəhy əz münkərin vacibliyini nə qədər ki zərər yoxdur, hamı qəbul edir. Elə ki, qarşıya zərər çıxdı deyirlər ki, bu işin vacibliyi bura qədər idi. Yəni nə qədər ki, abır, can, hətta mal üçün qorxu yox idi, bu iş vacib idi. Bu adamlar uyğun vəzifənin dəyərini aşağı endirmişlər. Bəziləri isə bu vəzifəni daha dəyərli hesab edir və bildirirlər ki, zərər qorxusu sadə və kiçik məsələlərdə şərtdir. Əgər Quran üçün təhlükə yaransa, ədalət və islami birlik təhlükəyə düşsə, əmr be məruf və nəhy əz münkər etmirəm” demək olmaz. “Bir söz desəm canım və abrım təhlükəyə düşər, cəmiyyət bəyənməz” kimi sözlər məqbul deyil.”
Bəli, böyük əhəmiyyətli məsələlərdə əmr be məruf üçün sərhəd yoxdur. Böyük təhlükələr gözlənilsə belə, bəzən bu vəzifə vacib olur. Buna görə də imam Hüseynin (ə) bu vəzifənin məqamını ucaltdığını düşünürük. Həzrət (ə) yalnız canını və malını yox, əzizlərinin də həyatını qurban verdi, hətta ailəsinin əsirliyi ilə razılaşdı.
İmamın (ə) bu işindən sonra zərrəcə şübhə qalmır ki, mühüm məsələlərdə heç bir təhlükə əmr be mərufun qarşısını ala bilməz.


more post like this