«Nisə» surəsinin 22-ci ayəsinin təfsiri
«Nisə» surəsi, ayə 22
وَلاَ تَنكِحُواْ مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاء إِلاَّ مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاء سَبِيلاً

Ayənin tərcüməsi:
«Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox pis işdir və (Allahın qəzəbinə səbəb olan) çirkin bir yoldur».

Ayənin nazil olma səbəbi:
Cahiliyyət dövrünün adət-ənənələrindən biri də bu idi ki, bir kəs dünyadan gedəndə onun övladları özlərinin ögey anaları ilə (atasının başqa arvadı ilə) evlənirdilər.

İslamın zühurundan sonra belə bir hadisə irəli çıxdı: Ənsardan Əbu Qeys adlı bir şəxs dünyasını dəyişdi. Onun oğlu öz analığına (ögey anasına) evlənmək təklifini etdi. O qadın dedi: “Mən səni öz övladım bilirəm. Bu işi yaxşı bir iş hesab etməsəm də Peyğəmbərdən (s) vəzifəmi bilməkdən ötrü sual edərəm”. Peyğəmbərə (s) bu barədə sual verdikdən sonra ayə nazil oldu və ögey analarla evlilik qadağan edildi.

Təfsir:
Nazil olma səbəbində qeyd edildiyi kimi ayə, cahiliyyət dövrünün xoşagəlməz adətlərindən birinin üstündən batil xəttini çəkir. Buyurur: “Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin”.
وَلا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النِّسَاءِ

Amma təzə qanunun keçmişə aid olmadığına görə əlavə edir: “Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır”.
إِلا مَا قَدْ سَلَفَ

Sonra daha da təkid etməkdən ötrü və bu cür evlənməkdən şiddətlə çəkindirmək üçün bu cür ifadə işlədilib. Buyurur: “Əlbəttə, bu çox pis işdir”.
إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا

Elə bir əməldir ki, (insanların fikrində) nifrətə səbəb olur. Yəni, bəşərin təbəti onu bəyənmir.
Ayənin sonunda buyurur: “Çirkin bir yoldur”.
وَسَاءَ سَبِيلا

Hətta, tarixdə oxuyuruq ki, cahiliyyət dövrünün insanları bu cür evlənmələri “məqt” və onlardan törənən övladları isə “məqit” (nifrət oyadan övladlar) adlandırırlar.

Bildirişlər:
1. İslam fitrət dinidir. İnsan təbiət etibarı ilə ana və analıqla izdivaca nifrət etdiyindən İslam da bunu haram buyurmuşdur.
2. Atanın arvadı ana yerindədir. Ona görə də kin və qarşıdurma əvəzinə övladlara analıq edilməlidir.
3. Övladlar evlənərkən atanın hörmətini hifz etməlidirlər.
4. Övladlar atanın arvadına ana kimi baxmalıdırlar.
5. İslam keçmişdə baş verənlərə göz yumur. Uyğun hökm nazil olmamışdan qabaq analıqla evlənmələr bağışlanır.
6. Danışarkən icmali və ya ayrıca dəlil gətirmək lazımdır.
7. Analıqla evlənmə başqa məhrəmlərlə də evlənməyə yol aça bilər.
Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this