Bu sualın cavabının ardınca digər bir sual irəli çıxır: O da bundan ibarətdir ki, nübüvvət məqamına çatan hər bir peyğəmbər hökmən İmam da olmalıdır və yaxud İmamət məqamına malik olan bir şəxs mütləq peyğəmbər də olmalıdırmı?

Bu sualın cavabı mənfidir. İndi bu məsələni vəhy əsasında izah edirik. Qurandakı Talut və onun zalım Calutla mübarizəsi ilə əlaqədar olan ayələrdən aydın olur ki, həzrəti Musanın vəfatından sonra Mütəal-Allah nübüvvət məqamını İşmuil adlı bir şəxsə əta etdi, halbuki İmamət, rəhbərlik və hökuməti Talutun öhdəsinə qoymuşdu. Hadisə belə olmuşdu:

Musanın vəfatından sonra Bəni-İsraildən bir qrupu öz əsrinin peyğəmbərinə dedilər: Bizim üçün bir rəhbər təyin et ki, onun sərkərdəliyi altında cihad edək. Peyğəmbərləri onlara dedi:

اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ اَنَّي يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَ نَحْنُ اَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَ لَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ اِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَ زَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَ اللّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ وَ اللّهُ وَاسِعٌ عَلِيمٌ

“Həqiqətən Allah Talutu sizin üçün rəhbər təyin etdi. Bəni-İsrail qövmü dedi: Necə o bizə sərkərdə ola bilər, halbuki bu işə biz daha artıq layiqik və onun çoxlu mal-dövləti, sərvəti yoxdur?! Peyğəmbərləri dedi: Böyük Allah onu sizə seçmiş, ona daha artıq elm və fiziki qüvvə əta etmişdir. Allah Öz mülkünü, istədiyi hər kəsə əta edər. Allah geniş ehsan və elm sahibidir.” (“Bəqərə” surəsi, ayə:247)

Bu ayədən aşağıdakı məsələlər aydın olur:

1-Müəyyən məsləhətlər nübüvvətin İmamətdən və rəhbərlikdən ayrı olmasını tələb edə bilər, eyni bir zamanda nübüvvət bir kəsin, ümmətə rəhbərlik isə başqa bir şəxsin ola bilər və hər biri ona verilən mənsəb ilə əlaqədar ləyaqətə malik ola bilər. Bu iki məqamın bir-birindən ayrılması mümkün olduğuna görə Bəni-İsrail heç vaxt “ey Peyğəmbər, sən ondan daha layiqlisən” – deyə etiraz etmədilər, əksinə etiraz məqamında sadəcə olaraq “biz ondan daha artıq layiqik” – dedilər.

2-Talutun bu məqamını Allah ona bağışlamışdı. Çünki ayədə “Allah Talutu sizə rəhbər seçdi”, eləcə də “Allah onu sizə seçmişdir” – deyə buyurulur.

3-Talutun ilahi məqam və mənsəbi orduya sərkərdəlikdə xülasələnmirdi əksinə o, Bəni-İsrail qövmünün rəhbəri və sərkərdəsi idi (çünki məlik–hakimiyyəti öhdəsinə alan şəxsə deyilir). O gündə bu rəhbərlikdən məqsədin Bəni-İsrailə Allah yolundakı cihadda rəhbərliyi olmasına baxmayaraq, onun bu ilahi məqamı ona sair işləri də görməyə icazə verirdi ki, hamısı da hökumət işlərindən idi. Çünki həmin ayənin sonunda buyurulur:

اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا

“Allah Öz mülkünü istədiyi hər kəsə bağışlayır.”

4-Cəmiyyətə, ümmətə İmamət və rəhbərliyin ən mühüm şərti çoxlu elmə, fiziki və mənəvi cəhətdən kifayət qədər qüdrətə malik olmaqdır, xüsusilə o dövrün rəhbərləri ordu ilə birlikdə hərəkətdə və fəaliyyətdə olmalı idi.

Deməli, nübüvvətlə İmamət bir-birini gərəkli etmir bəzən bir insan nübüvvət məqamına çata bilər, lakin ümmətin rəhbərliyini öhdəsinə almaq vəzifəsinə malik olmaya bilər yaxud bir şəxs Allah tərəfindən ümmətə rəhbər təyin oluna bilər, amma peyğəmbər olmaya bilər. Bəzən Mütəal-Allah hər iki məqamı ləyaqəti olan bir şəxsə əta edir. Quranda buyurulur:

فَهَزَمُوهُمْ بِاِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَ آتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ

“Talutun ordusu Calutun ordusunu darmadağın etdi və bu zaman Davud peyğəmbər Calutu öldürdü. Allah ona (peyğəmbərlikdən əlavə) cəmiyyətin rəhbərliyini və hikməti əta etdi, istədiyi şeyləri ona öyrətdi.” (“Bəqərə” surəsi, ayə:251)

 

http://sualcavab.ge

 

 

 

 


more post like this