Nəfəs

Nola məşhur isə aləmdə Məsiha nəfəsi,

Sənsiz etməzdi vəli mürdəni ehya nəfəsi.

Nəfəsin qaytarar,ölsəm,yenə dünyayə məni,

Sən olan yerdə gərəkməz mənə İsa nəfəsi.

Yetməyir dadıma yarım,nədi naləm xeyri?

Gecə-gündüz çəkirəm ney kimi bica nəfəsi.

Necə ömr eylərəm,ey ruhi-rəvanim,sənsiz?

Olmasa cismdə can,heç olar aya nəfəsi?

 

Uyma,ey tazə cəvanim,sözünə əğyarın,

Çün onun doğru gedib gəlməyir əsla nəfəsi.

 

Eylədim varımı eşqinlə hüzurunda fəda,

Barı çox görmə mənə,ey büti-ziba,nəfəsi.

 

Hicr dərdindən ölər görməsə bir ləhzə səni,

Səni gördükcə alır Əmriyi-şeyda nəfəsi.

 

La fəta illa Əli,la seyfə illa zulfiqar

 

Ey sütuni-dini-həq,ey xəlqə Həqdən hökmdar,

Ey qılan islam üçün canın sipər leylü nəhar,

Endirirkən zülfiqari düşmən üzrə bərqvar,

Qıldı Cibriyl ərş ilə fərş arəsində xəlqə car:

“La fəta illa Əli,la seyfə illa zulfiqar”.

 

Ey Xudanin huccəti,ey nəfsi-Peyğəmbər olan.

Ey təriqullahdə həqq əhlinə rəhbər olan,

Yoxdu sən tək cəng meydanında cəngavər olan,

Zülfiqarın tək qılınc,ya kim sənin tək ərmi var?

“La fəta illa Əli,la seyfə illa zulfiqar”.

 

İzzətindən bəxş edib izzət sənə Pərvərdigar

Hikmətindən bəxş edib hikmət sənə Pərvərdigar

Qüdrətindən bəxş edib qüdrət sənə Pərvərdigar

Səbt qılmış lövhi-məhfuzə yədi-Zul-iqtidar

“La fəta illa Əli,la seyfə illa zulfiqar”.

 

Cövhəri-fitrətdir eşqin,Həqdən izzətdir sənə,

Lakin agah olmaz,ey şahim,çoxu bundan yenə,

Sübhdəm hüsnün xəyalilə ki,getdim gülşənə,

Sövti-bülbüldən mənə oldu bu hikmət aşikar,

“La fəta illa Əli,la seyfə illa zulfiqar”.

 

Tabeyi-hökmündür aləm,ey yenilməz hökmran,

Var idin,var olmamışdan əvvəl ərzü asiman,

İsmi-paki,ey həqiqət əhlinə arami-can,

Lütfi-Həqdəndir dilim zikr eyləyir biixtiyar,

“La fəta illa Əli,la seyfə illa zulfiqar”.

 

Ya Əli,ey ali aləmdə əzizu möhtərəm,

Ruhumun lövhündə yazmış ismin əvvəl gün qələm,

Əmrini salma nəzərdən,aşiqindir,dəmbədəm

Eşqin ilə vəcdə gəlmiş qəlbi söylər bir şüar,

“La fəta illa Əli,la seyfə illa zulfiqar”.

 

Huseyn ibni Əli

 

Kimə yar olsa bu dünyada Hüseyn ibni Əli,

Olacaq yar ona üqbada Hüseyn ibni Əli.

 

Qoydu insanlıq üçün ali şərəf məktəbini,

Yaşamaq öyrədir azadə,Hüseyn ibni Əli.

 

Miyveyi-qəlbi-Nəbi,cani-Vəliyyullahdır,

Nurdur dideyi-Zəhradə Hüseyn ibni Əli.

 

Qalıb ətşan,özü su içməsə də,din ağacın,

Qoymadı yanmağa səhradə Hüseyn ibni Əli.

 

Həqqi kim tutsa uca,Həqq ucaldar o kəsi,

Odur izzətlə düşür yadə Hüseyn ibni Əli.

 

Əmrinin aqibəti həşrdə,ya Rəb,nə olar?

Yetməsə dadına Şəhzadə Hüseyn ibni Əli.

google.com


more post like this