İmam Hüseynin (ə) həyat tarixi, bəşər tarixində ən çox iz buraxan bir hadisə idi. Bu, elə bir hadisədir ki, indiyə qədər də səs-sədası əzadarlıq mərasimlərinin əmələ gəlməsinə səbəb olur. Burada maraqlısı budur ki, təhrikedici bir qüvvə yoxdur, ancaq pak dini və insani sevgidən qaynaqlanır. Bu böyük mərasimlərin səbəbi bu hadisəni əziz tutmaqdır. Heç bir təbliğata ehtiyacı yoxdur.

Bəzən biz bu həqiqəti bilirik. Ancaq çoxları üçün hələ aydın olmayan bir məsələ vardır ki, bu hadisəyə niyə bu qədər əhmiyyət verilir?

Bu hadisə həqiqətdə iki məktəb olan fərdi və əqidə məktəbinin mübarizəsidir. Bu hadisənin alovu hələ də sönməmişdir. Bu mübarizə bütün peyğəmbərlərin (ə) və saleh bəndələrin mübarizəsinin davamıdır.

İslam Peyğəmbəri (s) dövrünün bütpərəstliyinə və xürafatına qarşı çıxmış və mübarizə aparmışdır. Məzlumları və zülm görmüşləri ətrafında toplayıb, bütpərəstlərə qarşı qiyam etmişdi. Onların başında Əbu Süfyan dururdu. Nəticədə İslam dininin əzəməti qarşında əyilib, təslim oldular.

Əlbəttə onların təslim olmağı məhv olmaq demək deyildi. Onlar fəaliyyətlərini pərdə arxasına salıb, tədricən hərəkət etməyə başladılar.

Bəni-Uməyyə Həzrət Peyğəmbərin (s) vəfatından sonra insanları İslamdan əvvəlki vəziyyətə qaytarmağa çalışırdı və müsəlmanlar hər nə qədər İslamdan uzaqlaşırdısa, onlar üçün daha fürsətli bir zaman yaranırdı.

Onlar cahiliyyət dövrünün çox sayda sünnətlərini canlandırdılar. Cahiliyyət dövrünün qiyamı üçün hazırlaşdılar.

Məgər İmam Hüseyn (ə) özünün pik nöqtəsinə çatan bu əqidələri qəbul edə bilərdimi? Məgər onun sükutunu Allah və Peyğəmbər (s) bəyənərdimi?

O, ya gərək susub bu cahiliyyət dövrünün əqidələrini qəbul edərdi, ya da öz pak qanı ilə tarixə yaddan çıxmayan bu hadisəni yazardı. Bəli, İmam (ə) ikinci yolu seçdi. O, ən böyük risalətini yerinə yetirdi. İslam tarixinin yolunu dəyişdirdi. O, Əməvilərin zalım səylərini puç etdi və onlara böyük bir zərbə vurdu. Bəli, bu İmam Hüseyn (ə) qiyamının həqiqi siması idi. Buradan başa düşmək olar ki, bu qiyam niyə tarix boyu yaddan çıxmır. O, bir əsr və bir zamana aid bir məsələ deyildi. Hədəfi cavidandır.

Əziz İmam (ə) – Allah və İslam yolunda, haqq və ədalət yolunda, insanlara nicat vermək yolunda, bəşəri dəyərlərin dirçəldilməsi yolunda şəhid oldu.

Belə bir sual verirlər ki, əgər İmam Hüseyn (ə) qələbə çalıbdırsa, niyə matəm keçiririk? Bu göz yaşı o cür böyük hadisəyə layiqdir. Bu sualı verənlər əzadarlığın fəlsəfəsini bilmirlər.

İnsanın ağlaması dörd cür olur:

1. Şövqə gəlib, ağlamaq. Övladını neçə il bundan qabaq itirmiş və yeni tapmış ananın göz yaşlarıdır. Ya şərlənib tutulmuş, sonradan həbsdən buraxılmış həyat yoldaşını görən arvadın ağlamasıdır. Əsgərlikdən sağ-salamat qayıdan oğlunu qarşılayan atasının kövrəlməsidir. Kərbəla hadisənin bir çox hissələri məhz şövqdən qaynaqlanan göz yaşlarıdır. Bu göz yaşı məğlub olmağa dəlalət edə bilərmi?

2. Sevgi göz yaşları. İnsanın sinəsində yerləşən üzv qəlbdir. Bu qəlb bir çox sevgi bağlarını təcəssüm edir. İnsan soyuq qış günündə anasının qucağında can verən yetimi görən zaman necə göz yaşlarını saxlasın?! Bu qəlbdir, daş deyil. Bir körpənin ata qucağında can verərək, əl-ayaq atmasını müşahidə etmək necə göz yaşlarına mane ola bilər ki? Bu zəiflik əlaməti deyildir, bu qəlbin diri olmasına dəlalət edir.

3. Hədəfə çatmaq göz yaşları. Bəzən göz yaşları hədəfə çatmağın əlamətidir. Bəzən insanlar şüar verir və bu hadisə haqqında şeirlər qoşurlar. Ancaq gözlərindən bir damcı belə yaş gəlmir. Bu, saxta bir sevgidir. O kəs ki, İmam Hüseyn (ə) hadisəsinə həqiqətən ürəkdən yanırsa, bu hadisənin haqqında şeir və ya şüar eşidən zaman göz yaşları axmağa başlayar. Çünki bu göz yaşları qəlbin aynasıdır. Onun sadiq olduğunu göstərir. Bu göz yaşları İmamın (ə) hədəfinə vəfardar olduğunu elan edən göz yaşlarıdır.

4. Zillət və məğlubiyyət göz yaşları. O kəslər ki, öz hədəflərinə çatmamışdır, irəli getmək üçün şücaətləri yoxdur, bu cür göz yaşları tökürlər. Onlar zəif insanlardır. Heç bir zaman İmam (ə) üçün belə göz yaşı tökmə, çünki İmam bu cür göz yaşına nifrət edir.

İmam (ə) üçün əzadarlıq keçirməklə yanaşı İmam Hüseyn (ə) məktəbi və tərəfdaşları ilə tanış olsaq yaxşı olar. O Həzrət (ə) kimi pak yaşamağa və pak düşünməyə və düzgün əməllər etməyə çalışaq.

 

http://sualcavab.ge

 


more post like this