Belə bir sual yaranır: görəsən mümkün ola bilərmi ki, bir insan əsrlər boyu yaşasın? Başqa sözlə, vədə verilən rəhbərin belə bir ömür yaşamasını qəbul etməklə deyə bilərikmi ki, o, hal-hazırda 1140 ildən artıq ömür sürmüşdür, adi bir insan həyatından təqribən 14 dəfə artıq yaşamışdır?!

Bu sualın cavabında qeyd etməliyik ki, mümkünlük dedikdə, aşağıdakı üç mənadan birini başa düşürük:

1-Əməli cəhətdən mümkünlük;

2-Elmi cəhətdən mümkünlük;

3-Məntiqi və ya fəlsəfi cəhətdən mümkünlük;

 

Əməli mümkünlük dedikdə, məqsəd hər hansı bir işin həyata keçməsini elə bir şəkildə mümkün sanmaqdır ki, hamı tərəfindən qəbul edilə bilsin. Məsələn, okeanlara səfər edib onun dərin-liklərinə daxil olmaq, aya səfər etmək və bu kimi digər işlər hal-hazırda əmələn mümkün olan işlər sırasındadır.

Elmi mümkünlük dedikdə, məqsəd budur ki, müəyyən bir iş əməli cəhətdən mümkünlük mərhələsinə çatmayıbdır və müasir elmi texniki tərəqqi onun həyata keçirilməsinə səy göstərir. Eyni zamanda elmi nailiyyətlər və elmi texniki-tərəqqi onun mümkünlüyünü inkar etmir və ya bunun inkarına bir dəlil tapa bilmir.

Misal üçün, insanın Marsa gedib çatması elmi nöqteyi-nəzərdən qeyri-mümkün sayılmır. Onun baş verməsinin inkar edilməsi üçün də heç bir fikir yoxdur, əksinə, elmin hazırkı nailiyyətləri göstərir ki, qeyd olunan kosmik səfər bu vaxta qədər həyata keçməyibsə də, onun nə vaxtsa baş verəcəyinin mümkünlüyündə heç bir şəkk-şübhə yoxdur. Çünki, insanın Marsa və ya Aya çatması astronomik və elmi kosmoloji baxımdan çox az fərqlənir. Yolun uzaqlığı kimi çətinlikləri nəzərə almasaq, Marsa çatmağı elmi nöqteyi-nəzərdən tam mümkün hesab etmək olar. Amma bunun əksinə olaraq, Günəşə getmək əməli cəhətdən əlavə, elmi nəzərdən də qeyri-mümkündür. Çünki elm və təcrübə onun təsəvvür olunmasına heç bir ehtimal vermir. Hətta hərarətə qarşı davamlı olan maddələrin kəşf olunmasını mümkün hesab etsək belə, bu səfərin nə vaxtsa baş tutacağını təsəvvür etmək mümkün deyildir.

Fəlsəfi və ya məntiqi mümkünlük dedikdə, əql, yaxud təcrübi sınaqlar və qanunlar nəzərindən müəyyən bir işin təsəvvür olunması və baş verməsi üçün hər hansı bir maneənin mövcud olmaması, nəticədə əql tərəfindən onun baş verməsinin qeyri-mümkünlüyünə hökm edilməməsi nəzərdə tutulur.

Misal üçün, üç ədəd portağalı heç biri kəsilmədən iki bərabər hissəyə bölmək mümkün deyildir. Çünki əql, əməl və təcrübi baxımdan hökm edir ki, üç tək ədəddir və təkliklərə toxunmadan cüt sayda bölünməz. Üç portağalı iki bərabər hissəyə ayırmaq əqlən mümkün deyildir. Çünki, üçün iki bərabər hissəyə ayrılmasının şərti budur ki, üç eyni zamanda həm tək olsun, həm də cüt. Bu da paradoksdur və məntiq cəhətindən qeyri-mümkün sayılır.

Amma insanın yanmadan od kürəsinin içərisinə getməsi, həmçinin yüksək hərarətə davam gətirməklə günəşə daxil olması məntiqi cəhətdən qeyri-mümkün sayılmır. Çünki, burada heç bir ziddiyyət və paradoks ortaya çıxmır.

Əgər hərarəti çox olan bir cismin istiliyi az olan cisimdə təsir qoymadığını fərz etsək, onda artıq ziddiyyət də aradan getmiş olur. Baxmayaraq ki, bu fərziyyə bizim keçmiş təcrübələrimizin əksinədir. Çünki məlum təcrübələr əsasında temperaturu müxtəlif olan iki cisim bir-birinin yanında yerləşdirilsə, onların arasında enerji mübadiləsi başlayar və nəhayət hər ikisi eyni temperatura gəlib çatar.

Buna əsasən, başa düşürük ki, məntiqi mümkünlüyün dairə və miqyası elmi mümkünlükdən, elmi mümkünlüyün sahəsi də əməli mümkünlükdən daha genişdir.

Şübhə yoxdur ki, məntiqi nəzərdən bir insanın min illərlə yaşaması mümkündür. Çünki bu məsələ əqli nəzərdən qeyri-mümkün sayılmır və belə fərziyyələrdə paradoks da gözə dəymir. Çünki ölümün tez və ya geç gəlib çatması həyatın məna və məfhumunda yerləşməmişdir və belə bir işdə şəkk-şübhə yoxdur. Məlum məsələdir ki, həddən artıq uzun ömürlülük hal-hazırda əməli olaraq mümkün deyildir. Habelə bu, aya, yaxud okeanların dərinliklərinə getmək məsələsi kimi də deyildir ki, insanların ixtiyarında olan vasitələrlə yerinə yetirilsin; Habelə elmi təcrübələr və sınaqlar nəticəsində hasil olan məsələ kimi də deyildir ki, insanın ömrünü yüz illərlə artırsın. Amma elmi nəzərdən bu məsələ ayrı şəkildə aydınlaşdırılır. Qeyd etməliyik ki, bəşərin hazırkı elmi uzun ömürlülüyün mümkün olmasını nəzəri cəhətdən inkar etmir.

Uzun ömür barəsindəki elmi araşdırmalar həqiqətdə fiziologi-yanın qocalıq və zəiflik (insan bədənində olan toxuma və hüceyrələrə aid olan təbii qanunun nəticəsi kimi qocalıq və əldən düşmək) barədə təqdim etdiyi anlayışdan asılıdır. Şəkk yoxdur ki, insan bədəni inkişafın son mərhələsinə çatdıqdan sonra yavaş-yavaş tənəzzülə başlayır və həyatın davam etdirilməsi üçün daha az qüdrətə malik olur. Tədricən başlayan zəifləmə prosesi getdikcə dərinləşir və nəhayət bədən öz fəaliyyətini dayandırır. Görəsən bu qanun hətta hər növ xarici təsirlərdən uzaqda qalan bir bədən barəsində də doğrudurmu? Yoxsa qocalıq və bədən qüvvələrinin işdən düşməsi, bədənin xarici amillərlə mübarizəsinin nəticəsidirmi ki, onlar insanın bədəninə yol tapırlar? Bu sual barəsində müasir elm dərindən maraqlanır və ona cavab verməyə çalışır.

Müasir elmi nailiyyətlər çərçivəsində bu sual dərindən araşdırılmış və ona müxtəlif cavablar verilmişdir. Qeyd olunur ki, əgər qocalıq və zəiflik bədənin xarici amillərlə mübarizəsindən yaranırsa, onda nəzəri cəhətdən mümkündür ki, insan bədənini təşkil edən toxumalar onda təsir qoyan amillərdən uzaqda qalsın, nəticədə insanın ömrü uzun olsun. Amma əgər başqa bir cəhətdən araşdırsaq, bu nəticəyə çatarıq ki, qocalıq bir təbii qanundur və hər bir toxuma və hüceyrənin öz daxilində labüd və qaçınılmaz yoxluq amili gizlənmişdir ki, zamanın keçməsi ilə canlı varlığı istər-istəməz qocalıq və ölümə çatdırır. Məsələni bu baxımdan da araşdırsaq zəruri deyildir ki, bu təbii qanunda heç bir istisna olmasın; əgər belə bir qanun danılmaz və həqiqi surətdə mövcud olarsa, yenə də onda istisna xarakteri daşıyan hal ola bilər. Çünki həm biz öz adi həyatımızda, həm də mütəxəssislər öz elmi təcrübələrində müşahidə edirlər ki, qocalıq bir fizioloji proses və fenomendir və zamanla heç bir rabitəsi yoxdur. Bəzən yaxın, bəzən də uzaq zaman fasiləsi ilə aşkar olur. Bəzi şəxslər yaşlarının ötməsinə baxmayaraq gec qocalır və onlarda qocalıq əlamətləri çox gec müşahidə olunur. Bəzilərində isə bunun tamam əksi aşkar olur. Həkimlər və mütəxəssislər də bu qanunun müstəsna hallara malik olmasını təsdiq edirlər. Hətta alimlərdən bəziləri bir sıra mütəxəssislərin iddiasının xilafını sübuta yetirmiş və dəyişməz hesab olunan bu qanuna istisnalar gətirərək heyvanlardan bəzilərinin ömrünü təbii ömürlərindən bir neçə yüz qat artıra bilmişlər.

Onlar nəzərə çarpacaq müvəffəqiyyətlər əldə etməklə təbii qocalmaq qanununu pozdular və sübut etdilər ki, qocalığın təxirə salınması müəyyən amil və şəraitlərin yaradılması ilə elmi cəhətdən mümkün olan bir işdir. Müasir elmin bu kimi təcrübələri insan üzərində aparmaqda aciz olması yalnız insanın heyvanla müqayisədə daha mürəkkəb quruluşa malik olması ilə əlaqədardır.

Buna əsasən, elm özünün mütərəqqi fəaliyyətləri ilə göstərir ki, nəzəri baxımdan insan ömrünün uzun olmasının mümkünlüyünü inkar etmək üçün heç bir dəlil mövcud deyildir. İstər qocalığı bədənin xarici amillərlə mübarizə aparıb onlardan təsirlənməsinin nəticəsi, istərsə də canlı varlıqlara hakim kəsilən və onları ölümə doğru sürükləyən təbii bir qanunun nəticəsi hesab edək.

Qeyd olunanların nəticəsi kimi həzrət Məhdinin (ə) uzun ömrü barəsində araşdırma aparırıq və bu barədə yaranan suallara cavab veririk. Uzun ömürlülüyün məntiqi və elmi mümkünlüyü aydın olduqdan sonra, habelə elmin bu nəzəriyyəni əməli olaraq həyata keçirmək barədə səy apardığını nəzərə alsaq, təəccüb üçün heç bir yer və dəlil qalmaz. Yeganə bəhanə yeri bu ola bilər ki, Məhdinin (ə) elmində şəkk edək və onun elminin bəşər elmindən irəlidə olmasını qəbul etməyək!

Bəs İslam bu rəhbərin həyat və sağlamlığının qorunub saxlan-masında bəşər elmindən necə qabağa keçə bildi? – deyə soruşsalar, cavabında demək lazımdır:

Bu yeganə hal deyildir ki, İslam bəşər elminin inkişafından qabağa düşmüş olsun; Əksinə çoxlu hallar vardır ki, İslam bəşəriyyətin çata bilmədiyi elmi zirvələri uzun illər bundan öncə fəth etmişdir.

Məgər İslamın şəriət məcmuəsi öz elmi hərəkətində və insani əndişələrin təbii inkişafında misilsiz nailiyyətlər əldə etmə-mişdirmi?!

Məgər bu müqəddəs amal insana düzgün rəhbərlik barəsində möhkəm və tutarlı proqramlar təqdim etməmişdirmi ki, bəşər övladı öz müstəqil hərəkətində yüz illər addımladıqdan sonra o proqramlara çatmağa ləyaqət tapmışdır?!

Məgər İslam düzgün və möhkəm qanunlar gətirməmişdirmi ki, son əsrlərdə o qanunların fəlsəfə və sirlərinin yalnız müəyyən bir hissəsini dərk edə bilsin?!

Məgər İslam Peyğəmbəri (s) yaradılış sirlərini bəyan etmirdimi? Hansı ki, o sirlər heç bir insanın xatirindən silinməmiş və yalnız elmi təkamül yolunu qət etdikdən sonra bunlar isbat olunmuşdur.

Əgər bütün bunlara inanırıqsa, onda İslam şəriətini nazil edən qadir Allahın Məhdinin (ə) elmini zamandan qabağa salmasını necə mümkünsüz hesab edə bilərik?!

Biz burada İslamın elmdən qabağa düşməsinin yalnız bir hissəsini özümüz üçün istinad nöqtəsi seçirik ki, birbaşa onları dərk edə bilək. Mümkündür ki, İslamın qabaqcadan xəbər verdiyi başqa nümunələri də ona əlavə edək ki, hələ bəşər elmi təkamüldə ona çatmamışdır.

Misal üçün, Allah-təala bizi agah etmişdir ki, öz Peyğəmbərini (s) (bir gecədə) Məkkədəki evindən Məscidul-Əqsaya doğru aparmışdır. Bu aparılmanın necəliyini əgər təbii qanunlar çərçi-vəsində araşdırsaq, onun təbiət qanunlarına hakim olan qanunlardan bəhrələndiyini görəcəyik. Belə ki, elm hələ də onun xüsusiyyətlərini araşdıra bilməmişdir. Hətta onun keyfiyyəti və necəliyinin bəyan olunması üçün yüz illərlə vaxt lazımdır.

Allah-təala Peyğəmbəri (s) işıq sürətindən də artıq sürətlə hərəkət etdirmək qüdrətini xəbər vermişdi. Allah-təala əməldə mümkün olmayan belə arzuları Peyğəmbərin (s) axırıncı canişininə müqəddər etmiş və bəşər elmi belə arzulara çatmamışdan əvvəl ona uzun ömür bəxş etmişdir.

Böyük Allah tərəfindən insanların xilaskarına, intizarı çəkilən belə bir şəxsə uzun ömür əta edilməsi bəzi insanlar üçün onun varlığında qəti elm hasil etdikləri sərhədlərdə təəccüblü bir iş kimi görünür. Amma bu rəhbərin dünyanı dəyişdirib yenidən quracağı camaatın qəbul edəcəyi sərhədlər daxilində, həmçinin keçmiş tarixi dəyişikliklərin baş verməsi zamanı təəccüblü deyildimi? Məgər dünyanın dəyişdirilməsi və onun bünövrəsinin yeni mədəniyyət əsasında yenidən qurulması onun öhdəsinə qoyulduğu halda həyatının qeyri-adiliyi böyük bir qəribəlik sayılıb təəccüb doğur-malıdır?!

Bəs nə üçün böyük tapşırığın başlanğıc işləri bizim qəbul edə biləcəyimiz çərçivədən xaricdə olan varlıqlarla qarşılaşdıqda (İmam Zamanın (ə) uzun ömrü kimi) təəccüb edirik? Çünki bu işlərin xüsusiyyətlərindən yaranan təəccüblər o böyük vəzifənin vədə verilən Məhdi (ə) tərəfindən yerinə yetirməsindəki təəccübdən heç də fərqi yoxdur.

İndi əgər bəşər tarixində belə bir nadir işin baş verəcəyini qəbul etsək (halbuki keçmiş insanların tarixində belə bir şey görməmişik) onda nə üçün tarixdə buna oxşar bir şeyi görmədiyimizi bəhanə edərək onun uzun ömrünü qəbul etməyək?

Bəlkə də bu yalnız bəşər tarixində baş vermiş bir təsadüfi iş olsun. Yalnız iki nəfər bəşər mədəniyyətini və tarixini paklaşdırmaq, fəsad və tüğyançılığın kökünü kəsmək, insan cəmiyyətini yenidən qurmaq üçün əmr olunmuşdu. Onların hər ikisi adi bir insanın ömründən on dəfələrlə artıq ömür sürmüşdülər. Birincisi həzrət Nuh (ə) idi ki, öz vəzifəsini keçmişdə yerinə yetirərək başa çatdırmış və Quranın aşkar buyurduğu kimi 950 il öz ümməti arasında təbliğ etmişdir. Nəticədə Nuhun (ə) tufanının ardınca dünya mədəniyyəti yenidən quruldu.

Digəri isə Məhdidir (ə) ki, öz rolunu gələcəkdə ifa edəcəkdir və indiyə qədər öz qövmünün arasında 1000 ildən artıq ömür sürməkdədir. Allahın təqdiri belə olmuşdur ki, o, vədə verilən gündə zühur edib dünyanı yenidən qursun. Bəs necə ola bilər ki, Nuhun (ə) uzun ömürlülüyünü qəbul edək, amma eyni şeyin həzrəti Məhdiyə (ə) aid olunmasında şübhəyə düşək?!

 

Uzun ömürlülük və möcüzə

 

Məlum oldu ki, uzun ömürlülük elmi cəhətdən mümkün bir işdir. Amma burada fərzən, gətirdiyimiz dəlil-sübutları kənara qoyur, elmi nöqteyi-nəzərdən uzun ömürlülük məsələsini qeyri-mümkün, qocalığı isə elə bir qətiyyətli qanun hesab edirik ki, bəşər nə müasir dövrdə, nə də gələcəkdə bu təbii qanuna üstün gəlmək bacarığına malik deyildir. Amma həmin fərzdən alınan nəticə yalnız bu ola bilər ki, yüz illərlə ömür sürmək təbii qanunlarla uyğun gəlmir və bu məsələni elm, müasir texnoloji təcrübələr və statistika təsdiq etmir. Görəsən bundan başqa bir nəticə almaq olmazmı?

Belə olan halda uzun ömürlülük xariquladə hadisə hesab olunmalıdır, yəni Allah-təala belə bir təbii qanunu müəyyən şəraitlərdə təsirdən salır ki, səmavi dəvətin keşikçisini məhv olmaq təhlükəsindən qoruyub saxlasın. Və bu, Quran ayələri və Peyğəmbər sünnətinin aşkar bəyan etdiyi kimi, müsəlmanların möcüzəyə olan etiqadıdır. Bu isə öz növbəsində təbii qanunlardan istisna xarakteri daşıyır və burada təəccübə səbəb olacaq heç bir şey yoxdur. Çünki qocalıq qanunu isti cisimdən soyuq cismə istiliyin nəql olunması və onların hərarətinin bərabərləşməsi qanunundan heç də üstün deyildir. Halbuki bu qanun İbrahimin (ə) həyatını qoruyub saxlamaq üçün təsirdən düşdü. İbrahimi (ə) oda atdıqda onun məhv olunmamasının yeganə yolu yalnız bu qanunun qüvvədən, təsirdən düşməsi idi. Allah-təala tərəfindən oda əmr olundu ki, İbrahim (ə) üçün sərin və sağlamlıq vasitəsi ol!

Odun içərisinə sağlam şəkildə atıldığı kimi, sağlam halda da qırağa çıxdı və ona heç bir zərər və xəsarət dəymədi. Bundan əlavə çoxlu təbii qanunlar peyğəmbərlərə və yer üzündəki ilahi höccətlərə kömək olsun deyə, qüvvədən və təsirdən düşmüşdü. O cümlədən:

Böyük Nil çayı Musa (ə) üçün yarıldı. Romalıların casusu oxşar qiyafəyə düşdü, səhv salındı və İsanın (ə) tutulması təsəvvür olundu, halbuki onu həbs etməmişdilər. Həzrət Muhəmməd (s) Qüreyş kafirlərinin mühasirəsində olan zaman kafirlər pusquda durmuşdular ki, onu tutsunlar, lakin o çıxıb getdi və onu heç kəs görmədi. Çünki Allah istəyirdi ki, öz Peyğəmbərini (s) onların gözündən gizli saxlasın.

Bunların hər biri təbii qanunlardan hər hansı birinin təsirdən düşməsini göstərir ki, bununla Allahın hikməti onların sağ qalmasını və onlar üçün dayaq olmasını göstərir. İndi bu məsələnin, qocalıq qanununun pozulmasının həmin qəbildən olmasının nə kimi iradı vardır?

Keçən bəhslərdən ümumi bir nəticə alaraq demək olar: hərgah Allahın höccətlərindən birinin həyatının qorunub saxlanması, onun işinin davam etdirilməsi və islahatçılıq vəzifəsinin sona çatdırılması zəruri olarsa Allahın lütfü məsələyə müdaxilə edir və onu qoruyub saxlamaq üçün təbii qanunlardan birini təsirdən salır. Bunun əksinə olaraq, onun risaləti və müəyyən olunmuş ilahi vəzifələr sona çatdırılmış olsa, onda həyatın təbii qanunlarına müvafiq olaraq ya təbii ölümlə, ya da şəhadət vasitəsi ilə həyatını başa çatdırır. Burada bir sual qarşıya çıxır ki, görəsən hər hansı bir təbii qanunun təsirdən düşməsi necə mümkün ola bilər? Və təbiət varlıqlarının və hadisələrin arasında olan sabit qanunauyğunluqlar necə pozula bilər?

Sualın cavabında deməliyik ki, təbiət qanunlarının sabit və zəruri olmasını bəyan edən elmin özü bu qanundan bir addım geridədir və məhz bu məsələ yuxarıdakı suallara cavab verir. Təcrübə və müşahidələr bir təbii bağlılığı kəşf edib iki müxtəlif hadisə və varlıq arasında bir növ qanunauyğunluq olduğunu göstərir və bu vəziyyəti təbii qanun adlandıraraq bildirir ki, istənilən vaxt və şəraitdə bu hadisə meydana gəlsə, həmin qanun yenidən təkrarlanacaqdır. Amma heç vaxt bir təbii qanun hadisələrin zatından və dərinliklərindən nəşət tapan zəruri və labüd peyvəndlə bağlanmamışdır, çünki labüd və zəruri olmaq aşkar bir şey deyildir, elmi və təcrübi araşdırmalarla onu zəruri saymaq olmaz. Buna görə də müasir elm və məntiq etiraf edir ki, hər hansı təbii qanunun elm üçün müəyyən bir formada məlum olması heç də labüd bir bağlılığın göstəricisi deyil, sadəcə olaraq iki hadisənin müdavim olaraq bir-birinin ardınca gəlməsini və bir-birinin yanında olmasının təzahürüdür.

Deməli, əgər möcüzə baş verərsə və iki hadisənin arasında olan təbii bağlılıq qırılarsa, deməli bu rabitənin qırılmaması labüd deyildir.

Doğrudan da möcüzənin dini mənası yeni elm və məntiq sayəsində keçmişdəkilərdən daha böyük məna kəsb etmişdir və mədrəsə səhabələrinin səbəb-nəticə arasındakı bağlılıqdan dərk etdiklərindən daha geniş səviyyədə irəli çəkilir.

Qədim alimlərin nəzəriyyələrindən məlum olur ki, əgər iki hadisə biri digərindən sonra baş verirsə, onların arasında labüd və qaçılmaz bir bağlılıq mövcuddur. Labüd dedikdə məqsəd budur ki, o iki hadisə bir-birindən ayrı təsəvvür oluna bilməz. Amma müasir elm məntiqində bu labüd bağlılıq prinsipi öz yerini iki hadisənin bağlılığı, bir-birinin ardınca gəlməsi və yanaşı olması kimi ifadələrlə dəyişmişdir. Amma bu iki hadisənin arasında labüd və qaçılmaz bağlılıq zəruri hesab olunmur. Bununla belə, möcüzə o iki hadisənin həmişə yanaşı gəlməsi zərurətindən istisna xarakteri daşıyır və heç də məntiqdə deyilən labüd proseslərlə qarşılaşmır ki, qeyri-mümkün hesab olunsun.

Müasir elm nəzərindən baxdıqda, habelə istiqranın məntiqi əsaslarını araşdırdıqda anlayırıq ki: İstiqra iki hadisənin arasında labüd zəruri bir bağlılıq üçün dəlil ola bilməz, əksinə bu yalnız o iki hadisənin arasındakı müdavim rabitənin dəlili ola bilər. Halbuki bu müdavim hadisə və bağlılıq ilahi hikmət əsasında iki şeyin arasında yaranmışdır. Başqa sözlə desək, kainatı Yaradanın nəzm hikməti tələb edirdi ki, hadisələr arasında müəyyən bağlılıq müdavim şəkildə olsun və bir-birinin ardınca, yanaşı baş versin. Məhz hikmət əsasında bəzən bu bağlılıq pozulur və Allah hikmət əsasında təbii bir qanunu təşkil edən hadisələrin arasındakı bağlılığı qırmaqla müstəsna şəraiti yaradır və möcüzə göstərir.

 

 

 

http://sualcavab.ge


more post like this