“Əsbabi-nüzul” və ya “şəni-nüzul”u bilməyin əhəmiyyəti haqqında demək lazımdır ki, bildiyimiz kimi Quran tədricən və müxtəlif hadisələr zamanı nazil olmuşdur. Təbii olaraq əgər bir hadisə baş verərdisə, yaxud müsəlmanlar problemlə qarşılaşardılarsa, problemin həlli üçün bir və ya bir neçə ayə, bəzən bir surə nazil olurdu. Məlumdur ki, hər bir hadisə münasibəti ilə nazil olan ayə (ilk növbədə) həmin hadisəyə aiddir. Demək, ayənin mənası ilə bağlı anlaşılmazlıq, yaxud irad meydana gələrsə, həmin hadisəni araşdırmaqla problemi aradan qaldırmaq olar. Nəticədə hər bir ayənin tam mənasını, təfsirini bilmək üçün nazilolma səbəbinə müraciət etmək lazımdır. Nazilolma səbəblərini nəzərə almadan ayə anlaşılmaz olaraq qalacaq. Demək, hər bir ayənin nazilolma səbəbi ayənin dəlalətini təkmilləşdirəcək kontekst rolunu oynaya bilər və təbii ki, o, olmadıqda ayənin dəlaləti tam olmayacaqdır. Misal üçün, “(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir”[1]ayəsi ilə bağlı bir irad mövcüddur ki, Səfa və Mərvə dağları arasında “səy” (yüngül qaçış) həcc və ümrənin rüknlərindən olduğu bir halda nə üçün “heç bir günah yoxdur” ifadəsi işlənilmişdir.
Ayənin zahiri mənası belədir: “Səfa və Mərvə dağları arasında “səy” etməkdə (yüngül qaçışda) heç bir günah yoxdur”. Bu ifadə sözügedən əməlin vacib yox, icazəli olmasını göstərir. Lakin nazilolma səbəbinə müraciət etdikdə məlum olur ki, bu ibarə günah təsəvvürünü aradan qaldırmaq məqsədi daşıyır. Çünki hicri altıncı ildə Hüdeybiyyə sülhündən sonra Peyğəmbər (s) və səhabələrinin ümrə mərasimi üçün Məkkəyə getməsi qərara alındı. Bu razılaşmada müsəlmanların öz ayinlərini sərbəst, rahat həyata keçirmələri üçün müşriklərin üç gün ərzində öz bütlərini Kəbə ətrafından və eləcə də Səfa və Mərvə dağlarının üzərindən yığışdırmaları nəzərdə tutulurdu. Bəzi müsəlmanlar müəyyən səbəblərdən hələ “səy” mərasimini həyata keçirməmişdilər və bütlərin çevrilməsinə baxmayaraq, orada qaldıqları halda Səfa və Mərvə arasında “səy”in günah olduğunu güman edirdilər.
Bu zaman sözügedən ayə nazil oldu ki, müsəlmanlar ibadətdən qalmasınlar. Çünki Səfa və Mərvə arasında qaçış Allahın əlamətlərindəndir, bütlərin orada mövcüd olması isə sonradan meydana gəlmiş haldır və ona ziyan vurmur.[2]
Gördüyünüz kimi ayə nazilolma səbəbinə müraciət etdikdə tam aydın olur və məlum olur ki, burada Səfa və Mərva arasında qaçmağın vacib və ya icazəli olmasından söhbət getmir. Əksinə, yasaq təsəvvürü aradan qaldırılır. Yəni bildirilir ki, bütlərin orada olması “səy” əməlinə mane olmur. Deməli, nazilolma səbəblərini bilmək ayələrin mənasını üzə çıxartmaqda, başa düşməkdə başlıca rola malikdir.[3]
Nazilolma səbəblərini əldə etmək olduqca çətindir. Çünki keçmiş alimlər bu haqda lazımi qədər məlumat verməmişlər. Bu haqda çox az məlumat vardır və bu az bilgi çarə qılmır. Bəlkə də nazilolma səbəbləri ilə bağlı məlumatların yazıya alınmamasına səbəb özlərinin vəziyyətlə tanış olmaları olmuşdur. Buna görə də öz məlumat və müşahidələrini gələcək nəsillər üçün sənəd olaraq qeydə almağa ehtiyac duymamışlar.
Sonradan bu haqda rəvayətlər toplansa da sənəd baxımından (etibar olunmayacaq dərəcədə) zəif rəvayətlər çoxluq təşkil etdi. Bir çox hallarda isə rəvayətlərə qərəzli şəkildə dəxalət edilmişdir. Xüsusilə Bəni-Üməyyə hakimiyyətinin qaranlıq dövrlərində qərəzli məqsədlər üzündən bir çox ayələr uydurma nazilolma səbəbləri ilə təfsir və təvil olundu. İmam Əhməd ibn Hənbəlin bu haqda belə söylədiyi nəql olunur: “Üç şeyin doğru-düzgün əsası yoxdur: İslamın erkən çağları ilə bağlı rəvayətlərin; axirüzzaman fitnələri ilə bağlı rəvayətlərin; Quranın təfsir və təvili ilə bağlı rəvayətlərin”. İmam Bədr əd-Din Zərkeşi bəzi tədqiqatçılardan nəql edir: “Məqsəd bu haqda nəql olunan rəvayətlərin hamısının yox, böyük əksəriyyətinin etibarsız olmasıdır”.[4]
Bu haqda məlumat toplayan ən görkəmli şəxs Əbu əl-Həsən Əli ibn Əhməd Vahidi Nişapuri (vəfat-468) olmuşdur.
Cəlal əd-Din Süyuti (vəfat-911) ona irad tutaraq bildirir ki, zəif rəvayətləri toplamağa vaxt sərf etmişdir. Rəvayətlərin zəif və səhihini bir-birinə qarışdırmışdır. Rəvayətlərin böyük əksəriyyətini Kəlbi və Əbu Saleh vasitəsi ilə İbn Abbasdan nəql etmişdir. Bu, həqiqətən, zəif vasitədir”.[5] Sonradan Süyuti özü də bu haqda “Lübab ən-nüqul” (Nəql olunanların seçilmişləri) adlı kitab yazdı və o özü də rəvayətlərin seçimində zəif rəvayətlərdən amanda qala bilmədi. Misal üçün, “(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. (Ya Peyğəmbər! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma!” [6] ayəsi haqqında yazır: “Peyğəmbər (s) Həmzənin cənazəsi üzərində dayandı, Onu acınacaqlı vəziyyətdə görüb buyurdu: “Mütləq onların yetmiş nəfərinin başına sənin başına gətirdiklərini gətirəcəyəm (qulaqlarını, burunlarını kəsəcək, qarınlarını yırtacağam)”. Bu zaman Cəbrail sözügedən ayələri nazil edib onu bu işdən çəkindirdi.[7] Halbuki “Nəhl” surəsi Məkkə surələrindəndir. Hicrətin dördüncü ilində Mədinədə baş vermiş Ühüd döyüşündən illər öncə nazil olmuşdur. Bundan başqa, bu növ ədalətsiz düşüncə İslam dinin tərbiyə etdiyi, həyatı boyunca daim ədalət və insaf yolunu tutan Peyğəmbərin (s) uca məqamından uzaqdır. Sözügedən ayə Məkkədə, müsəlmanlar kafirlər tərəfindən işkəncəyə məruz qaldıqda nazil olmuş, onlara həddi aşmamağı, daha yaxşısı səbirli olmaq olduğunu bildirmişdir.[8]
SƏBƏBI-NÜZUL, YOXSA ŞƏNI-NÜZUL?
Bu iki ibarənin nə fərqi var? Əksər təfsirçilər bu iki anlayış arasında heç bir fərq qoymamış, ayə və ya bir neçə ayənin nazil olmasını gərəkdirən vəziyyətə bəzən səbəbi-nüzul, bəzənsə şəni-nüzul demişlər. Halbuki bu iki ibarə arasıda fərq var. Fərq bundadır ki, şəni-nüzul səbəbi-nüzuldan daha geniş məna ifadə edir. Belə ki, bir hadisə münasibəti ilə bir şəxs və ya hadisə haqqında istər keçmişdə, istər indiki zamanda, istərsə də gələcəkyə aid olsun, yaxud şəriət hökmləri barəsində nazil olmuş ayə və ya ayələrin hamısına “şəni-nüzul” deyilir. Misal üçün, filan ayə peyğəmbərlərin (ə) məsumluğu, yaxud mələklərin məsumluğu haqqında və ya İbrahim (ə), Nuh (ə), Adəm (ə) haqqında nazil olmuşdur, – deyirik. Bütün bunlar ayənin “şəni-nüzulu”dur. Amma səbəbi-nüzul isə ardınca ayə nazil olan hadisədir. Başqa sözlə, o hadisə ayənin nazil olmasına səbəbdir. Buna görə də “şəni-nüzul” daha geniş məna ifadə edir.

[1] “Bəqərə”, 158.

[2] “Təfsiri-Əyyaşi”, c. 1, səh. 70.

[3] Bax: “ət-Təmhid”, c. 1, səh. 243.

[4] “Əl-Bürhan”, c. 2, səh. 156.

[5] Bax: “Lübab ən-nüqul”, c. 1, səh. 11.

[6] “Nəhl”, 126-128.

[7] Bax: “Lübab ən-nüqul”, c. 1, səh. 213.

[8] Bax: “ət-Təmhid”, c. 1, səh. 247-253.

islammektebi.org


more post like this