Nazilolma səbəbləri rəvayət nəqli ilə əldə olunur. Keçmişdə isə çox təəssüf ki, hadisələr qeydə alınmırdı. Bu səbəbdən (eniş səbəbləri ilə bağlı) nəql olunan rəvayətlər etimad olunası deyil. Vahidi “Əsbab ən-nüzul” kitabında yazır: “Ayələrin eniş səbəbləri ilə bağlı bir şey demək icazəli deyil. Bu, yalnız səhih və etibar olunası rəvayətə əsaslandıqda mümkündür. Rəvayət o adamdan nəql olunmalıdır ki, özü o dövrdə baş verənlərin şahidi olmuş olsun. Gümana, əsassız sözlərə dayanaraq söz deyənlərə istinad etmək olmaz”. Sonra İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Düzgün şəkildə bilmədiyiniz halda hədis nəql etməkdən çəkinin. Çünki mənim və Quranın adından yalan danışan cəhənnəm odunda öz yerini hazırlamış olur”. Buna görə də saleh sələflər Quranla bağlı istənilən sözü deməkdən çəkinmişlər. Məhəmməd ibn Sirin deyir: Görkəmli tabei Übeydədən bir ayənin təfsiri haqqında soruşdum. O, dedi: “Quranın hansı yöndə (hansı səbəbdən) nazil olduğunu bilənlər getdilər (vəfat etdilər)”. Yəni nazilolma səbəblərini bilənlər artıq dünyadan köçmüşlər. Vahidi deyir: “Bu dövrdə bu sahədə yalan uyduranlar çoxalmışdır. Buna görə də Quran gerçəklərinə vaqif olmaq üçün ehtiyat yolunu getmək lazımdır.[1] İmam Əhməd ibn Hənbəlin bu haqda fikrini öncə də xatırlatmışdıq. “Üç şeyin əsası yoxdur: döyüşlər, fitnələr və təfsirlə bağlı rəvayətlərin”. Cəlal əd-Din Süyuti bu sahədə malik olduğu bütün gücünü sərf etməsinə baxmayaraq, səhih və zəif də daxil olmaqla 25-dən çox hədis toplaya bilməmişdir.[2] Lakin xoşbəxtlikdən Əhli-beyt (ə) məzhəbində Əhli-beyt (ə) yolu ilə gəlib çıxan düzgün hədislər çoxdur. İndiyədək bu haqda dörd mindən çox rəvayət toplanmışdır.[3]
Bu gün nazilolma səbəblərini əks etdirən qaynaqlar müəyyən həddə etibarlıdır. Bu qaynaqlara misal olaraq Təbərinin “Came əl-bəyan”, Süyutinin “əd-Dürr əl-mənsur”, Təbərinin “Məcmə əl-bəyan”, Şeyx Tusinin “Tibyan” kitabının adını çəkmək olar.
Bunlardan başqa bir sıra kitablar da vardır ki, xüsusi olaraq nazilolma səbəbləri haqqında yazılmışdır. Misal üçün, Vahidinin “Əsbab ən-nüzul”, Süyutinin “Lübab ən-nüzul” və s. Əlbəttə, bu qaynaqlarda səhih və zəif rəvayətlər bir-birinə qarışmışdır. Bu səbəbdən onlara tədqiq gözü ilə yanaşmaq lazımdır. Düzgünü yanlışdan, (xüsusilə ziddiyyətli hədislərdə) aşağıdakı yollarla ayırmaq mümkündür:
1. Rəvayətin sənədi, xüsusilə sənəd silsiləsinin gedib çıxdığı son şəxs etibarlı olmalıdır. Yəni, ya məsum olmalı, ya Abdullah ibn Məsud, Übəyy ibn Kəb və İbn Abbas kimi Qurandan xəbərdar olan, ümmət tərəfindən qəbul olunan etibarlı səhabə olmalı, ya da Səid ibn Cübeyr, Səid ibn Müsəyyib kimi əsla özündən bir şey uydurmayan, yalan deməsinə səbəb olmayan dəyərli tabeilər olmalıdır.
2. Rəvayətlərin mütəvatirliyi və ya çoxlu (vasitələrlə) nəql olunması sübuta yetrilməlidir. Fərqli ibarələrlə olsa belə məzmunu bir olmalı, məzmunu fərqli olduqda isə fərqi aradan qaldırmaq mümkün olmalıdır. Bu halda nəql olunan rəvayətin səhih olması ilə bağlı xatircəmlik yaranır. Misal üçün, qiblənin dəyişilməsi və əlaqəli ayələrin nazilolma səbəbi ilə bağlı rəvayətlər bu qəbildəndir.
3. Ayələrin eniş səbəbləri ilə bağlı rəvayətlər hədisşünaslığa görə “səhih” və ya “həsən” hədis olsa belə qəti olaraq iradı aradan qaldırmalı, anlaşılmazlığı həll etməlidir. Tarixi hadisələrin əksəriyyəti bu qəbildəndir. Yəni bir neçə hadisəni əlaqələndirməklə birinin doğruluğunu üzə çıxarır və qəbul edirik. Əks təqdirdə sənəd baxımından qəbul etmək mümkün deyil. “(Haram ayları) gecikdirmək”lə bağlı ayədə məsələ bundan ibarətdi.
“Tövbə” surəsinin 37-ci ayəsində oxuyuruq: “Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şəbana və ya zilqədə, zilhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən halal, halal olan bir ayı da bəzən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!”
Haram aylarda döyüş yasaq idi. Buna səbəb zilqədə, zilhiccə, məhərrəm və rəcəb aylarında yarımadanın ən ucqar nöqtələrindən ümrə məqsədi ilə Məkkəyə gələnlərin yol təhlükəsizliyini təmin etmək olmuşdur. Lakin ərəb qəbilələrinin güc sahibləri digər qəbilələr üzərində qələbə çalmaq ərəfəsində haram aylardan biri başladıqda o ayın yerini digər aylarla dəyişirdilər. Misal üçün, deyirdilər ki, hələlik şəban ayını qabağa salırıq və bu yolla özlərinə haqq qazandırır, döyüşü davam etdirirdilər. Bu yanlış üsul hicri doqquzuncu ildə bütünlüklə yasaq oldu.[4]
Demək, ayənin nazilolma səbəbi ilə bağlı nəql olunanlar ayənin özü ilə üst-üstə düşür. Digər şahidlər də bunu təsdiq edir və beləcə sənəd baxımından zəif olsa da ayədəki anlaşılmazlığı aradan qaldırır. Digər nümunələri də bu qaydaya uyğun izah etmək olar.

NAZİLOLMA SƏBƏBİNİ NƏQL EDƏNİN ÖZÜNÜN ŞAHİD OLMASI
Nazilolma səbəbini nəql edənin özünün hadisəyə şahid olması şərtdirmi? Əksər alimlər ilk nəql edənin hadisəyə şahid olmasını şərt hesab etmişlər ki, rəvayətin sənədinin hadisə ilə əlaqəsi kəsilməsin və sənəd onadək gedib çıxmış olsun. Vahidi nəql edənin hadisəyə şahid olduğunu şərt hesab edən alimlərdəndir.[5] Lakin başqaları isə nəql edənin nazilolma səbəbini qəti bilməsini yetərli hesab etmiş və hadisə zamanı orada olmasını şərt hesab etməmişlər. Hakim Nişapuri “Elm əl-hədis” kitabında yazır: “Əgər vəhy zamanı yaşayan, Quranın nazil olmasına şahid olan bir səhabə “filan ayə filan hadisə zamanı nazil oldu, – desə, bu, müsnəd hədis kimi qəbul olunur”. Yəni hədis Peyğəmbərdən (s) nəql olunmuş kimi qəbul olunur.[6] Bu versiya daha doğru nəzərə çarpır. Çünki nəql edənin şahid olması şərti ədalətli olması, öz sözlərində doğruçu olması qeydi ilə nəzərdə tutulmur. Burada yalnız onun etibarlılığı əsas götürülür. Buna görə də məsum imamlardan Quranla bağlı nəql olunan rəvayətlər bizim üçün etibarlı və qəbul olunandır.

[1] “Əsbab ən-nüzul”, səh. 4.

[2] Bax: “əl-İtqan”, c. 4, səh. 215-257.

[3] Bu rəvayətlər Bürhan tərəfindən toplanmış və on cilddə çap olunmuşdur.

[4] Bax: “Təfsiri-Təbəri”, c. 5, səh. 29.

[5] “Əsbab ən-nüzul”, c. 4.

[6] “Əl-Müstədrək”, c. 2, səh. 258, 263; “Mərifə ülum əl-hədis”, səh. 19-20.

 

islammektebi.org


more post like this