Surələrin nazilolma ardıcıllığı ilə bağlı əlimizdə çoxlu sayda rəvayətlər mövcuddur ki, elm adamları tərəfindən etimad göstərilmiş, qəbul olunmuşdur. Bu rəvayətlər əsasən İbn Abbasdan nəql olunmuşdur. Buna misal olaraq, İbn Vazih Yəqubi (vəfat-292) kimi şöhrət qazanmış Əhməd ibn Əbu Yəqub Katibin öz tarix əsərində Məhəmməd ibn Saib Kəlbi və Əbu Saleh vasitəsi ilə İbn Abbasdan nəql etdiyi və ya İbn Nədim (vəfat-385) kimi şöhrət qazanmış Məhəmməd ibn İshaq Vərraqın “əl-Fihrist” əsərində nəql etdiyi rəvayəti göstərmək olar.
Bundan başqa, təfsir müəllifi Əllamə Təbərsi öz şeyxi (hədis nəql etdiyi ustadı) Əbu Məhəmməd ibn Nizar Hüseynidən, o da beşinci əsr əllaməsi, böyük hafiz “Şəvahid ət-tənzil” kitabının müəllifi Hakim Həskani kimi şöhrət qazanmış Übeydullah ibn Abdullah ibn Əhməddən, o da İbn Abbasdan “eniş ardıcıllığı” hədisini nəql etmişdir. Həmçinin ustad Əhməd Zahidin “əl-İzah” kitabından da bir rəvayət nəql etmişdir. Quran məsələləri üzrə ilk tədqiqatçı Bədr əd-Din Zərkeşi (vəfat-794) 773-cü ildə qələmə aldığı “əl-Bürhan fi ülum əl-Quran” kitabında “eniş ardıcıllığı” rəvayətlərinə geniş yer vermiş və demişdir: “Bu, Quranın nazilolma (ardıcıllığıdır) və etibarlı (rəvayətçilərdən nəql olunan) rəvayətlər də bunu təsdiq edir”. Dövrünün əllaməsi Cəlal əd-Din Süyuti (vəfat-911) məşhur “əl-İtqan” əsərində bu rəvayətləri bir yerə toplamışdır. O, Əbu əl-Həsən ibn Həssardan məsələ ilə bağlı bir şeir də nəql etmişdir ki, onun “ən-Nasix vəl-mənsux” kitabında öz əksini tapmışdır. Süyuti “eniş ardıcıllığı” hədisini Cabir ibn Zeyddən də nəql etmişdir ki, İbn Abbasın rəvayətinin təkmilləşdiricisi hesab olunur.
Əllamə Təbərsi və digər böyük mütəxəssisləri xatırladırlar ki, surələrin ardıcıllığının qurulması hər bir surənin başlanğıcına nəzərən riayət olunmalıdır. Əgər bir surə bir neçə ayəyədək nazil olsa, sonra başqa bir surənin enişi başlansa, o surə bitdikdən, hətta bir neçə digər surə bitdikdən sonra ilk surənin qalan ayələri nazil olsa, ardıcıllıq hər bir surənin enişinin başlanğıcı ilə əsas götürüləcək. Misal üçün, “Ələq” surəsinin ilk beş ayəsi besətin əvvəlində, digər ayələri isə illər sonra nazil olmuşdur. Habelə “Müzzəmmil”, “Müddəssir” və digər surələrin də enişi bu şəkildə olmuşdur. Bu səbəbdən “Ələq” surəsi ilk nazil olunmuş surə hesab olunur.
Surələrin ardıcıllığı İbn Abbasın rəvayətlərinə və onu təkmilləşdirən Cabir ibn Zeydin çoxsaylı etibarlı nüsxələrin üzündən təshihlə götürülmüş rəvayətinə uyğun olaraq aşağıdakı şəkildədir:

Məkkə surələri (86 surədir)

islammektebi.org


more post like this