Məsələ 1005: On iki iş namazı batil edir. Onlar “mübtilat” (batil edənlər) adlanır.

1. Namazın şərtlərindən birinin pozulması
Əgər namazın gedişində onun düzgünlük şərtlərindən biri pozularsa, namaz batil olar.

2. Dəstəmazın pozulması
Məsələ 1006: Əgər namaz gedişində dəstəmazı batil edən hal yaranarsa, bunun bilərəkdən, səhvən və ya çarəsizlikdən baş verməsindən asılı olmayaraq, namaz batildir. Amma sidik və nəcisini saxlaya bilməyən şəxs dəstəmazın hökmləri haqqında danışılarkən qeyd edilən göstərişlər əsasında addım atmalıdır. İstihazə halında olan qadından gələn qan namazı batil etmir. Bir şərtlə ki, həmin qadın istihazənin hökmlərinə əməl etmiş olsun.
Məsələ 1007: Bir şəxs özündən asılı olmayaraq yatarsa (məsələn, səcdədə yuxuya gedərsə) namazın səcdəsində, ondan sonra və ya şükür səcdəsində yatdığını bilməsə, namazı təzələməlidir.

3. Əlləri qarşıda üst-üstə qoyub (əlləri bağlı) namaz qılmaq
Məsələ 1008: Bir şəxs bə’zi İslam firqələri kimi əlləri bağlı namaz qılarsa, hətta ədəb üçün əlləri üst-üstə və ya əlləri sinəsində namaz qılarsa, həmin firqələrə oxşamasa belə, ehtiyat üçün namazını təzələməlidir. Amma yaddan çıxardığı və ya çarəsiz qaldığı üçün (məsələn, əlini qaşımaq üçün) belə etsə, eybi yoxdur.

4. “Amin” söyləmək
Məsələ 1009: Əgər “Həmd” oxuduqdan sonra “amin” söyləyərsə, vacib ehtiyat budur ki, namazını başa çatdırdıqdan sonra yenidən qılsın. Amma bu sözü səhvən və ya təqiyyə üçün deyərsə, eybi yoxdur.

5. Arxası qibləyə namaz qılmaq
Məsələ 1010: Bir şəxs arxası qibləyə dayanmış vəziyyətdə və ya tam sola, ya da sağa dönmüş halda namaz qılarsa, namazı batildir. Bu halın bilərəkdən və ya unutqanlıqdan yaranmasının fərqi yoxdur. Eləcə də, bilərəkdən o qədər dönərsə ki, üzü qibləyə olmadığı söylənilsin, namazı batildir.
Məsələ 1011: Bilərəkdən və ya səhvən təkcə üzünü tam şəkildə sağa və ya sola çevirsə, vacib ehtiyat budur ki, namazını təzələsin. Amma üzünü azca çevirsə, belə ki, qiblədən çıxmamış olsa, namazı batil deyil.

6. Danışmaq
Məsələ 1012: Əgər namaz qılan şəxs namaz qıldığı vaxt bilərəkdən danışsa, hətta bir cümlə və ya söz söyləsə, dediyi iki hərfdən ibarət olsa belə namazı batildir. Hətta iki hərfdən ibarət söz mə’na daşımasa belə namaz batil olur.
Məsələ 1013: Səhvən və ya unutqanlıq səbəbindən bir söz demək namazı batil etmir.
Məsələ 1014: Əgər namaz gedişində bir hərfdən ibarət mə’na daşıyan söz deyilsə və bu mə’na nəzərdə tutulsa, namaz batildir. Mə’na nəzərdə tutulmasa, amma şəxs bu sözün mə’nasını bilsə, ehtiyat budur ki, namazı təzələsin.
Məsələ 1015: Hətta bilərəkdən öskürmək, ah çəkmək, səbir vurmaq namazı batil etmir. Amma iki hərfdən ibarət olan “ah”, “of” kimi sözlərin bilərəkdən deyilməsi, vacib ehtiyata əsasən, namazı batil edir.
Məsələ 1016: Namazın istənilən bir yerində Allahın zikri, Qur’an və dua oxumaq olar. Əgər Allahı zikr etmək məqsədi ilə “Əllahu əkbər” deyilərsə, eybi yoxdur. Amma bu sözü deyən şəxsin məqsədi ətrafdakılara nəsə anlatmaqdırsa, eybi var. Ərəb dilində olmayan dua və zikrlər söylənilməsinə irad var.
Məsələ 1017: Savab və ya ehtiyat üçün Həmd-surənin ayələrini, rüku və səcdənin zikrlərini, təsbihatı təkrarlamağın eybi yoxdur. Amma bunun səbəbi vasvasılıq olarsa, iradlıdır.
Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər “Əssəlamu ələykə” deyilmişsə, “Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə “salam” deyilmişsə, bu salamın cavabı da təkcə “salam” söyləməkdir.
Məsələ 1019: Təkcə namazda yox, başqa vaxtlarda da salamın cavabını almaq vacib, salam vermək müstəhəbdir. Cavab elə bir şəkildə verilməlidir ki, salama cavab sayılsın. Əgər salamdan sonra fasilə böyük olarsa, verilən cavab salamın cavabı sayılmaz. Əgər namaz qılanın salamı cavab sayılmazsa, bu iş haramdır və cavab vermək vacib deyil.
Məsələ 1020: Namaz qıldığı vaxt verilən salamın cavabını almayan şəxs günaha yol vermişdir. Amma onun namazı düzgündür.
Məsələ 1021: Salamın cavabı elə bir şəkildə verilməlidir ki, salam verən şəxs eşitsin. Amma salam verən şəxs kar olarsa və ya səs-küylü bir şəraitdə salam verərsə, cavabı adi qaydada almaq bəs edər. Ehtiyat budur ki, salam işarə ilə də anladılsın.
Məsələ 1022: Namaz qılan şəxs ona verilmiş salamın cavabını Qur’an ayəsi oxumaq məqsədi ilə yox, cavab məqsədi ilə söyləməlidir.
Məsələ 1023: Namaz qılan şəxsə kişi və ya naməhrəm qadının, hətta yaxşını pisdən seçə bilməyən körpənin salam verməsinin fərqi yoxdur. Salamın cavabını almaq vacibdir.
Məsələ 1024: Əgər salam verənin məqsədi məsxərə və ya zarafatdırsa, eləcə də, salamı düzgün şəkildə vermirsə, onun cavabını almaq vacib deyil. Vacib ehtiyat budur ki, qeyri-müsəlmanın salamını yalnız “salam” və ya “ələykə” şəklində cavablandırsınlar.
Məsələ 1025: Bir şəxs məclisə daxil olub cəmiyyətə salam verərsə, onun cavabını qaytarmaq hamıya vacibdir. Amma bir şəxs salamı alarsa, bəs edər.
Məsələ 1026: Əgər bir qrupa salam verilsə və həmin qrup arasında bir şəxs namaza məşğul olsa, namaz qılan şəxs salamın ona verilib-verilmədiyinə şübhəli olsa, cavab verməməlidir. Amma salamın ona verildiyinə əmin olsa, başqaları cavab verdikdə onun cavab verməsi lazım deyil. Amma məhz ona ünvanlanmış salama cavab verən olmasa, özü cavab verməlidir.
Məsələ 1027: Salam vermək tə’kid olunmuş müstəhəb əməllərdəndir. Ayə və rəvayatlərdə bu barədə xeyli tövsiyə var. Yaxşı olar ki, süvari şəxs piyadaya, ayaq üstə olan oturana, yaşı az olan yaşı çox olana salam versin.
Məsələ 1028: Əgər iki şəxs eyni zamanda bir-birinə salam verərsə, vacib ehtiyat budur ki, salamın hər ikisi cavablandırılsın.
Məsələ 1029: Salama cavab olaraq “salam məndən” söyləmək bəs etmir. Belə bir salam birinci salam kimi sayılır, ehtiyatən, hər iki tərəf salama cavab verməlidir.
Məsələ 1030: Müstəhəbdir ki, salama daha üstün şəkildə cavab verilsin. Bu Məsələ namaz qılana aid deyil. Bir şəxs “salamun ələykum” deyə salam verərsə, cavabında “salamun ələykum və rəhmətullah” söyləmək daha yaxşıdır.

7. Gülüş
Məsələ 1031: Bilərəkdən və bərkdən gülmək namazı batil edir. İxtiyarsız gülüş də belədir. Amma təbəssüm namazı batil etmir. Hətta bilərəkdən təbəssümün eybi yoxdur. Bir şəxs namazda olduğunu unudub səhfən gülərsə, namazı batil olmaz.
Məsələ 1032: İnsan gülüş səsini boğmaq üçün özünü sıxarsa həmin vaxt halı dəyişsə, rəngi qızarsa və bədəni əssə, namaz qılan haldan çıxdıqda namazı batildir. Bu həddə çatmasa eybi yoxdur.

8. Ağlamaq
Məsələ 1033: Hətta ixtiyarsız olaraq ucadan ağlamaq namazı batil edir. Vacib ehtiyata əsasən, səssiz ağlamaq da namazı batil edir. Amma insan Allah qorxusundan, axirətə görə ağlasa nəinki namaz batil olmaz, bu hal üstün və övliyalara məxsus haldır.

9. Namazın formasını pozmaq
Məsələ 1034: Əl çalmaq, atılıb düşmək kimi namazın formasını pozan işlər istər bilərəkdən, istər unutqanlıqdan baş versə, namaz batil olur. Amma namazın formasını pozmayan işlərin eybi yoxdur. Məsələn, əl ilə işarə etmək olar.
Məsələ 1035: Əgər namaz gedişində namaz qılan şəxs o qədər sussa ki, namazın forması pozulsun, namaz batildir. Amma namaz gedişində susan şəxs namazı pozacaq həddə susub-susmadığına şəkk etsə, namazı düzgündür. Eləcə də, bir işin namazın formasını pozmasına şübhə yarandıqda namaz düzgündür.

10. Yemək və içmək
Məsələ 1036: Namazın formasını pozacaq şəkildə yemək və içmək namazı batil edir. Amma ağızda qalmış qida parçasını namaz vaxtı udmaq namazı batil etməz.

11. Şəkk
Məsələ 1037: İki rəkətli və üç rəkətli namazlarda rəkətlərin sayına münasibətdə yaranan şəkk namazı batil edir. Eləcə də, dörd rəkətli namazların birinci və ikinci rəkətində rəkətlərin sayı ilə bağlı şəkk namazı batil edir.

12. Namazın rüknlərini (əsaslarını) artırıb-əskiltmək
Məsələ 1038: Bir şəxs bilərəkdən və ya səhvən namazın rüknlərini artırıb-əskildərsə, məsələn, rüku və səcdələri artırıb-əskildərsə, namaz batil olar. Amma rükn olmayan hissələrin bilmədən artırılıb-əskildilməsi namazı batil etmir. Bu iş bilərəkdən baş versə, məsələn, bir səcdə artırılsa və ya əskildilsə, namaz batil olar.
Məsələ 1039: Əgər namazdan sonra şəkk yaransa ki, namazı batil edən işlərə yol verilib-yoxsa yox, bu şəkkə əhəmiyyət verilmir və namaz düzgündür.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this