Məsələ 682: İnsan namaz vaxtının çatdığına əmin olandan sonra namaza başlaya bilər. Ya da ədalətli bir şəxs namaz vaxtının çatdığını bildirməlidir. Vaxt tanıyan və etibarlı şəxsin azanı da kifayat edər. Əgər başqa yollarla vaxtın çatdığına güclü ehtimal olarsa (istər saatla, istər saatsız) bu bəs edər.
Məsələ 683: Havanın tutqunluğu, zindanda olmaq və ya korluq səbəbindən vaxtın daxil olduğunu müəyyən etmək mümkün deyilsə, güclü ehtimalla namaza başlamaq olar.
Məsələ 684: Yuxarıdakı göstərişlər əsasında namaza başlayan şəxs namazın ortasında vaxtın çatmadığını bilərsə, namazı batildir. Namazı başa çatdırdıqdan sonra da bunu anlayarsa, namazı bütünlüklə vaxtından qabaq qıldığı halda həmin namazı təzələməlidir. Amma namaz arasında və ya namazdan sonra başa düşərsə ki, vaxt daxil olmuşdur, namazı düzgündür.
Məsələ 685: Bir insan diqqətsizlik və ya unutqanlıq səbəbindən vaxtdan xəbər tutmadan namaza başlasa, bu namaz vaxtında qılınmışdırsa düzgündür. Əgər namazı bütünlüklə və ya onun bir hissəsini vaxtından əvvəl qılmışsa, namazı batildir.
Məsələ 686: Namazdan sonra şəkk etsə ki, namazı vaxtında qılmışdır, yoxsa yox, namazı düzgündür. Bir şərtlə ki, namaza başlamazdan öncə vaxtdan xəbərsiz olmasın. Namazın ortasında vaxtın çatmadığına şübhə etsə namazı batildir və vaxt çatdıqdan sonra onu təzələməlidir.
Məsələ 687: Vaxt dar olduqda müstəhəb işlər səbəbindən namazın vacib bir hissəsi vaxtından sonraya düşərsə, müstəhəb işləri tərk etmək lazımdır (qunut və iqamə kimi müstəhəblər).
Məsələ 688: Əgər bir şəxsin bir rəkətlik vaxtı qalmışsa, bütün namazı əda, yə’ni “vaxtında” niyyəti ilə qılmalıdır. Amma namazı belə bir vaxtadək tə’xirə salmaq haramdır. Əgər qürubadək beş rəkət namaz həddində vaxt qalmışsa, günorta və ikindi namazlarını əda, yəni “vaxtında” niyyəti ilə qılsın. O biri namazlar da bu qayda ilə qılınır.
Məsələ 689: Tə’kid olunmuş müstəhəblərdən biri budur ki, namaz ilk fəzilətli vaxtda qılınsın. Rəvayatlərdə bu barədə tövsiyələr çoxdur. Namaz ilk vaxta nə qədər yaxın olarsa bir o qədər fəzilətlidir.
Məsələ 690: Üzrü olan şəxs əmindirsə ki, son vaxtadək üzrü aradan qalxacaq, səbr etməsi vacibdir. Əgər əmin olsa ki, üzrü qalacaq, səbr etməsi vacib deyil. Amma ehtimal etsə ki, üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, səbr etməlidir.
Məsələ 691: Namaz məsələlərini, şəkk və səhvlərlə bağlı vəzifələrini bilməyən şəxs namazda bu hallarla rastlaşacağını ehtimal edərsə, həmin məsələləri öyrənmək üçün namazı ilk vaxtından tə’xirə salmalıdır. Amma namazı yetərincə qılacağına əmindirsə, onu əvvəl vaxtda qıla bilər.
Məsələ 692: Namazda elə bir şərait yaransa ki, namaz qılan şəxs lazımı hökmü bilməsin, iki yoldan birini seçə bilər. Əgər sonradan mə’lum olsa ki, düzgün hərəkət etməyib, namazını təzələsin. Ehtiyat budur ki, iki yoldan düzgünlüyünə daha çox ehtimal ediləni seçilsin.
Məsələ 693: Bir şəxs məscidin murdarlandığını görərsə, yaxşı olar ki, əvvəlcə məscidi təmizləsin, sonra namazını qılsın. Əgər borc sahibi borcunu tələb etsə, yaxşı olar ki, əvvəlcə onun borcu verilsin. Namaz və onun müqəddimələri çox vaxt tələb edərsə, əvvəlcə məscidi təmizləmək, eyni zamanda borc sahibinin borcunu ödəmək, sonra namazı qılmaq lazımdır. Bu göstərişə əməl etməsə, günaha yol vermişdir, amma namazı düzgündür. Vaxt dar olduqda öncə namaz qılınmalıdır.
Məsələ 694: Beş namazdan hər birini öz vaxtında qılmaq müstəhəbdir. Namazların öz vaxtında qılınması daha fəzilətlidir. Yalnız nafilə və ya tə’qibat həddində ara vermək bəs etmir. Me’yar fəzilətli vaxtdır.
Məsələ 695: Günorta namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin onun öz uzunluğuna çatdığı vaxta qədərdir. İkindi namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin öz uzunluğuna çatdığı vaxtdan kölgənin iki çubuq bərabərinə çatdığı vaxta qədərdir. Şam namazının fəzilətli vaxtı qürubdan üfüq qızartısının gözdən itdiyi vaxta qədərdir. İşa namazının fəzilətli vaxtı həmin qızartı gözdən itəndən gecənin üçdə birinədəkdir. Sübh namazının fəzilətli vaxtı birinci fəcr tülusundan hava işıqlananadəkdir.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this