islamic mənbələri

    1. home

    2. article

    3. Nadanlıq

    Nadanlıq

    Nadanlıq
    Rate this post

     

    386. Nadanlıq.

    1234. İmam Əli (ə):«Nadanlıq  ən böyük dərddir.»[1]

    1235. İmam Əli (ə):«Nadanlıq  dirilərin ölümü və bədbəxtliyin əbədiyyətidir.»[2]

    1236. İmam Əli (ə):«Nadanlıq hər şeyi puç edər.»[3]

    1237. İmam Əli (ə):«Nadanlıq bütün pisliklərin köküdür.»[4]

    1238. İmam Əli (ə):«Hərislik, qarınqululuq və simiclik cahilliyin nəticəsidir.»[5]

    1239. İmam Əskəri (ə):«Nadanlıq insanın düşmənidir.»[6]

     

    387. Nadan.

    1240. Allahın Peyğəmbəri (s):«Allaha itaətsizlik edən kəs, xoşsifət və mənsəb sahibi olsa belə, nadandır.»[7]

    1241. Allahın Peyğəmbəri (s):«Nadanın xüsusiyyətləri bunlardır: Onunla münasibətdə olan hər insana zülm edər, əlinin altında olanlara əl qaldırar, özündən yüksəkdə olanlara qarşı itaətsizlik edər, düşünmədən söz danışar.» [8]

    1242. İmam Əli (ə):«Nadanın öz eyb və nöqsanından xəbəri olmaz, xeyrini istəyənin nəsihətini isə qəbul etməz.»[9]

    1243. İmam Əli (ə):«Nadan zahirən diri olsa da, ölüdür.»[10]

    1244. İmam Əli (ə):«Nadan öz nəfsi istəklərinə və batil düşüncələrinə aldanan kimsədir.»[11]

    1245. İmam Əli (ə):«Elə bir cahil tapmazsan ki, öz işlərində ifrata, ya yüngüllüyə varmasın.»[12]

    1246. İmam Əli (ə):«Həqiqətən, nadan o kəsdir ki, nəfsi istəkləri onu özünə qul etmişdir.»[13]

    1247. İmam Əli (ə):«Nadan öz nəfsinin quludur.» [14]

    1248. İmam Əli (ə):«Nadanın işi ziyana, elmi isə azğınlığa səbəb olar.»[15]

    1249. İmam Əli (ə):«Nadan, məlumatı olmadığı bir şeydə özünü alim hesab edəndir. O, hər məsələdə öz rə‘yi və nəzəri ilə kifayətlənər. Daim alimlərdən uzaq gəzər, onların eybindən danışar və onlara irad tutar. Öz əleyhdarlarının səhv yolda olduqlarını düşünər və başa düşmədiyi şeyi batil hesab edər. Qarşısına çıxan bir mətləbdən anlayışı olmayanda onu inkar edər, yalan hesab edər və öz nadanlığı ucbatından deyər:«Mən belə bir şey tanımıram və güman etmirəm ki, belə bir şey ola bilər. Haradadır həmin şey?» Öz nəzərinə və rəyinə arxalanar, halbuki öz nadanlığından xəbəri yoxdur! Nadanlığına görə daim öz cahilliyindən bəhrələnərək, haqqı inkar edər. Nadanlıqdan səfil qalaraq bilik qazanmaq əvəzinə təkəbbür göstərər.»[16]

    1250. İmam Sadiq (ə):«Nadanın xasiyyətlərindən biri də budur ki, mətləbə axıradək qulaq asmamış cavab verər, öz həmsöhbətinin məqsədini başa düşməmiş ona e‘tirazını bildirər və (mətləbi) dərk etməmiş hökm verər.»[17]

    1251. İmam Hadi (ə):«Nadan öz dilinin əsiridir.»[18]

     

    388. Ən nadan insan.

    1252. İmam Əli (ə):«Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək, pisi yaxşı və xeyirxahı düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana.»[19]

    1253. İmam Əli (ə):«Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir.»[20]

    1254. İmam Əli (ə):«Ən böyük nadanlıq insanın öz məqam və şənindən agah olmamasıdır.» [21]

     

    389. Nadanlıq üçün bu yetər

    1255. İmam Əli (ə):«Ona qadağan edilmiş işi yerinə yetirməsi insana nadanlıq üçün kifayətdir.»[22]

    1256. İmam Əli (ə):«Sənin nadanlığın üçün öz biliyinlə fəxr etməyin yetər.»[23]

    1257. İmam Əli (ə):«İnsanın nadanlığından ötrü öz hədd və imkanını bilməməsi bəs edər.»[24]

    1258. İmam Əli (ə):«Hər bildiyin  şeyi danışma, bu nadanlığın nişanəsidir.»[25]

    1259. İmam Sadiq (ə):«Alimlik üçün Allahdan qorxmağın kifayət edər, nadanlıq üçünsə Allahın əzabından qafil olmağın kifayət edər.»[26]

     

    390. Nadanlığın mənası.

    1260. Allahın Peyğəmbəri (s):«Hər bildiyin şeyi bəyan etmək nadanlıqdandır.»[27]

    1261. İmam Əli (ə):«Dünyadan gördüyün bu qədər əziyyətlərə rəğmən qəlbini dünyaya bağlamağın nadanlıqdır.» [28]

    1262. İmam Əli (ə):«Mümkün olmayan bir şeyi arzulamaq nadanlıqdır.»[29]

    1263. İmam Həsən (ə) nadanlığın izahı haqda atasının sualına cavabında buyurub: «Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir.»[30]

    1264. İmam Sadiq (ə):«Nadanlıq üç şeydədir:  dostu dəyişməkdə, dəlil-sübut olmadan e‘tiraz etməkdə, əhəmiyyətsiz şeylər barədə sorğu və araşdırmaqda.»[31]

    1265. İmam Əskəri (ə):«Təəccüblənmədən gülmək nadanlığın nişanəsidir.»[32]

     

    391. İnsan bilmədiyi şeyin düşmənidir

    1266. İmam Əli (ə):«İnsanlar bilmədikləri şeyin düşmənidir.»[33]

    1267. İmam Əli (ə):«Hər bir kəs bilmədiyi şeyi pisləyər.»[34]

    1268. İmam Əli (ə):«Mən dörd söz söylədim və Allah-taala ayə nazil etməklə mənim sözlərimi təsdiq etdi… Dedim ki, «insan bilmədiyi şeyin düşmənidir.» Allah-taala bu ayəni nazil etdi:«Elmləri çatmadığı şeyi yalan sanarlar.»[35]

    1269. İmam Əli (ə):«Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki elmin əksəriyyəti sizin bilmədiyiniz şeylərdədir.»[36]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     

     



    [1] Ğurərul-Hikəm, hədis 820

    [2] Ğurərul-Hikəm, hədis 1464

    [3] Ğurərul-Hikəm, hədis 930

    [4] Ğurərul-Hikəm, hədis 819

    [5] Ğurərul-Hikəm, hədis 1694

    [6] Əddurətul-Bahirə, səh.44

    [7] Biharul-Ənvar, c.1, səh.160, hədis39

    [8] Tuhəful-Uqul, səh.29

    [9] Ğurərul-Hikəm, hədis 1809

    [10] Ğurərul-Hikəm, hədis 1125

    [11] Ğurərul-Hikəm, hədis 1285

    [12] Nəhcül-Bəlağə, hikmət 70

    [13] Ğurərul-Hikəm, hədis 3864

    [14] Ğurərul-Hikəm, hədis 449

    [15] Ğurərul-Hikəm, hədis 6327

    [16] Tuhəful-Uqul, səh.73

    [17] Əlaməd-Din, səh.303

    [18] Əddurətul-Bahirə, səh.41

    [19] Ğurərul-Hikəm, hədis 3262

    [20] Ğurərul-Hikəm, hədis 6371

    [21] Ğurərul-Hikəm, hədis 2936

    [22] Mətalbus-Suul, səh.55

    [23]  Əmaliyət-Tusi, səh.56, hədis78

    [24] Ğurərul-Hikəm, hədis 7054

    [25] Ğurərul-Hikəm, hədis 10187

    [26] Biharul-Ənvar, c.70, səh.379, hədis2

    [27] Tənbihul-Xəvatir, c.2, səh.122

    [28] Nəhcül-Bəlağə, hikmət 384

    [29] Ğurərul-Hikəm, hədis 5384

    [30] Məani-Əxbar, səh.401, hədis 62

    [31] Tuhəful-Uqul, səh.317

    [32] Tuhəful-Uqul, səh.487

    [33] Mətalbus-Suul, səh.57

    [34] Kəşfül-Ğummə, c.3, səh.137

    [35] Əmali-Tusi, səh.494, hədis1082

    [36] Ğurərul-Hikəm, hədis 10246