«…Həqiqətən, qadınların iman, irs və ağıldan payları azdır…» («Nəhcül-bəlağə», 79-cu xütbə) Qurana əsasən qadın bir insan olaraq, Allahın öz bəndələrinə verdiyi bütün insani keyfiyyətlərə malikdir və kamillik məqamına çatmaqda qadınla kişi arasında heç bir fərq qoyulmayıb. Müsəlman qadınlar öz şəxsiyyətinin belə bir təsvirini «Nəhcül-bəlağə»də aradıqda, barələrində deyilmiş «ağıldan payları az», «imanda zəif», «əqrəb», «şərr» və s. kimi ifadələrlə rastlaşır və onlarda belə bir sual yaranır – həqiqətənmi qadınlar bəndəlik, kamillik məqamına çatmaqda, ağıl və düşüncədə kişilərdən naqisdirlər?! Təəssüf ki, «Nəhcül-bəlağə»nin bu barədə olan şərhləri arasındakı ziddiyyətlər Əlinin (ə) sözlərinin həqiqətini olduğu kimi dərk etməyə imkan verməyib. Şərhçilər «Nəhcül-bəlağə»də qadınlar barəsində olan ifadələri bəzən fəlsəfi dillə, bəzən tarixi, yaxud psixoloji baxımdan əsaslandırmağa çalışsalar da, bu fikirlər arasındakı fərqlər hər dəfə «müsəlman qadın»ın fikri kimi daha artıq dolaşmışdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Əli (ə) ədalətin məzhəridir. Malik Əştəri Misirə vali təyin edərkən O Həzrətin (ə) yazdığı məktub bu günədək öz aktuallığını qoruyan ən kamil, misilsiz hüquqi sənəddir. Məsihi Corc Cordaq Əlinin (ə) ədalət nidası qarşısında diz çökərək «Həqiqi ədaləti ondan öyrənmək lazımdır» – deyir. Mötəzilə əqidəsində olan ibn Əbil Hədid «Nəhcül-bəlağə»yə yazdığı şərhin sonunda Əlinin (ə) nurani kəlamları qarşısında öz acizliyini etiraf edərək deyir: «Vadinin seli axdı-daşdı, amma sona çatmadı, torpağa getdi». İmam Əli (ə) həmin xəlifədir ki, öz hakimiyyəti dövründə müsəlmanların zimməsində yaşayan bir yəhudi qadının ayağında xalxalın qoparıldığını eşitdikdə: «Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə, bu ona ar sayılmaz. Ölüm onun üçün yaşamaqdan daha yaxşıdır» – deyir. İmam Əli (ə) elə bir qadın hüquqlarının müdafiəçisidir ki, onun yanına gəlib öz şəhərinin valisindən şikayət edən qadının şikayətini dinləyib, həmin valini işdən kənarlaşdırır. Bəs, belə bir şəxsin «qadınların məzəmməti» adlı xütbəsi nə ilə izah edilə bilər? Xütbəni araşdırmazdan əvvəl bir neçə məsələyə xüsusi diqqət yetirmək lazımdır: 1. «Nəhcül-bəlağə»nin Quranla olan sıx bağlılığı; 2. Həmin dövrdə baş vermiş tarixi hadisələr; 3. Xütbənin mətninin elmi-məntiqi təhlili; 4. Xütbədə Əlinin (ə) istifadə etdiyi üslub. 1. «Nəhcül-bəlağə»nin Quranla sıx bağlılığı «Nəhcül-bəlağə» Quranla sıx şəkildə bağlıdır. «Nəhcül-bəlağə» Quranın tərcümanıdır. Quran ən ali qanunları ümumi formada təqdim edir, «Nəhcül-bəlağə» isə bu qanunların bir cəmiyyətin, xalqın həyatında əks olunmasından bəhs edir. «Nəhcül-bəlağə» bizə, Quranın cəmiyyətin həyatında necə tətbiq olunmasını öyrədir. «Nəhcül-bəlağə»ni Quranı nəzərə almadan araşdırmaq, bədənə ruhu nəzərə almadan baxmaq kimidir. Buna görə də, «Nəhcül-bəlağə»də qadın şəxsiyyətini və simasını anlamaq üçün Qurana müraciət etmək lazımdır. Quran yaradılışın mahiyyəti baxımından qadınla kişi arasında heç bir fərq qoymur və həqiqətdə onların eyni gövhərdən yaradıldığını bəyan edir. «Nisa» surəsinin ilk ayəsində buyurulur: يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا… «Ey insanlar, sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini də yaradan Rəbbinizdən qorxun…» Bu ayədə «nəfs» dedikdə, insanın zati gövhəri və həqiqəti nəzərdə tutulur. Burada məqsəd insanın ruhu, canı, yaxud bədəni deyil. Beləliklə, ayə bütün insanların – istər qadın olsun, istər kişi – eyni bir gövhərdən yaradıldığını bildirir. Hikmət sahibi olan Allah, xüsusi əhəmiyyətinə görə və hər cür şübhəni zehnlərdən silmək üçün müxtəlif ayələrdə bu məsələyə toxunmuşdur. Quran yalnız bəyanla kifayətlənməyib, qadının insani keyfiyyətlərinin hər biri üçün bir nümunə də göstərmişdir. Qadının həssaslığından və duyğularına tabe olmağından söhbət açmazdan əvvəl, Bilqeysin dərin düşüncəsindən, uzaqgörənliyindən danışır. Onun tədbirini və sözünün nüfuzunu tərifləyir. Qadının zəifliyini düşüncə və əqidə azadlığının olmadığını iddia edənlərin əksinə, qadının əqidə azadlığının ən bariz nümunəsindən – Fironun həyat yoldaşı Asiyədən bəhs edir, onu mədh edir. Quran Şüeybin qızının təfəkkür tərzini, onun atasına verdiyi məsləhəti bəyan edir. Bütün bunlar və buna bənzər ayələr qadının müstəqil düşüncə tərzinə malik olduğunu, ağıl nemətindən bəhrələndiyini göstərir. Demək, Əlinin (ə) qadınlar barəsində işlətdiyi «ağıldan naqis», «imandan naqis» kimi ifadələrinin altında başqa bir mənanın gizləndiyi məlum olur. Bu hədisə aydınlıq gətirmək üçün ilk növbədə «iman»ın tərifini bilməliyik: İmanın bir neçə mənası vardır: 1. Qəlbi etiqad və inama iman deyilir (Amma Həzrət Əlinin (ə) xütbəsində bu məna nəzərdə tutulmur). 2. Şəriətin tələb etdiyi hökmləri yerinə yetirməyə iman deyilir. İnsanın imanı onun əməllərilə ölçülür və əməldə naqislik olarsa, təbii ki, bu imanın zəifliyinə dəlalət edir. Həzrət Əli (ə) də öz xübədində qadın imanının naqisliyi dedikdə, bu mənanı nəzərdə tutmuşdur. Belə ki, xütbənin davamında o Həzrət (ə) belə buyurur: «…İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir…» Yəni qadın öz adət günlərində şəriətdə buyurulan əməlləri yerinə yetirmədiyi üçün onun əməlləri, yəni imanı naqis sayılır. Amma bu naqislik qadın məqamının və şəxsiyyətinin kiçilməsi mənasında deyil və bu dövrdə qadının qəlbindəki iman və etiqadından da bir şey azalmır. Çünki namaz və oruc İlahi əmrə tabe olmamaq məqsədilə tərk edilərsə, itaətsizlik hesab olunur və bu itaətsizlik qəlbi qaraldaraq imanı məhv edir. Amma qadının adət günlərində namaz və orucu tərk etməsi əslində ibadət sayılır. Çünki onun bu günlərdə namaz və orucdan çəkinməsi Allahın öz əmridir və bu, heç də Allahla qadın arasındakı rabitənin qırılması mənasında deyil. Qadın öz adət günlərində şəriətin icazə verdiyi dua, zikr və başqa ibadətlərlə məşğul olaraq, Allahla öz rabitəsini saxlaya bilər. Digər tərəfdən kəmiyyət baxımından qadın kişidən 6 il tez mükəlləf olaraq, kişidən 2190 gün daha artıq Allaha ibadət etmək hüququna malik olur və ilin hər ayında adət olaraq minimum 36 gün, maksimum 120 gün namaz və orucu tərk edir. Bundan əlavə, hamiləlik, süd vermə və yaisəlik dövründə heç bir üzvü olmadan öz ibadətini yerinə yetirir. Bununla da, kişi ilə qadının ömürləri boyu etdiyi ibadətlər bərabərləşir və qadının bu ibadətlərdən qazandığı savab kişinin qazandığı savabdan heç də az olmur. Həzrət Əli (ə) öz xütbəsində imanın ikinci mənasını nəzərdə tutmuş və qadının öz əməllərini naqis yerinə yetirdiyinə işarə etmişdir. ardı var… Kovser.az


more post like this