Hər bir namazı öz fəzilətli vaxtında qılmaq həzrət Peyğəmbər (s) və digər məsum imamlara məxsus xüsusiyyətdir. Onlar adətən beş namazı beş vaxtda qılmışlar. Söhbət ondan gedir ki, namazlar arasında fasilə qoymaq vacibdir, yoxsa müstəhəb? Sünni alimləri bu fikirdədirlər ki, namazlar arasında fasilə qoyulması vacibdir.
Şiə alimləri isə namazın fasilələrlə qılınmasını müstəhəb bilirlər və bu mövqelərində həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərə əsaslanırlar. Onların nəzərincə, hər namazı fəzilətli vaxtında qılmaq müstəhəbdir. Yəni hər namaz fəzilətli vaxtında qılınsa, daha yaxşıdır. Amma hər bir müsəlman zöhr və əsr, məğrib və işa namazlarını ardıcıl da qıla bilər. Namazların ardıcıl qılınması onların eyni vaxtda qılınması demək deyil: Əgər məğrib və işa namazları gün batdıqdan sonra qılınırsa, bu o demək deyil ki, işa namazı vaxtında qılınmamışdır. Axşam düşəndən gecə yarıyadək hər iki namazın vaxtı sayılır. Bir şərtlə ki, işa namazı məğrib namazı qılındıqdan sonra qılınsın. Gün batandan gecə yarıyadək olan zaman fasiləsinin başlanğıcı məğrib, sonu işa namazına məxsusdur. Qalan vaxtlar isə müştərəkdir. Amma müstəhəbdir ki, məğrib namazı gün batandan sonra, işa namazı isə şəfəq itəndən sonra qılınsın. Bu şərtlərə əməl etməyib namazları ardıcıl qılan şəxs müstəhəb bir işi tərk etmişdir.
Namazların ardıcıl qılınmasına əsas varmı?
Şiə fəqihləri bu məsələdə İmam Sadiqdən (ə) nəql olunmuş hədisləri əsas götürürlər. Mərhum şeyx Hürr Amili öz hədis kitabında uyğun rəvayətləri nəql etmişdir.[4897]
Onu da qeyd edək ki, uyğun hədisləri təkcə şiə alimləri nəql etməmişdir. Sünni mənbələrində də uyğun mövzu ilə bağlı hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini nəzərdən keçirək:
1. Tanınmış sünni alimi Əhməd Hənbəl öz kitabında İbn Əbbasdan belə nəql etmişdir: “Həzrət Peyğəmbər heç bir üzür olmadan zöhr və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı..”[4898]
2. Həmin alim Cabir ibn Zeyd vasitəsi ilə İnb Əbbasdan belə nəql edir: “Mən həzrət Peyğəmbərlə səkkiz rəkət zöhr və əsr, yeddi rəkət məğrib və işa namazlarını bir yerdə qılmışam.”
3. Əbdüllah Şəqiqdən belə nəql olunur: “Bir gün İbn-Əbbas xalq üçün xütbə oxuyurdu. Onun söhbəti o qədər uzandı ki, səmada ulduzlar göründü. Bəni-Təmim qəbiləsindən olan bir kişi qalxdı və etirazını bildirdi ki, məğrib namazının vaxtı ötür. İbn Əbbas ona dedi: “Mən Peyğəmbərin sünnəsi ilə daha yaxından tanışam. Görmüşəm ki, Peyğəmbər zöhr və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı.” Rəvayətçi deyir ki, mən bu məsələdə şübhəyə düşdüm və əhvalatı Əbu Hüreyrəyə dedim. O, İbn Əbbasın dediklərini təsdiqlədi.”[4899]
4. Mötəbər sünni mənbələrindən hesab olunan “Səhihe-Müslim”də uyğun mövzuda İbn Əbbasdan üç, Məaz ibn Cəbəldən bir rəvayət nəql olunmuşdur. Hər dörd hədisdə eyni fikirlər ifadə olunur. Adətən, bu əlavə olunur ki, uyğun məsələ ilə bağlı sual verildikdə belə bir cavab aldı: “Həzrət öz ümmətinin əziyyətə düşməsini istəmirdi.”[4900] Deyilənlər şiə rəvayətlərində də mövcuddur və İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə həmin nöqtə də qeyd olunmuşdur.
5. Uyğun məsələni təkcə İbn Əbbas və Məaz ibn Cəbəl nəql etməmişdir. Təbərani, Əbdullah ibn Məsuddan belə nəql edir ki, həzrət Peyğəmbər öz ümmətinin əziyyətə düşməməsi üçün zöhr və əsr, məğrib və işa namazlarının ardıcıl qılınmasına icazə vermişdir.[4901]
Eyni mətn Əbdüllah ibn Ömər tərəfindən də nəql olunmuşdur. O deyir: “Peyğəmbər müsafir olmadığı halda iki namazı ardıcıl qıldı ki, ümməti məşəqqətə düşməsin.”[4902]
Sünni mənbələrindən göstərdiyimiz nümunələr bir daha təsdiq edir ki, namazların fəzilətli vaxtda qılınması müstəhəb bir işdir. İnsan şəraitdən asılı olaraq namazlarını həm fəzilətli vaxt, həm də ardıcıl qıla bilər.
Bu gün dünyanın bir çox məntəqələrində həmin müstəhəb əmrə itaət edilməsi insanlar üçün məşəqqət yaradır. Namazın beş vaxtda qılınmasından əziyyət çəkənlər bu ibadətdən uzaqlaşa da bilər. Belə məqamlarda insanları məşəqqətdən qurtarmaq üçün namazın bir yerdə qılınması mümkün sayılmışdır. Bu gün əksər sünni alimləri namazların ardıcıl qılınmasını mümkün saysalar da, öz fikirlərini bildirməkdən çəkinirlər.
[4897] Bax: “Vəsailüş-şiə”, kitabe-səlat, babe-vəqte-nəmaz.”
[4898] “Müsnəd”, c. 1, s. 221.
[4899] “Müsnəd”, c. 1, s. 251.
[4900] “Səhih-Müslüm”, c, 2,s. 151.
[4901] “Şərhe-Məvta Zərqani,” s. 263.
[4902] Kənzül-əmal, s. 242.
NUR-AZ.COM


more post like this