Düzdür ki, Quranda qullarla evlənməyin hökmləri, onlarla məhrəmlik, mükatibə (qulların azadlığı üçün yazılan müqavilə) və s. hökmlər zikr olunmuşdur və bu da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə və islamın əvvəllərində quldarlığın varlığını sübuta yetirir, amma qullarının azad edilməsi üçün islamın çox dəqiq və tənzim olunmuş proqramları vardır ki, nəticə etibarı ilə onların hamısı tədrici şəkildə azad olunur. İslamın bu məsələyə qarşı münasibətini bilmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:
1. İslam dini heç vaxt ilk olaraq quldarlığı icad etməmişdir;
2. İslam keçmişdə qulların əzab-əziyyətli və acınacaqlı taleyinə böyük bir ictimai problem ünvanı ilə yanaşmışdır;
3. İslam qulların azad edilməsi üçün çox dəqiq və müntəzəm bir proqram təqdim etmişdir. Çünki cəmiyyətin yarısını bəzən qullar təşkil edirdi ki, onların nə müstəqil kəsb-ticarətləri var idi, nə də həyat və məişətlərini davam etdirmək üçün vasitələri. Əgər İslam dini ümumi bir fərmanla bütün qulların azad olunmasına göstəriş versəydi, ya onların əksəriyyəti tələf olub aradan gedərdi, ya da böyük sayılı cəmiyyət ac-yalavac və işsiz olar, məhrumiyyət onlara təzyiq göstərər və nəticədə hər yerə hücum edərdilər. Bunun ardınca da cəmiyyətdə qanlı çarpışmalar yaranar və cəmiyyətin nizam-intizamı və ictimai asayişi pozulardı. Buna əsasən İslam çox dəqiq proqramlar tökmüşdür ki, qullar tədrici olaraq azad olunsun və cəmiyyətin ağuşuna qayıtsınlar.
Bu proqramın çoxlu maddələri vardır, o cümlədən:
Birinci maddə: Quldarlığın mənşəyini bağlamaq;
İkinci maddə: Azadlıq qapılarını açmaq;
Üçüncü maddə: Qulların şəxsiyyətinin dirçəldilməsi;
Dördüncü maddə: Qullarla insani rəftar;
Beşinci maddə: İnsan satışının ən pis bir iş olduğunu elan etmək.
İslam rəhbərlərinin ixtiyarında olan kəniz və ya qullar da məhz həmin dəqiq və hikmətli proqramlar əsasında olmuşdur. Onlar qullarla elə gözəl və yüksək səviyyədə rəftar edirdilər ki, çox hallarda qulu azad edən zaman o, imamın evini tərk etməyə razı olmurdu. Bundan əlavə, din rəhbərlərinin qullarla belə gözəl rəftar və davranışı müsəlmanlara bu məsələ ilə əlaqədar çox mühüm bir əməli örnək verirdi ki, quldarlığı aradan aparıb kökünü kəssinlər. NUR-AZ.COM


more post like this