Cavab: Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir. Əvvəla, həqiqəti dildə, başqa sözlə sözdə qəbul etmək hələ həqiqəti sevmək deyildir. Həqiqətə bağlılıq əməldə sübut olunmalıdır. Həqiqəti sevən insan, bu həqiqət onun zərərinə olsa belə, etiraz etməz. Amma sözdə həqiqətdən dəm vuranlar, həqiqət onlara qarşı olduqda bəhanəyə əl atarlar. İkincisi, bəziləri elə güman edirlər ki, həqiqət nisbi anlayışdır. Amma əslində Allah bir olduğu kimi, həqiqət də birdir. Əgər bir tayfa müsəlman, o biri tayfa bütpərəstdirsə, bu o demək deyil ki, həqiqi din ikidir. Əgər nəzərə alsaq ki, dünyada yalnız bir həqiqi din mövcuddur, aydınlaşar ki, bəşəriyyətin böyük bir hissəsi həqiqətdən uzaqdır. Bu barədə Quranda belə buyurulur: «…Peyğəmbər onlara haqq olan Quranla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır»[4187]. «İnsanların əksəriyyəti şükr edən deyil»[4188]. «İnsanların əksəri iman gətirməz»[4189]. «İnsanların əksəri bilməz»[4190]. Bu ayələr uyğun məsələyə Quranın münasibətini açıq-aşkar bəyan edir. Bəs nə üçün əksəriyyət haqqı xoşlamır? Cavab olduqca sadədir: Allahdan çəkinməyib, dünya istəklərinə uyan insan, həqiqətə təslim olmaq iqtidarında deyildir! [4187] «Möminun» surəsi, ayə 70. [4188] «Bəqərə» surəsi, ayə 243. [4189] «Hud» surəsi, ayə 17. [4190] «Əraf» surəsi, ayə 187. NUR-AZ.COM


more post like this