Cavab: İmam Hüseyn (ə) Müaviyənin hakimiyyəti dövrünə təsadüf etmiş on bir illik imamət dövründə (qəməri 49-60) ona çox müqavimət göstərmişdir. İmam öz məktublarından birində Müaviyənin cinayətlərini sadalayır, onun hakimiyyətini müsəlmanlar üçün ən böyük fitnə adlandırır. Həzrət (ə) Müaviyə hökumətinin qanuniliyini sual altına alaraq, ona qarşı cihadı ən yaxşı əməl hesab edir, bu cihadı tərk edənləri tövbəyə çağırır. [4668] Amma İmamın (ə) Müaviyəyə qarşı qiyam qaldırmasının köklərini tanımaq üçün imamın öz sözlərindən əlavə, bəzi tarixi təhlillərə nəzər salmağa məcburuq. Sülh barədə müqavilə İmam Hüseyn (ə) Müaviyənin məktublarına cavablarından birində onun imam Həsənlə (ə) bağladığı sülh müqaviləsini xatırlayır və bu müqaviləyə sədaqətli olduğunu bildirir. Maraqlıdır ki, Müaviyə həmin müqaviləni pozub Kufəyə daxil olduğu halda, nə üçün imam Hüseyn (ə) bu müqaviləni pozmaq istəmir? Əgər Müaviyənin sözlərinə diqqət yetirsək, onun bu müqaviləni pozduğunu hiss etmərik. O deyir: “Mən Həsənə bəzi şeylər vəd etdim.” Müaviyə, güman ki, verdiyi vədləri həmin müqavilənin şərti kimi qəbul etmədiyindən özünü həmin müqaviləyə sadiq bilir. Müaviyənin siyasi şəxsiyyətini imam Hüseynin (ə) siyasi şəxsiyyətindən fərqləndirmək lazımdır. Bu fərq Müaviyə ilə həzrət Əli (ə) arasında da mövcud idi. Müaviyə öz məqsədinə çatmaq üçün hər zaman yalan və hiyləyə əl atmağa hazır olmuşdur. Onun həzrət Əli ilə çarpışmaları dövründə belə hiyləgərliklər çox baş vermişdir. Osmanın qətli bəhanəsi, Təlhə və Zübeyrin qızışdırılması, Süffeyn döyüşündə Quran vərəqlərinin nizələrə sancılması, həzrət Əliyə (ə) tabe şəhərlərə gecə basqınları bu hiylələrin kiçik bir hissəsidir. Amma imam Hüseyn (ə) elə bir məktəbə bağlıdır ki, müvəffəqiyyətə çatmaq üçün istənilən vasitəyə (məsələn, hiyləyə) əl ata bilməz. Həzrət Əli (ə) “mən heç vaxt zülm-sitəmlə qələbə əldə etməyə hazır deyiləm” buyuruğu ilə əqidəsinə işarə edir. [4669] Bəli, məhz bu əqidəyə əsasən, imam Hüseyn (ə) qardaşı imam Həsənin (ə) Müaviyə ilə bağladığı müqabiləni poza bilmir. Həmin dövrün şəraitini də nəzərə almaq lazımdır. Müaviyə həmin vaxtlar Şamdan Yəmənədək ərazini əhatə edən İslam hökumətinin şəriksiz hakimi idi. Bu ərazinin istənilən bir nöqtəsində Müaviyənin siyasəti təbliğ olunurdu. Həzrət Əli ilə çarpışmalar zamanı Osmanın qətlinə səbəb olmuş fitnələrdə özünü günahsız tanıtdıran Müaviyə hətta bu qətlə qarşı çıxır, Şam əhlinə özünü Osmanın müdafiəçisi kimi tanıtdırırdı. İndi isə həzrət Əli (ə) də yox idi və Müaviyə öz istəklərini çox rahat həyata keçirirdi. Belə bir vaxtda imam Hüseyn (ə) müqaviləni pozub qiyam qaldırsaydı, Müaviyə çox rahatlıqla onu xəyanətkar kimi tanıtdırardı. Müaviyə ictimai fikri istədiyi tərəfə döndərə bildiyi bir zamanda imamın səsi xalqın qulağına çatmır, müqaviləni ilkin pozmuş Müaviyəni xalqa tanıtdırmaq üçün göstərilən səylər müvəffəqiyyətsizliyə uğrayırdı. Müaviyənin nüfuzu Həmin dövrdə Müaviyə xalq arasında, xüsusi ilə, şamlıların gözündə çox müsbət bir sima kimi tanınırdı. Müsəlmanlar Müaviyəni peyğəmbər səhabəsi, Peyğəmbərin (s) arvadının qardaşı kimi tanıyır və onun İslamın möhkəmlənməsində (Şam və Dəməşqdə) böyük rola malik olduğunu düşünürdülər. Hakimlik təcrübəsi və yaşının çox olması Müaviyəni imam Həsən (ə) və imam Hüseyndən (ə) daha çox nəzərə çarpdırırdı. Müaviyə imam Həsənə (ə) yazdığı məktublarda daha ləyaqətli olduğunu isbat etmək üçün bu iki xüsusiyyəti xatırladırdı. Bu iki xüsusiyyət Müaviyəyə imam Hüseynə qarşı daha çox manevr imkanları verirdi. Müaviyənin siyasətbazlığı İmam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan sonra Əhli-beytə zərbə vurmaq üçün bütün vasitələrə əl atan, hətta imam Həsənin (ə) şəhadətinə nail olan Müaviyə zahirdə özünü bu ailənin dostu kimi göstərir, onlara tez-tez hədiyyələr göndərirdi. İslam büdcəsindən (beytül-mal) göndərilən bu payları imamlar ona görə qəbul edirdilər ki, bu büdcəyə sahiblik və onun xərci məhz onların haqqı idi. Müaviyənin bu münasibəti o yerə gedib çıxır ki, ölüm astanasında oğlu Yezidə imam Hüseyni (ə) tapşırır, onu qətlə yetirməməyi tapşırır. Belə bir siyasətin səbəbləri aydındır. İmam Həsənlə sülhə nail olmuş Müaviyə öz hökumətini qanuniləşdirmiş, özünü qanuni xəlifə kimi tanıtdırmışdı. O, əlini imamın qanına açıq-aşkar bulaşdırmaqla nüfuzunu itirmək istəmirdi. Əksinə, özünü bu ailəyə yaxın verməklə daha çox nüfuz qazanırdı. Müaviyə imam Həsən (ə) və imam Hüseynə (ə) qiymətli bir hədiyyə göndərərkən onlara minnət qoyaraq belə yazmışdı: “Bilin ki, mən Hindin oğluyam. And olsun Allaha, məndən əvvəl sizə belə hədiyyələr verən olmayıb və məndən sonra da olmayacaq.” İmam Hüseyn (ə) ona belə cavab verir.” And olsun Allaha, nə səndən əvvəl, nə də səndən sonra heç kəs bizim kimi fəzilətli qardaşlara hədiyyə vermək imkanına malik olmayıb və olmayacaq.” [4670] Digər bir tərəfdən Müaviyə tünd rəftarın ciddi reaksiyalara səbəb olacağını bilirdi. İmamlarla kəskin rəftar xalqın diqqətini Peyğəmbər (s) ailəsinə cəlb edər, Müaviyə hökumətinə nifrət yaradardı. Ən əsası Müaviyə həmin vaxt imam Hüseyn (ə) tərəfindən ciddi bir təhlükə hiss etmirdi. Beləcə, öz siyasəti ilə yaranmış mühiti yaşatmağa çalışırdı. Digər bir tərəfdən imam Hüseyn (ə) Müaviyə hökumətinin qeyri-qanuniliyini xalqa çatdırmaq üçün bütün fürsətlərdən faydalanırdı. İmam (ə) Müaviyəyə yazdığı məktublarda onun cinayət və bidətlərini xatırladır, Yezidin canişinliyinə etiraz edirlər. [4671] Əlbəttə, imam gözəl başa düşürdü ki, Müaviyəyə qarşı qiyam onun təbliğatları nəticəsində xalq tərəfindən dəstəklənməyəcək. Mövcud şərait Bir qrup Kufəli imam Həsənin (ə) şəhadətindən sonra dərhal imam Hüseynə (ə) məktub yazıb onun əmrini gözlədiklərini bildirsələr də, imam mərkəzi Şam hökumətinin Kufəyə təsirindən və kufəlilərin həzrət Əli (ə) və imam Həsən (ə) ilə bir zamankı pis rəftarından xəbərdar idi. Belə bir şəraitdə qiyam qaldırmaq az saylı dostları qiyamçı kimi tanıtdırmaq və nəhayətdə məhv edilməkdən başqa nəticə verə bilməzdi. Yezidin hakimiyyəti dövründə isə vəziyyət tamam başqa idi. Nur-az.com


more post like this