Cavab: Əvvəlcə onu qeyd edək ki, imamın Mədinədən çıxmasının səbəbi Yezidin Mədinə hakiminə yazdığı məktub idi. Bu məktubda tələb olunurdu ki, Yezidin bir neçə müxalifindən, eləcə də imam Hüseyndən (ə) beyət alınsın və əks təqdirdə bu şəxslər azad buraxılmasın. Bir sözlə, bu şəxslər qeyd-şərtsiz Yezid hakimiyyətini tanımalı idilər.[4612]
Vəlid ibn Ütbə özxoşuna əlini imamın qanına batırmaq istəməsə də, Mədinədə onu bu işə təhrik edən Mərvan ibn Həkəm kimi quldurlar vardı. Yeziddən məktub alan Vəlid Mərvanla məsləhətləşdiyi zaman Mərvan dedi: “Məncə, dərhal bu adamları Yezidə itaətə vadar etmək lazımdır. Əgər etiraz etsələr, onlar Müaviyənin ölümündən xəbər tutanadək hamısının boynunu vurmalısan.
Çünki onlar Müaviyənin ölüm xəbərini eşidən kimi başlarına adam yığıb müqavimət göstərəcəklər.”
Bu səbəbdən də, müqavimət və qiyam üçün Mədinədə münasib şərait görməyən İmam (ə) şəhəri tərk etmək qərarına gəldi. İmam Hüseynin (ə) Mədinədən çıxarkən oxuduğu Quran ayəsindən məlum olur ki, bu gedişin səbəbi şəhərdəki təhlükədədir. “Musa qorxu içində şəhərdən çıxaraq dedi: Pərvərdigara, məni bu zalım qövmün əlindən qurtar.” [4613]
İmam (ə) Məkkəyə doğru hərəkət etmək qərarına gəldiyi vaxt hələ ki, başqa şəhərlərin əhalisi Müaviyənin ölümündən xəbərsiz idi. Hələ ki, Yezidə qarşı ciddi müxalifət başlamamışdı və İmam (ə) başqa şəhərlərdən, həmçinin Kufədən dəvət almamışdı. İmam (ə) hicrət üçün elə bir yer seçməli idi ki, orada öz baxışlarını rahatca bəyan edə bilsin. Seçiləcək yerdən imamın (ə) mövqeyi bütün İslam ölkələrinə yayılmalı idi.
Məkkə şəhəri hər iki xüsusiyyətə malik idir. Bu şəhərdə asayiş hökm sürürdü. Kəbə bu şəhərdə olduğundan dünyanın hər yerindən müsəlmanlar ümrə və həcc əməllərini yerinə yetirmək üçün buraya axışırdılar. İmam Hüseyn (ə) burada müxtəlif qruplarla görüşüb, öz müxalifətçiliyinin səbəblərini açıqlaya bilər, İslam maarifini yaymaq imkanı qazanardı. Burada Kufə və Bəsrədən olan müsəlmanlarla əlaqə yaratmaq imkanı vardı.
Qəməri tarixi 60-cı il, şəban ayının üçü, cümə axşamı Məkkəyə daxil olan imam zilhəccənin səkkizinədək şəhərdə fəaliyyət göstərdi.[4614]
NUR-AZ.COM


more post like this