İnsan bütün məxluqların ən şərafətlisidir. Allah-taala bütün varlıqları, o cümlədən heyvanları onun üçün xəlq etmişdir ki, onların mənfəətindən istifadə etsin (ətindən yemək, minmək, ağır yükləri daşımaq və sair). Bayramlarda və dini mərasimlərdə heyvan kəsilməsi ilahi göstərişdən qaynaqlanır. Kəsilməyə yararlı olan (qoyun, inək, dəvə və s.) heyvanların bütün zamanlarda malik olduğu dəyərə diqqət yetirməklə onların kəsilməsi və qurbanlıq edilməsi insanın öz sevdiyi maldan keçməsi mənasınadır. Digər tərəfdən, bu işlə ehtiyaclı bəndələrin yeməyə olan ehtiyacı qismən təmin olunur, cəmiyyətin iqtisadiyyatına, xüsusilə zəif təbəqələrə layiqli kömək olur.
Dini bayramlar və mərasimlər insanın Allah-taalanın nemətlərini daha çox xatırlamalı, Ona təşəkkür etməli olduğu zamanlarda daha dəyərli olur. Belə ki, insan bu hallarda özünü Ona yaxınlaşdırmağa çalışır. Bayram şənliklərində və dini mərasimlərdə heyvan kəsilməsinin, qurbanlığın ətinin (Allah yolunda) xüsusilə ehtiyaclılara, imkansızlara, kasıb-küsuba infaq edilməsinin fəlsəfəsi Allaha şükür etmək və Ona yaxınlaşmaqdan ibarətdir. Əlbəttə, İslam bütün bayram şənlikləri üçün heyvan kəsilməsinə dair ümumi göstəriş verməmişdir.

NUR-AZ.COM


more post like this