«Nəhcül-Bəlağə» nədir?

«Nəhc» yol və üslub, «bəlağə» isə sözü çatdırmaq mənasındadır. Ədəbiyyat terminolagiyasında «bəlağət, fəsahətli sözün şəraitə uyğun olması» deməkdir. Yəni «dinləyicinin və ya oxucunun vəziyyətini onun idrak və məlumatının səviyyəsi baxımından nəzərə almaq, həmçinin söz və ya yazının dinləyici və ya oxucuya istənilən təsiri göstərməsi üçün zaman, məkan və digər xüsusiyyətlərə riayət etməkdir.»
«Nəhcül-Bəlağə» İmam Əmirəl-möminin Əli əleyhis-salamın xütbə, moizə, məktub, hikmətli kəlamlar və öyüd-nəsihətləri külliyatına onları toplamış böyük İslam alimi Seyyid Rəzi tərəfindən verilmiş addır. Bundan əvvəl dediyimiz müqəddimədən məlum olduğu kimi, «Nəhcül -Bəlağə»nin içindəkilər Əli əleyhis-salamın kəlam və sözləridir ki, sözlərin ən üstünüdür və Qurani-Kərim və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamından sonra müqəddəs İslam dini maarifi və əqidəsinin ikinci mənbə və sənədidir.

«Nəhcül-Bəlağə» İslam mədəniyyətinin ensiklopediyasıdır ki, onda Allahı tanımaq, mələklər aləmi, dünyanın yaradılışı, insanın təbiəti, ümmətlərin sərgüzəştləri, saleh və ya zalım hökumətlər, dünyanın mahiyyəti, dünyatələblik, dünyatələbliyin aqibəti, Allah övliyalarının mənəvi hərəkət yolu, yaxşı əməl sahiblərinin davranış üsulu, zahidlik, iman və yüzlərlə digər mövzular barəsində söhbətlər açılır. Daha mühümü isə budur ki, həmin mövzular haqq, həqiqət, yəqinlik və inamın son həddinin dayaq nöqtəsi olan bir kəsin dilindən bəyan edilir. Buna görə də onun bəyan, nəzər və düşüncəsi həqiqət axtarışında olan sərgərdan şəxs üçün arxalanmalı yerdir. Amma əsas nöqtə budur ki, İmam əleyhis-salamın bütün bu sözlərdən məqsədi təbiətşünaslıq, zoologiya elmlərini tədris etmək və ya fəlsəfi, tarixi və digər məsələləri başa salmaq deyil. Əli əleyhis-salamın kəlamları bu cür məsələləri irəli sürməkdə Qurani-Kərim kimidir ki, dinləyicinin gözü önündə hiss olunan və ya ağıl ilə dərk edilən şeylərdən bir nümunə qoyur, sonra yavaş-yavaş onu çatmalı olduğu mənzil başına, yəni Allah dərgahına və tək olan Rəbbin hüzuruna aparır.

«Nəhcül-Bəlağə»nin mövzusu barəsində məsələnin qısa şəkildə bəyan edilməsi üçün bu müqəddəs kitabın müasir şərhçilərindən olan böyük əhli-sünnə alimlərindən biri, Misirin keçmiş müftisi Şeyx Məhəmməd Əbduhun sözlərinin bir hisəssini nəql etməklə kifayətlənirik. Şeyx öz müqəddiməsində deyir: “Mən “Nəhcül-Bəlağə”ni oxuyanda, bir ibarədən digər ibarəyə keçəndə düşüncə cövlangahı və bəsirət baxışının dəyişməsini görürdüm. Bəzən özümü nurani və heyrətləndirici kəlmələrə bükülmüş halda pak ruhların ziyarətinə gələn və çirkinliklərdən təmizlənmiş qəlblərdə yurd salan çox yüksək mənalar
aləmində hiss edirdim Cümlə və ibarələr bəzən də belə olurdu ki,
sanki qaşqabaqlı üzlər, bir-birinə qıcanmış dişlər və hücum etməyə hazırlanmış qəzəbli qartalllarla üz-üzəyəm. Bəzən də öz cismani qəlibi ilə heç bir oxşarlığı olmayan nurani bir ağılı görürdüm ki, ilahi karvandan ayrılaraq insan ruhuna qoşulub və onu çirkinlik və vəsvəsələrdən təmizlədikdən sonra ona təbiət aləmindən gözəllik verib və daha sonra özü ilə uca mələklər aləminə aparıb, ilahi nurun saçdığı məkana kimi çatdırıb və Rəbbin müqəddəs dərgahında məskunlaşdırıb. Bəzən də ümmətin valilərinə xitab edərək uca səslə onlara təlim verən, doğru və səhv yolu göstərən, ölkə idarəçiliyinin incəliklərini öyrədən və azğınlıq uçurumuna aparan yol ilə getməkdən çəkindirən bir xətib görürdüm”.

http://sualcavab.ge/


more post like this