Məsələ 2452: “Müzaribə” dedikdə bir fərd və ya qrupun sərmayə yatırması, başqa fərd və ya qrupun bu sərmayə ilə işləməsi nəzərdə tutulur. Bu işin gəliri müqavilə şərtlərinə uyğun olaraq bölünür və hər kəs öz payını götürür.

Məsələ 2453: Müzaribənin qızıl və ya gümüş sikkələri ilə aparılması vacib deyil. İstənilən bir malla müzaribə etmək olar. Eləcə də, şərt deyil ki, ticarət sahəsinə sərmayə yatırılsın. İstehsal sahələrinə də sərmayə yatırmaq olar. Bu əsasla fabrik və zavod səhmlərini alıb onların qazancından istifadə etmək düzgün sayılır.

Məsələ 2454: Müzaribədə iki tərəfin payı faizlə hesablanmaya da bilər. Onlar hansısa bir miqdar müəyyənləşdirə bilərlər. Məsələn, filan sərmayə müqabilində 10 min manat qazanc nəzərdə tutula bilər. Bir şərtlə ki, müzaribənin qazancı tə’yin olunmuş miqdardan artıq olsun. Əgər əskik olarsa, müzaribə düzgün deyil.

Məsələ 2455: Bankların şəxslərin pulu ilə həyata keçirdiyi müzaribədə şər’i qaydalar gözlənilərsə və iş təkcə kağız üzərində getməzsə, belə bir müzaribə düzgündür və onun qazancı halaldır.

Məsələ 2456: Müzaribədə işçinin günahı olmadan zərər yaranarsa, bu zərər sərmayəyə aiddir. Onu işçinin hesabına yazmaq və iki tərəf arasında bölmək olmaz.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this