1. Meyitə təqliddə qalmaq: əməl edilmiş məsələlərdə meyitə təqliddə qalmaq olar. Meyit ə’ləm olmuşsa bu iş vacibdir.
2. Çəpik çalmaq: çəpik çalmağın eybi yoxdur. Amma məscidlərdə və hüseyniyyələrdə bu iş görülməməlidir.
3. Rəqs etmək: yalnız qadın öz əri üçün rəqs edə bilər. Qalan hallarda rəqs edilməsinə irad var.
4. Şahmat: əgər şahmat xalqın nəzərində qumar halından çıxmışsa və idman oyunu kimi tanınırsa, şahmat oynamağın eybi yoxdur.
5. Udub-uduzmadan kart (poker) oynamaq: əgər kart oyunu xalqın nəzərində qumar halından çıxmışsa və əyləncə sayılırsa, udub-uduzmadan bu oyunu oynamağın eybi yoxdur.
6. Saqqalı qırxmaq: ehtiyata əsasən bu işi görməmək lazımdır.
7. Musiqi: eyş-işrət, fəsad məclisinə münasib olan bütün səslər və musiqilər haramdır. Başqa musiqilər isə halal sayılır. Bu musiqiləri fərqləndirmək üçün ürf əhlinə müraciət olunur.
8. Ana əvəzi dayə: bu iş prinsipcə mümkündür. Amma adətən haram baxış və toxunmaqla müşayiət olunduğundan yalnız zəruri hallarda caiz sayılır.
9. Hamiləliyin qarşısının alınması: hamiləliyin qarşısını almaq üçün zərərsiz və şər’i bütün vasitələr kişidə və qadında sonsuzluq yaratmamaqla caizdir. Belə ki, bu vasitələr kişi və qadını birdəfəlik nəsilvermə qabiliyyətindən məhrum etməməlidir. Amma qeyri-şər’i baxış və toxunmaqla müşayiət olunduqda yalnız fərdi və ictimai zərurət səbəbindən mümkün sayılır.
10. Abort: ana üçün mütləq və mühüm bir zərər qorxusu olduqda ilk mərhələdə mümkün sayılır.
11. Cinsiyyətin dəyişdirilməsi: cinsiyyəti dəyişmək prinsipcə mümkündür. Amma bu işdə şər’i müqəddimələrdən istifadə edilməlidir. Yanı bu işdə haram baxış və toxunuş olmamalıdır. Yalnız xəstə həkimə müraciət etdiyi vaxt zəruri həddə caiz sayılır.
12. Bank yatırımlarının hökmü: şər’i qaydalar gözlənilsə, bank məs’ullarına bu şərtlərə riayət olunmaqla vəkalət verilsə halaldır.
13. Silsilə mağazaların aksiyaları: əgər məs’ullara şər’i qaydaları gözləməklə vəkalət verilsə, eybi yoxdur.
14. Televizorda naməhrəm qadınlara baxmaq: bu baxış fəsad və azğınlığa səbəb olmazsa caiz sayılır.
15. Məscid binasının sökülməsi: əgər məscidi tə’mir və genişləndirmək zəruridirsə, bunun eybi yoxdur.
16. Məsciddə istifadəyə yaramayan qab və əşyaların hökmü: əgər məscidin qab-qacaqları və əşyaları həmin məsciddə və ya digər məscidlərdə istifadəyə yararsızdırsa, onları satıb oxşar əşyalar ala bilərlər.
17. Dağılmış məscidin avadanlıqlarının köçürülməsi: əgər bu avadanlıqlar başqa məscidlərdə istifadə oluna bilərsə, onlara verilməlidir, istifadəyə yararsızsa satılmalı, pulu həmin məscidin ehtiyaclarına xərclənməlidir. Bunu başqa məscidlərə də xərcləmək olar.
18. Aylı gecələrdə namaz: namazın aylı və aysız gecədə qılınmasının fərqi yoxdur.
19. Böyük şəhərlərdə namaz və oruc: bu baxımdan böyük və kiçik şəhər arasında mühüm fərq yoxdur. Böyük şəhər dedikdə hər məhəlli müstəqil bir şəhər olan məkan nəzərdə tutulur. Amma Tehran və bu kimi şəhərlər böyük şəhər sayılmır. Bu şəhərlər iqamət və ya vətən məqsədi ilə eyni bir məhəl sayılır.
20. Yerə yapışdırılmış döşənəcəyin paklanması: belə döşənəcək boru xəttindən gələn su ilə paklanır. Onu bir qədər sıxmaq lazımdır. Yaxşı olar ki, ondan ayrılan su bir vasitə ilə toplansın.
21. Təqlid etdiyi mərcə dünyasını dəyişdikdən sonra diri müctəhidə təqlid edənin vəzifəsi: əvvəlcə təqlid etdiyi məsələlərdə həmin müctehidə tabe olmaqda davam edir. İkinci müctehidə təqlid etdiyi məsələlərdə diri müctehidin fətvasına tabe olur.
22. Ayın başa çatmasının sübuta: ayın göründüyü şəhərlərlə eyni və ya yaxın üfüqə malik şəhərlərdə ay görünmüş sayılır. Eləcə də ayın şərq məntəqələrində görünməsi qərb məntəqələri üçün dəlildir.
23. Şəbih (dini hadisələrin səhnələşdirilməsi): şər’i ölçülər pozulmadıqda, müqəddəsliklər təhqir edilmədikdə şəbihə irad yoxdur.
24. Əmək haqqı: burada bank və ya xeyriyyə fondu işçisinə verilən zəhmət haqqı nəzərdə tutulur. Bu qrupdan olanlar hesabların qorunması və digər xidmətlərinə görə zəhmət haqqı alırlar. Belə bir məqsədlə müştəridən alınan əlavə haqq düzgündür.
25. Borc götürmək: şər’i ölçülər həddində əlavə məbləğ ödəməklə bankdan borc götürmək olar və bu sələm sayılmır.
26. Xüms verməyən şəxsin evində dəstəmaz almaq, namaz qılmaq və nə isə yemək: qonaq ev sahibinin evinin və süfrəsində olanların xümsü verilməmiş puldan olduğuna əmin deyilsə, bunlardan istifadə edə bilər. Əgər bunların xümüslü olduğu mə’lumsa, istifadə etdikdən sonra həmin miqdarın xümsünü ehtiyaclı seyidlərə vermək olar. Əgər gücünüz çatmasa, öhdənizə götürün, imkanınız çatanda ödəyin.
27. Günün doğub-doğmadığını bilməyən şəxsin sübh namazında niyyəti: belə bir şəxs namazı vacib namaz və ya əda niyyəti ilə qıla bilər.
28. Cehizin xümsü: adi və ehtiyac duyulan cehizin xümsü yoxdur. Məsələn, qız ərə getmək yaşındasa və cehizi birdəfəyə almaq mümkün deyilsə, tədricən alınan cehizin xümsü yoxdur. Əks təqdirdə cehizə xüms verilməlidir.
29. Anası seyid olanlar: bu qəbil insanlar müəyyən baxımdan seyid, müəyyən baxımdan qeyri-seyid hökmündədir. Onlar xüms götürə bilməzlər, seyidlərə məxsus libasdan istifadə edə bilməzlər. Amma onlarda seyidlik şərafəti var.
30. Əgər qatqılı (müzaf) su o qədər çox olarsa ki, murdar onun bir tərəfinə düşdükdə o biri tərəfinə sirayət etməsin, murdar sayılmır. (Məsələn, böyük bir hovuzun bir tərəfinə murdar düşərsə, o biri tərəfi murdarlanmaz.)
31. Qeyri-şər’i üsulla kəsilən heyvan pakdır. Amma onun ətindən yemək haram sayılır. Demək, qeyri-islami məmləkətlərdən gətirilmiş heyvan dəriləri həmin heyvanın zibh olunduğunu bildiyimiz vaxt pak sayılır.
32. Bir yerdə uzun müddət qalmaq istəyənlər (məsələn, elmi hövzədə təhsil üçün bir neçə il orada qalanlar) həmin yerdə müsafir sayılmır. Onların qaldığı yer onlar üçün vətən hökmündədir və namazlarını tam qılırlar. Belələri 10 gün qalmaq niyyət etməsələr də, müsafir sayılmırlar.
33. Peşəsi səfərə çıxmaq olan (sürücü kimi) şəxslər və ya peşəsi üçün səfər müqəddimə olanlar (tədris üçün bir şəhərdən o biri şəhərə gedənlər) gedib gəldikləri yol 8 fərsəx və ya artıq olarsa, namazlarını tam qılır, ramazan ayının orucunu tuturlar.
34. İlin ehtiyaclarından sayılan ev, xalça kimi şeylər sonradan satıldıqda onların puluna xüms ödənmir. Xüsusi ilə, bu şeylər başqa biri ilə əvəz olunmaq üçün satılırsa.
35. Əgər heyvan maşın vasitəsi ilə şər’i qaydada kəsilərsə, bu iş düzgündür. Belə bir heyvan pak və halaldır.
36. Halal faydaları olan radio, televizor və bu kimi şeylərin alış-satışı caizdir.
37. Əgər balıq tora düşdükdən sonra suda ölərsə, halaldır.
38. Ciddi məqsədi olmayan hiylə əsasında qurulmuş sələm batil və əsassızdır, əlavə məbləğ sələm sayılır. Bə’ziləri arasında adət şəklini alıb ki, birinə borc verir, üstəlik alarkən əvəzində noğul verirlər. Bu kimi işlər batildir.
39. Bir çoxları ev icarəyə götürərkən rəhn adı altında pul verərək icarə haqqını əskildirlər. Bu iş bir halda düzgün, başqa bir halda batildir. Ev icarəyə götürüləndə icarə müqaviləsində şərt kəsilsə ki, ev sahibi müəyyən miqdar borc müqabilində evini girov qoyur, bu iş düzgündür. Amma öncədən borc və rəhn verilsə və icarə haqqı azaldılsa, bu iş haram və batildir.
40. Borcda bir başqasının zamin durması (başqasının borcunu öz öhdəsinə götürməsi) və ya borcunu ödəməyəcəyi təqdirdə bu borcu ödəyəcəyini bildirməsi düzgün və şər’idir.
41. Ölü torpaq sənədləşməklə kiminsə mülkü olmaz. Bu torpağı əkin üçün diriltmək lazımdır.
42. Cəzalandırma təkcə şallaqdan ibarət deyil. Bu işdə maddi cərimələr, həbs, hətta informasiya vasitələrində tanıtdırma kimi tədbirlər də nəzərdə tutulur. Bu cəza növlərindən istənilən biri şər’i hakim tərəfindən seçilir.
43. İslami hicabda libasın növü və rəngi mühüm deyil. Vacib olan budur ki, üz və əldən savayı bütün bədən örtülsün. Amma bədəni örtsə belə, zinətli libaslar geymək olmaz.
44. Həm həqiqi, həm də hüquqi şəxslər mülk sahibi ola bilər. Onların müamilədə tərəf olması qanunidir. Demək, hüquqi şəxs sayılan müəssisələr bə’zilərdən, yə’ni həqiqi şəxslərdən fərqlənmir.
45. Bütün müamilələrdə yazı və imza şifahi müqavilə siğəsini əvəz edə bilər. Amma vacib ehtiyata əsasən, izdivac və boşanmada şifahi də söylənməlidir.
46. Siqaret, tütün mə’mulatları, narkotik maddələrdən istifadə qəti haramdır.
47. Xəstənin həyatını xilas etmək üçün qan alış-verişi halaldır. Amma bədən üzvlərinin köçürülməsində, məsələn, böyrək köçürülməsində ehtiyat budur ki, bədən üzvünə görə yox, onu dəyişməyə icazə üçün pul alınsın. Bu iş o zaman caiz sayılır ki, bədən üzvünü verən şəxs üçün təhlükə olmasın.
48. Mala qiymət tə’yin edilməsində alıcı və satıcı azaddır. Amma bu azadlıq bə’zən fəsada, iqtisadi tarazlığın pozulmasına səbəb olarsa, şər’i hakim özü qiymət tə’yin edə bilər. Şər’i hakimin tə’yin etdiyi qiymət əsas götürülməlidir.
49. İslam məmləkətlərinin müdafiəsi vacibdir. Məmləkətin müdafiəsinə qalxmaq təkcə həmin ölkədə yaşayan müsəlmanlara aid deyil. Əgər hər hansı müsəlman ölkəsi və ya müqəddəsliyə hücum edilmişsə, bütün dünya müsəlmanlarına vacibdir ki, müdafiəyə qalxsınlar.
50. Aylı və aysız gecələrdə sübh azanının vaxtı sabitdir. Vaxtın tə’yinində me’yar üfüqdə işığın görünməsidir. Gecənin aylı olub-olmamasının fərqi yoxdur.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this