Müvəqqəti evlənməyin dini və şəri olmasını Qurani-kərim «Nisa» surəsinin 24-cü ayəsində təsbit edibdir. Bu işdə şiələr sünnilərin müxalifətinə fikir vermirlər, çünki, bu iş Quranda təsbit olunub. Peyğəmbərin (s) və birinci xəlifənin zamanında, eləcə də ikinci xəlifənin xilafətinin bir hissəsində bu qanun qüvvədə idi və ona əməl olunurdu, sonradan ikinci xəlifə onu qadağan etdi. Aydındır ki, Quranın hökmünü təkcə Quran “nəsx” edə bilər (dəyişə bilər) və İslam hökumətinin şəriət hökmləri barəsində nəzər söyləməyə haqqı yoxdur.
Siğədən məqsəd müvəqqəti evlənməkdir və onun İslam nəzərində şəri (dini) olması yuxarıda deyildiyi kimi şübhəsizdir. “Hökmlərin fəlsəfəsi” nöqteyi-nəzərindən talaqın məşruiyyəti (şəxslərin boşanma hüququna malik olması) göstərir ki, evlənmək müvəqqəti də ola bilər. Müvəqqəti evlənmə dəqiq tənzim olmalıdır ki, neqativ halların yaranmasına gətirib çıxarmasın, belə olduqda onu qadağan etməyə heç bir əsas yoxdur.
“Qadının bu işi onu əşya kimi çox rahatlıqla kişinin ixtiyarına verir”— sözü isə əsassız bir iddiadır, çünki qadın məcburiyyət qarşısında yox, öz ixtiyarı ilə bu işi qəbul edir. Bu işdə kişi üçün təsəvvür olan işləri qadın üçün də təsəvvür etmək olar: birlik, ləzzət, uşaq dünyaya gətirmək, ya həyatda olan digər bəhrələr hər iki tərəfdə mövcuddur, deməli iki tərəfdən birinin oyuncaq olmasına sübüt yoxdur.
Bundan əlavə, əgər insan dünyasına geniş və ümumi nəzərlə diqqət etsək, əyani surətdə görərik ki, bəşər aləminin cinsi əlaqəsini daimi nikah ilə məhdud edərək digər yaxınlıqları qeyri-şəri saymaq mümkün deyildir və təkcə daimi nikaha icazə verməklə cinsi istəklərin tam şəkildə təmin olunacağına heç vaxt zəmanət vermək olmaz.
İnkişaf etmiş və inkişafda olan ölkələrin rəsmi dövlətləri heç biri müvəqqəti yaxınlığın və onun genişlənməsinin qarşısını ala bilməyiblər. Böyük şəhərlərin hamısında bu iş üçün aşkar, ya gizli mərkəzlər təşkil olunub. Hər hansı bir məzhəb cinsi əlaqəni evlənmək ilə məhdud edib zinanın qarşısını tamamilə almaq istəyirsə, bu ümumi tələbata qənaətbəxş cavab vermək üçün zinada olan fəsadı aradan qaldıra bilən xüsusi şərtlər çərçivəsində müvəqqəti evlənməni öz qanununda yerləşdirməlidir.
Həzrət Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Əgər ikinci xəlifə müvəqqəti evlənməni (mütəni) qadağan etməsəydi, təkcə yollarını azıb həlakətə doğru gedənlər zina edərdi.” Buradan aydın olur ki, bu işi insani qanunlardan kənar saymaq nə qədər həqiqətdən uzaqdır.
Şübhəsiz ki, insani qanunlar dedikdə İslamdan qabaq olan qədim Roma qanunları və Hammurabi qanunu kimi qədim qanunlar nəzərdə tutulmur, çünki bu qanunlarda qadın ilə heyvan yaxud əsir kimi davranırdılar. Burada insani qanunlardan məqsəd qərb qanunlardır.
Bu gün insan dünyası dedikdə qərb dünyası, bəşəriyyət aləmi dedikdə qərb aləmi və insan dedikdə qərb insanları başa düşülür. Biz burada bu fikrin nə dərəcədə obyektiv olması yaxud təlqin, təqlid və təbliğat nəticəsində formalaşan səhv bir fikir olması barəsində bəhs etmək qəsdində deyilik. Hər halda hazırda bu fikir bütün zehnlərə hakim kəsilib. Amma nəzər salmaq lazımdır ki, özləri ilə fəxr edən bu insanlar evlilik şəraitindən kənarda, nəməhrəm kişilərlə qadınların bir-birinə qarışdığı yerlərdə “insani qanununların ziddinə olan” müvəqqəti nikahın yerinə nəyi qərar veriblər? İnkişaf etmiş ölkələrdə, xüsusilə başqalarından daha sivilizasiyalı sayılan ölkələrdə, qadınlar ilə kişilər, oğlanlar ilə qızlar, kişilər və cavanlar bir-biri ilə nə oyunlardan çıxırlar? Daimi nikahın vasitəsi ilə yaranan çatışmazlığı hansı yolla təmin edirlər? Bu haqda çap olunan sarsıdıcı statistik göstəricilər nəyi çatdırır?


more post like this