Bəzi keçmiş alimlərin əsərlərində deyilir ki, bəzi surələrdə bütöv surənin əksinə olan ayələr var. Yəni əgər surə Məkkə surəsidirsə, onun bəzi ayələri Mədinə ayələridir. Yaxud əgər surə Mədinə surəsidirsə, bəzi ayələri Məkkədə nazil olmuşdur. Lakin bizim tədqiqatlarımız bu fikrin əksini göstərir. Məkkə surələri tam olaraq Məkkə surəsi, Mədinə surələri də tam olaraq Mədinə surələridir8.
Burada qısaca bir neçə nümunəni diqqətinizə çatdırırıq:

Birinci nümunə:
“Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”.
İddiaya görə “Maidə” surəsinin 3-cü ayəsi Peyğəmbərə (s) Ərəfatda nazil olmuşdur9. Lakin bu ehtimal Məkkə və Mədinə surələrini ayıran cəhətin məkan meyarı olmasına əsaslanır. Yəni hicrətdən sonra belə Məkkədə nazil olan surələr Məkkə surələridir dediyimiz zaman bu fikri doğru hesab etmək olar. Halbuki burada meyar hicrət zamanıdır. Məkkə və Mədinə surələri hicrətdən öncə, hicrətdən sonra nazil olan ayələrin təsnifidir.

İkinci nümunə:
“Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi”.
İddiaya görə “Tovbə” surəsinin 113-114-cü ayələri Məkkədə ƏbuTalibin vəfatı zamanı nazil olmuşdur. Halbuki Peyğəmbər (s) ona bağışlanması üçün dua edəcəyini vəd etmişdi.[1]
Təbərsi öz təfsir əsərində qeyd edir ki, Məkkənin fəthindən sonra bir qrup müsəlman Peyğəmbərdən (s) müşrik ata-babalarının bağışlanmasını diləmələri üçün icazə istədilər. O zaman bu ayə nazil oldu və bu işi açıqca yasaq etdi.[2]

Üçüncü nümunə:
“Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir! Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız. (Ya Peyğəmbər!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin”.
İddiaya görə “Yusuf” surəsinin ilk üç ayəsi Mədinə ayələridir. Cəlal əd-Din Süyuti bu nəzəriyyənin əsassız olduğunu bildirir. Lakin qəribə burasıdır ki, Əbu Əbdullah Zəncani onu qəbul etmişdir.[3]
Bu bir neçə ayənin Mədinə ayələri olduğunu əsaslandırarkən deyirlər: Məkkə kafirləri yəhudilərdən Mədinədə Peyğəmbərdən (s) həzrət Yusif (ə) haqqında soruşmalarını istədikdə bu üç ayə nazil oldu.
Əhvalat öncə tam olaraq Məkkədə nazil olduğu bir halda onun müqəddiməsinin Mədinədə nazil olmasının nə mənası var? Ola bilər ki, bunun tam əksi baş vermiş olsun. Yəni yəhudilər Məkkə kafir və müşriklərindən Yusifin (ə) əhvalatı haqqında soruşmalarını istəmişlər. Onlar soruşmuşlar və bu surə nazil olmuşdur.

8 Bax: “ət-Təmhid”, c. 1, səh. 169-237.

9 “Tarixi-Quran”, səh. 27.

[1] “Səhihi-Buxari”, c. 2, səh. 119; c. 6, səh. 87.

[2] “Təfsiri-Təbəri”, c. 5, səh. 76.

[3] Bax: “əl-İtqan”, c. 1, səh. 15; “Tarix əl-Quran”, səh. 28.

 

islammektebi.org


more post like this