Təvəllüd və ailə

İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin Eşqəli məhəlləsində ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi.
Şərafətli Sədr ailəsi şiələrin yeddinci imamı imam həzrət Musa Kazim nəslindən, ələvi seyidləri silsiləsindən sayılır. Bu pak nəsil uzun əsrlər Sədr və Şərəfüddin silsilələri ilə davam etmişdir. Bu nəsildən böyük elmi, siyasi, ictimai şəxsiyyətlər ərsəyə gəlmiş, onların hər biri İran, İraq və Livanda elm və cihad öncülü olmuşdur. Seyid Saleh, Seyid Şərəfüddin imam Musa Sədrin babalarındandır. Bu mücahid alim Hicri-qəməri tarixi 1112-ci ildə Livanın cənubunda Sur şəhərinin tabeçiliyində olan Şəhur kəndində dünyaya göz açmış və orada yaşamışdır. Osmanlı sərkərdə Əhməd Cərrar Cəbəl-Amildə şiə alimlərini qətliam edərkən Seyid Şərəfüddin onunla mübarizəyə qalxmışdır. Cərrarın adamları Seyid Şərəfüddinin Seyid Hibtullah adlı cavan oğlunu onun gözü qarşısında öldürdülər. Seyid Şərəfüddin özü həbs olunub uzun müddət Əkka şəhərində zindanda saxlanıldı. Zindandan çıxan alim İraqa hicrət etdi və Nəcəf şəhərində həmişəlik məskunlaşdı. O, Hicri-qəməri tarixi 1198-ci ildə dünyasını dəyişmişdir.
Seyid Salehin digər bir oğlu Ayətullah Seyid Sədrəddin Sədr (h.q. 1193-1262) öz dövrünün Nəcəf alimlərindən, müctəhidlərindən biri idi. O böyük müctəhid Şeyx Cəfər Kaşiful-Ğitanın qızı ilə evlənmişdi. Seyid Sədrəddin Nəcəfdən İsfahana hicrət etmiş, həmin şəhərdə məskunlaşmışdır. Bu böyük alimin İsfahanda beş oğlu dünyaya gəlmiş və onların hər biri dəyərli alim olmuşdur. Onların kiçiyi Ayətullah Seyid İsmail Sədr idi. O beş yaşında ikən atasını itirir. Seyid İsmaili qardaşı Seyid Məhəmməd, “Ağa Müctəhid” adı ilə tanınmış şəxs himayəyə götürür. O, Seyid İsmailə sərf-nəhv, məntiq və bəyan elmlərini öyrədir. Seyid İsmail on dörd yaşında olarkən qardaşını da itirir. Həmin vaxtdan onun tə’lim-tərbiyəsi ilə Şeyx Məhəmməd Baqir İsfahani adlı alim məşğul olur. Seyid İsmail vaxtı fövtə vermədən təhsilə məşğul olur, qısa bir müddətdə tanınmış din alimlərindən, təqvalı şəxslərdən biri kimi tanınır. O, Hicri-qəməri 1339-cu ildə Kazimeyndə dünyasını dəyişmişdir. Bu böyük müctəhidin dörd oğlu olmuşdur: Seyid Sədrəddin, Seyid Məhəmməd Mehdi, Seyid Heydər, Seyid Məhəmməd Cavad. Bu dörd övladın hər biri Nəcəf və Kazimeyn şəhərinin tanınmış elmi şəxsiyyətlərindən, təqlid mərcələrindən olmuşdur.
Seyid Sədrəddin Sədr, yə’ni İmam Musa Sədrin atası Hicri-qəməri, 1298-ci ildə Kazimeyndə dünyaya gəlmişdir. O, elə həmin şəhərdə də müqəddimə elmləri atasından öyrənmişdir. Sonradan Kərbəlaya getmiş, Şeyx Həsən Kərbəlayinin hüzurunda elmin yüksək dərəcələrinə yiyələnmişdir. Sonra atasının tövsiyəsi ilə Nəcəfə hicrət etmiş, Axund Xorasani və Seyid Kazim Yəzdinin “xaric” dərslərində iştirak etmiş və nəhayət ictihad dərəcəsinə çatmışdır. Bu alim öz dövründə Nəcəfdə mütərəqqi hərəkatlara rəhbərlik etmişdir. Onun adı hələ də İraqın ədəbi hərəkatında hörmətlə yad olunur. Bu şəxs İrana hicrət edib Məşhəddə məskunlaşdıqdan sonra Ayətullah-üzma Hacı Ağa Hüseyni Qumminin qızı ilə evlənmişdir. Qum elmi hövzəsinin tə’sisçisi Şeyx Əbdül Kərim Hairi Yəzdinin də’vəti ilə o Qum şəhərinə hicrət etmiş, mərhum Hairi dünyasını dəyişdikdən sonra Ayətullah Xansari və Ayətullah Höccət ilə birlikdə Qum elmi hövzəsini idarə etmişdir. Mərhum Ayətullah Bürucerdi Quma gəldiyi vaxt böyük alicənablığa malik Ayətullah Sədr xanım Məsumənin hərəmində öz pişnamaz yerini Ayətullah Bürucerdiyə vermişdir. Həmin vaxtdan sonra bir daha orada pişnamaz dayanmamışdır. Ayətullah Seyid Sədrəddin Sədr Qum elmi hövzəsində fiqh, üsul dərslərini tədris etməklə yanaşı şagirdlər tərbiyə etmiş, elmi, mədəni və tibbi xidmətlər göstərmişdir. Bu şəxs məzhəblər arasında vəhdət üçün çalışan öncüllərdən olmuşdur. Bu məqsədlə “Əl-Mehdi” kitabını tərtib etmiş, bütün dəlilləri sünni kitablarından iqtibas etmişdir. Nəhayət, uzun illər fəaliyyətdən sonra Hicri-qəməri 1373-cü ildə dünyasını dəyişmiş, həzrət Məsumənin hərəmi civarında dəfn olunmuşdur.

ceferiler.com


more post like this