Cavab: Quran surələrinin iyirmi doqquzunda müqəttəə hərfləri ilə rastlaşırıq. Adından göründüyü kimi, bu hərflər bir-birindən ayrılmış kimi nəzərə çarpır və vahid bir kəlmənin məfhumunu göstərmir. Amma ondan sonra dərhal Quran və onun əzəməti barəsində söhbət açılır. Bu göstərir ki, bu hərflərlə Quranın əsli arasında müəyyən rabitə vardır. Misal üçün, “Nəml” surəsinin birinci və ikinci ayələrində oxuyuruq: “Ta sin. Bu, Quranın və aşkar bəyan edən kitabın ayələridir.” Başqa nümunələr də mövcuddur. Qurandakı müqəttəə hərfləri həmişə Quranın əsrarəngiz kəlmələrindən hesab olunur. Təfsir alimləri demişlər: Surələrin əvvəllərində gələn isim və onun kimi olan əlifba hərfləri mütəşabeh ayələrdən və sirlərdəndir ki, Quranın o hərflərlə xitab etdiyi kəslərdən başqa kimsə o rəmzlərdən agah deyildir. Yəni yalnız Peyğəmbəri-əkrəm (s.ə.v.v) və ondan sonra pak İmamlar onların sirlərini dərk edə bilərlər. Peyğəmbər (s.ə.v.v) , Əhli-beyt (əleyhissalam) və vəhy xanədanı olan İmamlardan nəql olunan aşağıdakı rəvayətlər müddəamıza canlı şahiddir: 1-Həzrəti Əli əleyhissalam buyurur: “Hər bir kitabın rəmzi vardır, Quranın da rəmzi onun xülasəsi olan əlifba hərfləridir.”[3701] 2-Həzrəti İmam Sadiqdən (əleyhissalam) rəvayət olunmuşdur: “Əlif, Lam, Mim Allahın böyük adlarını göstərən hərflərdir ki, Quranda bir-birindən ayrı yazılmışdır. Hər vaxt Peyğəmbər (s.ə.v.v) və İmamlar o ismi-əzəmi oxusalar, duaları qəbul olunar.”[3702] 3-Həzrəti Əliyyibni Hüseyn (əleyhissalam) buyurur: “Qureyş və yəhudilər Quranı təkzib edib dedilər ki, o, sehrdir. Onu Məhəmməd özündən quraşdırmış və Allahın adı ilə bağlamışdır. Allah onlara elan edərək buyurur ki, “Əlif, lam, mim, zalikəl-kitab” yəni, ey Məhəmməd, sənə nazil etdiyimiz kitab, həmin əlif, lam, mim kimi ayrı-ayrı hərflərdən təşkil olunmuşdur ki, onlar sizin əlifba hərflərinizdir.”[3703] 4-İbni Abbas və İkrimədən nəql olunmuşdur ki, bunlar and hərfləridir. Mütəal Allah onlara and içir və o, Allahın adlarındandır.[3704] Allah-taalanın bu hərflərə and içməsinin səbəbi, bəlkə də onların əhəmiyyət və əzəmətidir. Belə ki, bu hərflərin (əlifba hərflərinin) vasitəsilə haqqın böyüklüyü, cəlalı və yaradılış dünyasının sirləri bəyan olunur. Əvvəldən axıradək olan elmlər, cəmiyyətin idarə olunması, insanların yer üzərində bir-birləri ilə qarşılıqlı ünsiyyət və əlaqələri, həmçinin bəşəriyyətdə mövcud olan hər növ sənətkarlıq, al-ver, ticarət, qarşılıqlı rəftar, nikah, hərbi məsələlər, ictimai qanunlar, hüquqlar və s. hamısı bu hərflərlə bağlıdır. Keçmiş əsrlərdən gələcək nəsillərə ötürülən məlumatlar, hətta ilahi qanunlar, Quran məfhumları və elmlərini bəyan edən bu təfsir özü də məhz həmin hərflərin vasitəsillə müxtəlif dillərdə çap olunmuşdur.[3705] [3701] “Təfsiri-Safi”, 1-ci cild, səh.78 [3702] “Məxzənul-ürəfa”, 1-ci cild, səh.66; “Təfsiri-Safi”, 1-ci cild, səh.77 [3703] “Təfsiri Burhan”, 1-ci cild, səh.54 [3704] “Mənhəcus-sadiqin”, 1-ci cild, səh.126 [3705] “Nurul-Quran fi təfsiril-Quran” kitabından. NUR-AZ.COM


more post like this