Uşaqcanlı, körpənin qəlbinə yatan dayə tapdıqdan sonra ona tapşırmalısınız ki, siz evdən çıxmazdan bir qədər əvvəl sizə gəlsin. Körpənin dayə ilə tanış olması üçün bir saata qədər vaxta ehtiyac var. Dayəliyə tanış adam seçsəniz daha yaxşı olar. Tanış tapılmasa, bir müddət təzə dayə ilə birlikdə uşaqla olun. Qoy, uşaq hiss etsin ki, dayə sizə yaxın adamdır. Ümumiyyətlə, körpə istənilən bir adamla tanış olarkən sizin orada olmağınız daha münasibdir. Ən azı ona görə ki, körpə həmin şəxsdən qorxarsa, siz onu sakitləşdirərsiniz. Unutmayın ki, körpənin hər hansı bir şəxsə münasibəti sizin həmin şəxsə münasibətiniz əsasında formalaşa bilər. Əgər körpə əmin olsa ki, siz müəyyən bir şəxsi bəyənirsiniz, çox ehtimal, o da həmin şəxsi bəyənəcək.
Bəzi valideynlər evdən çıxmağa tam hazırlaşdıqdan sonra dayəni qəbul edib, heç bir tanışlıqsız körpəni ona etibar edirlər. Bu hal sizin körpəniz üçün çox ağrılıdır və o, dayəni birbaşa sevinclə qəbul edə bilmir. Hətta bəzi valideynlər evdən çıxmazdan əvvəl uşağı yatırtmağa çalışırlar ki, o, valideynin gedişini hiss etməsin. Bu çox pis haldır. Əgər körpə siz qayıdanadək oyanıb, evdə yad adam görərsə, çox narahat olar. Körpə elə anlaya bilər ki, yatmaq sizdən ayrılmaq deməkdir. Bu körpə növbəti dəfə yatmaqdan qorxa bilər. Körpənin belə reaksiyası tam məntiqidir və müşahidələr bu həqiqəti təsdiqləyir.


more post like this