İnsanın batinində iki böyük və əzəmətli qüvvə – əql və eşq qoyulmuşdur ki, bunların hər biri insanın həyatında mühüm rol ifa edir. Əql nurlu bir çıraq kimi həyatın enişli-yoxuşlu yollarında işıq saçır. Əql qərizə (instinkt) qəbilindən deyildir; o, insanın daxilində mövcud olan meylləri tənzimləmək, mötədil vəziyyətə salmaq işini öhdəsinə alır və onun işi mühasibədən ibarətdir. Bu kəlmə qərb terminologiyasında tamamilə başqa mənaya işlənir. Bu məfhumda əql yalnız rəqəmlərin, hesablamaların, riyazi əməliyyatların, qazanc və ziyanların məfhumundan başqa bir şey daşımır və insani istəklərin və şəhvətin təmin olunması üçün bir xidmətçiyə çevrilir.
Eşq isə insanın daxilində və təbiətində başqa bir şeyə olan cazibədən və meyldən ibarətdir.
İman qəlbən yəqin edib ürək bağlamaqdan ibarətdir. Onun həqiqi mənada gerçəkləşməsi iki əsas ünsürün gerçəkləşməsinə bağlıdır, yəni eşq və əqlin qane olması ilə müyəssər ola bilər.
Ürək və qəlb camaat arasında və ariflərin terminində əqlin qarşılığında dayanır. Bu mənaya ki, əql dedikdə külli deyil, cüzi əql nəzərdə tutulur. Amma Quran ayələrinə müraciət etməklə aydın olur ki, bu səmavi kitabın terminində qəlb – hüsuli və hüzuri idrakların, həm də insani duyğuların, atifələrin (emosional xislətlərin, ülvi duyğuların) mərkəzi sayılır. Deməli, qəlb deyildikdə məqsəd bitki və heyvanlara məxsus olan həyat deyil, insani həyatın mənşəyi olan insan ruhundan və nəfsindən ibarətdir.
Əqlin müqabilində dayandığı zaman qəlb dedikdə məqsəd insan ruhunun o yönü nəzərdə tutulur ki, şühudi idraklar, hüzuri elmlər, insani duyğular, atifələr (emosional xislətlər), ülvi duyğular və eşq ondan qaynaqlanır.


more post like this