“Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir”

Bəşər tarixində hadisələrin cərəyanı mərkəzində həmişə ədalətlə zülm arasında mübarizə durub. Bütün xalqların müqəddəratı məhz bu mübarizənin nəticəsindən asılı olub. Hansısa millətlər ədalət uğrunda qurbanlar verib və tərəqqiyə nail olub, hansısa millətlər isə zülmə baş əyərək məhv olublar. Həzrət Əlinin (ə) həyatı istər mənəvi, istərsə də ictimai bir rəhbər kimi bu baxımdan olduqca maraqlıdır. Bu sahədə nə qədər tədqiqatlar aparılsa da, Həzrət Peyğəmbərdən (s) sonra müsəlmanların ilahi vilayətə münasibəti məsələsində qaranlıq məqamlar qalmaq- dadır. Şirkin kökünü kəsib Tövhid bayrağını ucaldan, Allah yolunda neçə-nəçə şəhid verən bir ümmət nədənsə Peyğəmbərimizin (s) vəfatından sonra zülm xilafətinə tabe olmağı özünə rəva bildi. Həzrət Əli (ə) məhz bu zaman imamət vəzifəsini icra etməyə başlamasına və məhz bu zaman Əhli-Beytin (ə) müsibətlərə düçar olmasına baxmayaraq, bu hadisələrin kökü Həzrət Rəsuləllahın (s) öz dövrünə gedib çıxır.

Peyğəmbərlə (s) çiyin-çiyinə

İslam dininin zühurundan təqribən 10-13 il əvvəl, Məkkənin Qureyş qəbiləsinin Haşimilər nəslinin böyüyü Həzrət Əbu Talibin (ə) ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Bu körpənin necə anadan olması onun gələcəyinə işarə idi. O, məscidlərin ən üstünü, aləmlərin qibləsi, Allahın evi sayılan müqəddəs Kəbənin içində dünyaya gəldi. Ailəsinin maddi durumu çətin olduğundan, altı yaşında əmisi oğlu Muhəmmədin (s) və onun xanımı Xədicənin (s) evinə köçür, burada onların himayəsi altında yaşayır. Tez-tez əmisi oğlu ilə Hira mağarasına gedər, onunla burada ibadət edərdi. Nəhayət, günlərin biri Muhəmmədlə (s) Hirada olarkən ilk vəhyin şahidi oldu. Elə ilk iman gətirən də özü idi. İlk namazda da Peyğəmbərə (s) qoşulan Əli (ə) ilə Xədicə oldular. Qohumları Peyğəmbərdən (s) üz çevirdiyi zaman ona yalnız əmisi Əbu Talib və əmisi oğlu Əli (ə) dəstək verdi. Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət edərkən müşriklər ona sui-qəsd hazırlamışdı. Mədinədə yeni dinin yayılmasından qorxan müşriklər peyğəmbəri (s) hələ Məkkədə ikən yatağında qətlə yetirmək istəyirdilər. Peyğəmbərin (s) yerinə yatağa uzanan və öz canını Peyğəmbərə (s) görə təhlükəyə atan Əli (ə) oldu. Peyğəmbərin (s) öz sevimli qızı Fatiməyə (s) həyat yoldaşı olmağa və onun nəslini davam etdirməyə yeganə layiqli şəxs də Əli (ə) idi. Xəndək döyüşündə Əmr ibn Əbdəvid adlı ərəb pəhləvana qarşı heç bir müsəlman vuruşmağa cürət belə etmədiyi zaman gənc Əli (ə) onunla meydana təkbətək çıxır, onu məğlub edir və müşriklərin ordusuna ən ağır zərbə endirir. O zaman Cəbrayil (ə) nazil olaraq Allah tərəfdən bu kəlməni buyurdu: “Əlidən başqa qəhrəman yoxdur, Zülfüqardan başqa – qılınc!” Xeybər qalasının fəthini də Allah Əlinin (ə) əli ilə gerçəkləşdirdi. Əlinin bir zərbəsini bütün insan və cinlərin qiyamətədək edəcəkləri ibadətdən üstün tutan Allah, Mübahilə hadisəsində Rəsuləllaha (s) ümmətin ən fəzilətli şəxslərini özü ilə müşriklərin qarşısına aparmağı əmr edərkən Əlini (ə) və onun ailəsini nəzərdə tuturdu. Mübahilə ayəsində Allah Əlini (ə) Həzrət Muhəmmədin (s) özü nisbətində təqdim edib. Peyğəmbər (s) Əli (ə) ilə Fatimənin (s) dizləri üstündə canını öz Rəbbinə tapşırdı. Peyğəmbərin (s) vəsiyyəti ilə ona qüsl verib kəfənləyən, daha sonra cənazə namazını qılan da İmam Əli (ə) oldu. Həzrət Əlinin (ə) İslama xidmətləri barədə sonsuzcasına danışmaq olar. Quranda onun şəninə nazil olan ayələr və Peyğəmbərin (s) onun barəsində söylədiyi hədislər dillər əzbəridir. Təkcə bununla kifayətlənmək olar ki, alimlərin söylədiklərinə görə, İslamın qısa bir zamanda qələbə çalmasına səbəb Peyğəmbərin (s) əxlaqı, Xədicənin (s) var-dövləti və Əlinin (ə) qılıncı olub. Əli (ə) Peyğəmbərin (s) yardımçısı idi, necə ki o Həzrət (s) özü bu barədə buyurub: “Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir”.

ehlibeyt.clan.su


more post like this