Məkkə və Mədinə surələrinin eniş ardıcıllığı ilə bağlı qeyd olunanlar İbn Abbasın rəvayətinə uyğun olaraq verilmişdir. Sözügedən rəvayəti Zərkeşi və Təbrəsi nəql etmişlər və Cabir ibn Zeydin rəvayəti ilə təkmil və təshih olunmuşdur. Buna baxmayaraq, otuz surədən çoxunun Məkkə və ya Mədinə surəsi olması ilə bağlı mübahisəli fikirlər mövcuddur. Aşağıda mübahisəli surələri diqqətinizə çatdırırıq:
1. “Fatihə” surəsi. Mücahid bu surəni Mədinə surəsi hesab edir. Halbuki Məkkədə nazil olmuş “Hicr” surəsinin 87-ci ayəsində oxuyuruq: “(Ya Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik”. Qurandan yeddi ayə “Həmd” surəsinə işarədir. İmam Əli (ə) buyurmuşdur: “”Həmd” surəsi Məkkədə, ərşin altındakı bir xəzinədən nazil olmuşdur”. Hüseyn ibn Fəzl1 deyir: “Bu, Mücahidin bulaşdığı çox böyük bir yanlışdır. Çünki alimlərin yekdilliklə qəbul etdiklərinin əleyhinə çıxmışdır”2.
2. “Nisa” surəsi. Əbu Ümeyr İsa ibn Məhəmməd Nuhhas (vəfat-256)3 bu surəni 58-ci ayəsinə[1] əsaslanaraq Məkkə surəsi hesab edir. Çünki bu surə Məkkədə, fəth ilində nazil olmuşdur. Bu versiya doğru deyil. Çünki birincisi, bir ayə bütöv bir surə üçün meyar ola bilməz. İkincisi hicrətdən sonra nazil olması Mədinə surəsi olmasının göstəricisidir.
3. “Yunus” surəsi. Bəziləri İbn Abbasa görə bu surənin Mədinədə nazil olunduğunu bildirmişlər. Halbuki ondan nəql olunan çoxsaylı rəvayətlər bunun əksini sübut edir.
4. “Rəd” surəsi. Qədim alimlərdən Məhəmməd ibn Saib Kəlbi, müasirlərdən isə Seyid Qütb onu Məkkə surəsi hesab etmişdir. Çünki surənin məzmunu və ifadələrinin sərtliyi Məkkə surələrinə xas şəkildədir. Lakin eniş ardıcıllığı ilə bağlı rəvayətlər yekdilliklə onun Mədinə surəsi olduğunu göstərir. Bundan başqa sərt ifadə tərzinə digər bir çox Mədinə surələrində də (misal üçün, “Bəqərə” surəsi) rast gəlirik.
5. “Həcc” surəsi. Əbu Məhəmməd Məkki ibn Əbu Talib bu surəni Məkkə surəsi hesab etmiş, buna dəlil olaraq, “Qəraniq əfsanəsi”nə cavab kimi nazil olan 52-ci ayəni göstərmişdir. Bu fikir iki səbəbə görə düzgün deyil. Birincisi, “Qəraniq əfsanəsi” uydurma hadisələrdəndir. İkincisi, surənin məzmunu Məkkə surələrinə uyğun deyil.
6. “Furqan” surəsi. Bu surəni yalnız Zəhhak “eniş ardıcıllığı” hədislərinin və təfsirçilərin yekdil rəyinin əksinə olaraq, Mədinə surəsi hesab etmişdir.
7. “Yasin” surəsi. Bəziləri bu surəni Mədinə surəsi hesab etmişlər. Lakin bu versiyanın kimə aid olduğu bəlli olmamış və aydın dəlil də göstərilməmişdir.
8. “Sad” surəsi. Nadir və kimin tərəfindən irəli sürüldüyü bəlli olmayan bir versiyaya görə bu surə Mədinə surəsi hesab olunmuşdur.
9. “Muhəmməd” surəsi. Bəziləri yekdil fikir mövcud olmasına baxmayaraq, ona qarşı çıxmış və bu surəni Məkkə surəsi hesab etmişlər.
10. “Hucurat” surəsi. Bəziləri yekdil fikrin əksinə olaraq, bu surəni Məkkə surəsi hesab etmişlər.
11. “Rəhman” surəsi. Seyid Qütb bu surənin ifadə tərzini və ahəngdarlığını əsas götürərək, Cəlal əd-Din Süyuti isə biri “Müstədrəki-Hakim”, digəri isə “Müsnədi-Əhməd”də yer alan iki rəvayətə əsaslanaraq, Məkkə surəsi hesab etmişdir. Bu nəzəriyyə bir neçə səbəbdən yanlışdır. Birinicisi, ifadə tərzi və ahəngdarlığı bu və ya digər surənin Mədinə və ya Məkkə surəsi olmasını sübut etmək üçün yetərli dəlil deyil. İkincisi, Hakimin rəvayəti surənin Məkkə surəsi olmasını aydın şəkildə bildirmir. “Müsnədi-Əhməd”in rəvayəti isə sənəd baxımından zəifdir1. Üçüncüsü nazilolma ardıcıllığını göstərən rəvayətlər yekdilliklə bu surəni Mədinə surəsi hesab etmişlər.
12. “Hədid” surəsi. Bəziləri bu surəni Məkkə surəsi hesab etmişlər. Çünki Ömər onu bacısının evindən tapdığı yazıdan oxumaqla İslamı qəbul etdi2. Bu fikirdə fərqli nəqllər olduğundan mübahisə doğurur. Çünki bəzi rəvayətlərə görə “Taha” surəsi, bəzilərinə görə isə “Haqqə” surəsi (əksər təfsirçilər bu versiyanı qəbul etmişlər)3 Ömərin İslama gəlişinə səbəb olmuşdur.
13. “Saff” surəsi. İbn Həzm bu surəni məşhur versiyaya, eləcə də eniş ardıcıllığı ilə bağlı rəvayətlərə zidd olaraq Məkkə surəsi hesab etmişdir.
14. “Cumuə” surəsi. Təfsirçilərin yekdil rəyinin və eləcə də eniş ardıcıllığını göstərən rəvayətlərin əksinə olan və kim tərəfindən irəli sürüldüyü bilinməyən bir nəzəriyyəyə görə bu surə Məkkə surəsi hesab edilmişdir.
15. “Təğabun” surəsi. İbn Abbasa aid edilən bir versiyaya görə bu surə Məkkə surəsi hesab olunmuşdur. Əlbəttə, bu fikir İbn Abbasdan nəql olunan rəvayətlərə ziddir.
16. “Mülk” surəsi. Bəziləri bu surəni Mədinə surəsi hesab etmişlər. Lakin bu alimlərin yekdil rəyinə ziddir.
17. “İnsan” surəsi. Abdullah ibn Zübeyr və Əhli-beytin (ə) fəzilətlərini danan bir çoxları bu surəni Məkkə surəsi hesab etmişlər ki, Əhli-beytin (ə) miskinə, yetimə yemək verməsi hadisəsini inkar etsinlər. Seyid Qütb də ayədəki ümumi vəziyyəti nəzərə alaraq onu Məkkə surəsi hesab etmişdir. Lakin Hakim Həskani deyir: “Bəzi nasibilər Əhli-beytin (ə) fəzilətini inkar etmək üçün demişlər: “Təfsirçilərin yekdil rəyinə görə, bu surə Məkkə surəsidir”. Bunu necə iddia edə bilərlər? Bir halda ki, əksər alimlər onu Mədinə surəsi hesab edirlər4. Əllamə Təbərsi sözügedən surənin Mədinə surəsi olmasını dəqiq tədqiq etmişdır5. Başlıca dəlil sələflərin rəvayətidir. Onlar hamısı yekdilliklə bu surənin Mədinə surəsi olduğunu təsdiqləyirlər.
18. “Mutəffifin” surəsi. Yəqubi deyir: “Bu surə Mədinədə nazil olan ilk surədir. Bəziləri onun Məkkə və Mədinə yolu arasında nazil olduğunu bildirmişlər. Lakin nazil olma ardıcıllığını göstərən rəvayətlər yekdilliklə onu son Məkkə surəsi hesab edirlər.
19. “Əla” surəsi. Bəziləri bu surənin Mədinədə nazil olması fikrini irəli sürmüşlər. Buna sübut olaraq, bayram namazı ilə əlaqədar nazil olan 14 və 15-ci ayələrini göstərmişlər: “(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” Lakin ayə geniş mənadadır və bu, bəzi rəvayətlərin onu bayram namazına tətbiq etməsi ilə ziddiyyət təşkil etmir.
20. “Leyl” surəsi. Bəziləri bu surəni nazilolma səbəbi ilə bağlı rəvayətlərə əsaslanaraq Mədinə surəsi hesab etmişlər6.
21. “Qədr” surəsi. Bəziləri bu surəni Mədinə surəsi hesab etmişlər. Çünki onun nazilolma səbəbində deyilir: “Peyğəmbər (s) yuxuda minbərinin üzərinə meymunların çıxdığını gördü1. Halbuki Peyğəmbərin (s) Məkkədə minbəri yox idi.
Bu istinad olduqca əsassızdır. Çünki yuxuda minbər görməyin zəruri şərti minbəri olmaq deyil.
22. “Bəyyinə” surəsi. Məkki ibn Əbu Talib bu surəni Məkkə surəsi hesab etmişdir2. Halbuki nazilolma ardıcıllığını göstərən rəvayətlər yekdilliklə onun Mədinədə nazil olduğunu təsdiq edir.
23. “Zilzal” surəsi. Bəziləri bu surəni onun sərt ifadəsi səbəbi ilə Məkkə surəsi hesab etmişlər. Lakin eniş ardıcıllığı ilə bağlı rəvayətlər bunun əksini göstərir.
24. “Adiyat” surəsi. Qətadə bu surəni Mədinə surəsi hesab etmişdir. Onun sübutu etimad olunmayan zəif rəvayətdir3.
25. “Təkasur” surəsi. Cəlal əd-Din Süyuti bu surəni nazilolma səbəbini əsas götürərək (yəhudilər haqqında nazil olmuşdur) Mədinə surəsi hesab etmişdir4. Lakin nə surənin məzmunu, nə də nəql olunan rəvayətlər onun yəhudilərə məxsus olduğunu göstərmir.
26. “Maun” surəsi. Zəhhak onu Mədinə surəsi hesab etmişdir. Lakin eniş ardıcıllığı ilə bağlı rəvayətlər bunun əksini göstərir.
27. “Kovsər” surəsi. Bəziləri deyirlər: “Bu surə Peyğəmbərə (s) Mədinədə yuxuda nazil olmuşdur”5. Bu doğru deyil. Çünki heç bir surə və ya ayə Peyğəmbərə (s) yuxuda nazil olmamışdır. Yalnız bu ola bilər ki, öncədən nazil olmuş surə və ya ayəni yuxuda onun üçün təkrar etsinlər.
28. “İxlas” surəsi. Süyuti bu surənin Mədinə surəsi olması fikrinə üstünlük vermişdir6. Lakin onun istinad etdiyi rəvayət sübuta yetirilməmişdir.
29. 30. “Muəvvəzətəyn” (“Fələq” və “Nas” surələri). Yəqubi bu iki surəni Mədinədə nazil olan son surələr hesab etmişdir7. Lakin bir çox rəvayətlər bunun əksini sübut edir.
1 Hüseyn ibn Fəzl əllamə, təfsirçi, öz zamanında hamının öndəri olmuşdur. Nişapurda İbn Tahirin 217-ci ildə onun üçün aldığı evdə fiqh və Quran tədris edir və xalqa fitva verirdi. O, 282-ci ildə 104 yaşında vəfat etdi və məzarı ziyarətgaha çevrildi.

2 “Əl-İtqan”, c. 1, səh. 130.

3 Əbu Ümeyr İsa ibn Məhəmməd Nuhhas (vəfat-256) böyük alim və hədisşünas olmuşdur.

[1] “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir”.

1 “Əl-İtqan”, c. 1, səh. 33.

2 Əndəlusi, İbn Həzm, “ən-Nasix vəl-mənsux fi əl-Quran”, c. 2, səh. 197.

3 Bax: “Sirə İbn Hişam”, c. 1, səh. 370; “Usd əl-ğabə”, c. 4, səh. 54, “əs-Səhabə”, c. 2, səh. 519; “Təfsiri-Təbərsi”, c. 9, səh. 277; “Əsbab ən-nüzul”, c. 2, səh. 94.

4 “Şəvahid ət-tənzil”, səh. 310-315.

5 “Təfsiri-Təbərsi”, c. 10, səh. 405.

6 Bax: “əd-Dürr əl-mənsur”, c. 6, səh. 357; “Təfsiri-Təbəri”, c. 10, səh. 501.

1 “Əl-Müstədrək”, c. 3, səh. 171.

2 Əbu Məhəmməd Məkki ibn Əbu Talib, “əl-Kəşf ən vücuh əl-qiraat əs-səb”, c. 2, səh. 501.

3 Bax: “əd-Dürr əl-mənsur”, c. 6, səh. 383; “Təfsiri-Təbərsi”, c. 10, səh. 527; “Təfsiri-Təbəri”, c. 30, səh. 177.

4 “Əl-İtqan”, c. 1, səh. 14.

5 “Təfsiri-Təbərsi”, c. 10, səh. 548.

6 Bax: Süyuti, Cəlal əd-Din, “Lübab ən-nüzul”, c. 2, səh. 147; “əl-İtqan”, c. 1, səh. 14.

7 “Tarixi-Yəqubi”, c. 2, səh. 35.

 

islammektebi.org


more post like this