Ona həqiqəti deyin. Əgər ona iynə vurulacaqsa, başa salın ki, bu zəruridir və ağrılı ola bilər. Ona bildirin ki, iynə vurulduğu vaxt ağlamağın heç bir eybi yoxdur. Hazırlıqdan sonra uşağa iynə vurulduğu vaxt o ağlayarsa, belə deyin: “Bilirəm çox ağrıdır, ona görə ağlayırsan.” Siz bu sözlərinizlə onun dərdinə şərik olursunuz. Daha sonra ona nəvaziş göstərin. Əgər iynə vurulduğu vaxt uşaq ağlamazsa, onu tərif etməyi unutmayın. Ona bildirin ki, onun dözümünə heyran qalmısınız.
Körpəni bu üsulla, yəni ona həqiqəti bildirməklə hazırlamaq onun şəxsiyyəti üçün faydalıdır. Körpəni dözümünə görə qiymətləndirib, tərif etmək onu gələcək çətinliklərdə daha dözümlü olmağa həvəsləndirir. Əgər iynə vurulduğu vaxt uşaq ağlayarsa, əvvəlcədən etdiyiniz xəbərdarlıq qismən də olsa ona təsəlli verir. Sizin körpəyə sadiq qalıb, ona həqiqəti əvvəlcədən deməyiniz olduqca əhəmiyyətlidir. Belə rəftarınıza görə körpəniz gələcəkdə də sizə etimad göstərəcəkdir.
Əgər müayinə prosesindən məlumatınız yoxdursa, yaxşı olar ki, bu barədə əvvəlcədən məlumatlanıb, uşağı hazırlaya biləsiniz. Hər halda uşağı aldatmaq olmaz. Körpə sizin yalan danışdığınızı hiss etsə, daha çox narahat olar. Uşaq böyüdükcə sizin nə dərəcədə məlumatlı olduğunuzu daha tez hiss edir. Hər hansı bir uydurmadansa belə deməyiniz daha məqsədəuyğundur:” “Düzü, həkimin nə edəcəyini bilmirəm.”
Təəssüf ki, əksər valideynlər övladlarını arxayınlaşdırırlar ki, heç bir ağrı olmayacaq. Amma iynə vurulduğu zaman uşaq narahat olub ağlayır və valideynin yalanı onun göz yaşlarını daha da şiddətləndirir. Bəzən valideynlər vəziyyətdən çıxmaq üçün daha bir yanlış addım atır, belə deyirlər: “Nə üçün ağlayırsan? Məgər səni incidən var?!” Sizin bu nahaq sözləriniz körpənin narahatçılığını daha da artırır. Belə bir münasibət uşağın iradəsini zəiflədir və o, ağrılı müalicələrə dözümsüz olur. Öz yalanını uşağı nahaq ittiham etməklə ört-basdır etmək istəyən valideyn körpənin mənəviyyatına zərbə vurur. Əfsus ki, əksər həkimlər, tərbiyəçilər və valideynlər uşaqla belə rəftar edirlər.


more post like this