İmam Həsənin (ə) şəhadətindən sonra yeni bir dövr başlayır. Bu dövr – İmam Hüseynin (ə) özünün İmamət dövrüdür. Müaviyyə (lən) hələ də iyrənc hiylələr üzərində qurduğu hökmranlığını davam etdirir. Bir dövrdür ki, İmam Əli (ə), İmam Həsən (ə) artıq dünyada yoxdur. Hələ Yezid (lən) də xilafəti qəsb etmir. Bu dövr nisbətən qısa sürür. Demək olar ki, Müaviyyənin (lən) cəhənnəmə vasil olmasına qədərki müddətdə İmam Hüseyn (ə) eynilə İmam Həsənin (ə) missiyasını təkrarlayır. Yəni, necə ki, İmam Həsən (ə) rəftar edirdisə, həmin bu rəftar İmam Hüseyn (ə) tərəfindən təkrarlanır. Bu dövrdə vaxtaşırı olaraq İmam Hüseyn (ə) Müaviyyəyə (lən) öz tənqidlərini yazılı və şifahi halda çatdırır. Özü də ən sərt formada çatdırır. Bu dövrün xüsusi əlamətlərindən biri budur ki, Müaviyyə (lən) hələ öz dövründə Yezid (lən) üçün beyət almaq istəyir ki, ondan sonra Yezidə (lən) hakimiyyəti qəsb etmək rahat olsun. Görürük ki, həmin vaxt beyət üçün Müaviyyə, İmam Hüseynə (ə) heç cəsarət edib müraciət etməyi ağlına da gətirmir. Topluma da aydın olur ki, İmam Hüseyn (ə) Yezidə (lən) sonradan da beyət etməyəcək.

Kərbəla hadisəsinin kökü meydana çıxır
Müaviyyə (lən) cəhənnəmə vasil olduqdan sonra yeni bir mərhələ başlayır. Yezid (lən) xilafəti qəsb edir. Hökumətini tam möhkəmləndirmək üçün hər yerə və hər tərəfə, o yerlərin ən nüfuzlu, abırlı, hörmətli adamlarından beyət almağa öz adamlarını göndərir. Hiyləgər və məkrli atası Müaviyyə (lən) Yezidə çox israrla tapşırmışdı ki, hansı qələti etməsindən asılı olmayaraq, İmam Hüseyn (ə) tərəfə getməsin. Yezid (lən) isə düşünür ki, atasının edə bilmədiyi qələti yəgin o, özü edə bilər. Buradan belə bir tarixi şərait yaranır ki, Mədinəyə xüsusi yolçular göndərilir. Orada Mədinənin hakiminə bildirilir ki, o gərək İmam Hüseyndən (ə) Yezid üçün beyət alsın və İmam Hüseyn (ə) gərək Yezidi (lən) müsəlmanların xəlifəsi kimi qəbul etsin. Beləliklə, Kərbəla vaqiəsinin başlanma kökü meydana çıxır.

İmam Hüseyn (ə) təbii ki, Yezidə (lən) heç bir zaman beyət etməyəcəyini bəyan edir. Mədinə valisi İmam Hüseynin (ə) yanına gələrək, Yezid (lən) üçün beyət almaq istəyən zaman, İmam Hüseyn (ə) buyurur: “Allahdan gəlmişik və Allaha doğru da qayıdırıq”. Bu cümləni adətən bir fəlakət, bir müsibət baş verən zaman deyərlər. Deməli, İmam Hüseyn (ə) baş verən bu hadisəni artıq müsibətin başlanğıcı olaraq görürdü. İmam Hüseyn (ə) sözünün ardında buyurur: “Yezid (lən) təki birisi İslam hökumətinin başında əyləşərsə, gərək İslamın fatihəsi verilsin”. Yəni əgər İslam toplumunun başında Yezid (lən) kimi bir ağılslz, əyyaş, hoqqabaz, şərəbxor, qumarbaz, meymunbaz dayanacaqdısa, bu zaman İslamın fatihəsi veriləcəkdi. Çünki dünya bu adamın adı ilə İslamı tanıyır. Bu adam İslam adına danışacaq, bu adam özünü müsəlman xəlifəsi kimi, Həzrət Peyğəmbər (s) hökumətinin davamçısı kimi göstərəcəkdi. Ona görə də xilafətin Yezid (lən) tərəfindən qəsb edilməsi ilə elə İslamın fatihəsi oxunmuş olacaqdı.

İmam Hüseyn (ə) Mədinəni tərk edir və Məkkəyə doğru hərəkətə başlayır. Bütün Məkkə və Mədinəyə bu məsələ yayılır ki, İmam (ə) Mədinəni tərk etdi və Məkkəyə doğru gedir. Buna səbəbin İmamın (ə) Yezidə (lən) beyət etməməsi də insanlara məlum olur. İnsanlar anlayır ki, onun Mədinədə qalması artıq qeyri-mümkündür. Bu ərəfədə İmamın (ə) Məkkəyə yollanması və Yezidə (lən) beyət etməməsi xəbəri Kufəyə də çatır. Kufəlilər İmama (ə) müraciət edərək, bildirirlər ki, onlar artıq Yezidin (lən) tör-töküntülərinin zülmlərindən bezib və İmamın (ə) gəlməsini istəyirlər. Onlar İmamla (ə) birlikdə olmağa tam hazır olduqlarını bəyan edirlər. İmam Hüseyn (ə) vəziyyətə baxmaq, qiymətləndirmək, durumu araşdırmaq üçün dəyərli əmisi oğlu Müslim ibn Əqili (r.ə) Kufəyə yola salır. Müslim (r.ə) Kufəyə çatır. Burada böyük bir sayla, böyük ədəb-ərkanla, izzətlə qarşılanır. Minlərlə insan Müslimin (r.ə) vasitəsilə İmama (ə) beyət edir. İmam (ə) Müslimdən (r.ə) artıq Kufə camaatının hazır olması, ona beyət etməsi barədə məktub alır.

http://www.islamtimes.org


more post like this