İslam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. Kamil insan odur ki, onda bütün insani dəyərlər bir-biri ilə həmahəng surətdə inkişaf etmiş olsun və onların heç biri inkişafsız qalmasın. Bundan əlavə, həmin dəyərlərin hər biri özünün ən ali və yüksək dərəcəsinə çatmalıdır. Hər bir müsəlmana İslam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır.
Əziz İslam Peyğəmbəri (s) və eləcə də Əli (ə) İslamın kamil nümunələrindəndir. Deməli, Əlini (ə) tanımaq İslamın kamil insanlığını tanımaq deməkdir. “Əli şiəsi” o kəsdir ki, Əlinin yolunu davam etdirsin və bütün rəftar, davranış, əməl, söhbət və s. işlərdə ona tabe olsun.
Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə (ə) çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli (ə) də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bəzən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və İlahi eşq vücudunda elə şölələnir ki, sanki bu dünyada deyil. İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti Haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və sızlayır ki, misli görünməyib.
Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur.
Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub.
Bir gün Əli (ə) küçədə, çiynində su tuluğu aparan bir qadın görür. Fikirləşir ki, bu qadının su daşıması səbəbsiz deyil; ya kimsəsizdir, ya da əri ona əhəmiyyət vermir. İrəli gələrək ədəblə o qadına belə deyir: “Xanım, icazə verirsiniz, sizə kömək edib su tuluğunu çiynimə götürüm? İcazə verin bu zəhməti mən çəkim”. Həmin qadın da onun atasına rəhmət oxuyaraq su tuluğunu ona verir. Əli (ə) həmin dul qadının evinə gəlir və su tuluğunu yerə qoyduqdan sonra onun suyu nə üçün özü daşıdığını soruşur. “Əriniz yoxdur?” – deyə ondan sual edir. Qadın cavab verir: “Bəli, ərim Əli ibn Əbutalibin əsgərlərindən idi və döyüşlərin birində şəhid olub. Mən bir neçə uşaqla tək yaşayıram”. Əli (ə) bu sözləri eşidəndə narahatçılığından od tutub yanır. Yazırlar ki, o, həmin axşam evə qayıtdıqdan sonra səhərə kimi yata bilməyib. Sübh çörək, ət, xurma və pul götürərək sürətlə həmin qadının evinə gələrək qapını döyür. Qadın onun kimliyini soruşur. Cavab verir: “Mən sənin dünənki mömin qardaşınam”. Qadın qapını açır və Əli (ə) içəri daxil olur. Tez ətdən kabab çəkir və öz əli ilə uşaqların ağızlarına qoyur. Onları dizində oturdaraq yavaşca: “Sizdən xəbərsiz qalmış Əlinin təqsirindən keçin” deyir. Sonra təndiri odlayır. Təndirin üstünə çıxıb üzünü oda yaxınlaşdıranda odun istiliyini hiss edir. Öz-özünə belə deyir: “Əli! Dünya odunun istiliyini dad ki, Cəhənnəm odu yadına düşsün və bir də camaatın vəziyyətindən xəbərsiz qalmayasan”.
Bəli, Əli (ə) belə bir şəxsiyyət, belə bir rəhbər olub.Əziyyət çəkən və ruhu bütün insanların olan bədən belədir.
İlahi! Səni Əli ibni Əbutalibin həqiqətinə and verirəm ki, bizim qəlblərimizdə İslam dərdi yarat! Hamımızın aqibətimizi xeyirli et! Ürəklərimizə Özünün ibadət, itaət və mərifət dərdini sal! Bizi Əlinin (ə) vilayət nurundan bəhrələndir. Bizi o Həzrətin (ə) həqiqi davamçılarından et! Ürəklərimizi iman nuru ilə nurlandır! Bizi İslamın həqiqətləri ilə tanış et!

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this