Ərəfat və Məşəri ziyarət etdikdən sonra zəvvarlar Mina çölünə yola düşürlər

Qurban bayramı insanın ucaldığı və əzəmətləndiyi bir gündür. Öz kimliyini dərk edən müsəlman qəlbində Allah məhəbbətindən savayı hər şeyi çıxarmış halda həqiqi Tohidə qovuşur. Onun qəlbi, dili, qanı, bədən üzvləri Allahın təkliyinə, Ondan savayı hər şeyin fani olmasına şəhadət verir.

Ərəfat və Məşəri ziyarət etdikdən sonra zəvvarlar Mina çölünə yola düşürlər. Qurban bayramı günü günəşin ilk şüaları yerə düşdükdə Allahın görüşünə gələn hacılar “Cəmərat” adlı üç sütuna Məşər çölündə yığdıqları daşları atmağa başlayırlar. Bu, şeytanı daşlama mərasimidir. Cəməratın tikildiyi yerdə İblis Həzrət İbrahimi (ə) üç dəfə vəsvəsə etməyə və oğlunu qurban kəsməsinə mane olmağa çalışıb. O zaman Həzrət İbrahim (ə) şeytana daş ataraq onu qovub. Beləliklə də, müsəlmanlar həmin yerdə şeytanın rəmzi olan sütünlarını daşlamaqla onu özlərindən qovduqlarını göstərirlər. Bu ayin insanın daxili və xarici düşmənlərini özündən uzaqlaşdırmasını simvolizə edir.

Şeytanı daşladıqdan sonra hacılar qurban kəsməyə gedirlər. Qurban bizə bir çox şeyi öyrədir. İlk öncə İbrahim peyğəmbərin (ə) mətanət və iradəsini xatırladır. Allah-Taala öz “xəlili”, yəni dostu adlandırdığı bir şəxsi – İbrahimi (ə) imtahana çəkir. Onun nə qədər sədaqətli bəndə olmasını bəşəriyyətə göstərir. Həzrət İbrahimə (ə) oğlu Həzrət İsmayılı (ə) qurban kəsməyə əmr edərkən Allah-Taala cismani İsmayılın (ə) deyil, İbrahimin (ə) qəlbindəki “İsmayıl”ın öldürülməsini istəyirdi. İbrahim (ə) həqiqi bəndə və Allah aşiqi olması üçün ürəyində Allahdan başqa bütün bağlılıqları kəsməli idi. Və belə də oldu. Oğlunu qurbangaha gətirən İbrahim peyğəmbər (ə) bıçaqı onun boğazına çəkir! Bıçaq isə kəsmir və Allah-Taala ona qurban olaraq göndərdiyi qoçu kəsməyi əmr edir. Beləliklə də, Minada qurban kəsən hər bir şəxs bilməlidir ki, kəsilən heyvan bir rəmzdir – insanı Allahdan uzaqlaşdıran dünya bağlarının rəmzi. Həcc surəsinin 37-ci ayəsində Quran buyurur: “Onların nə əti, nə qanı Allaha lazım deyil. Ona yalnız sizin təqvanız lazımdır”. Qurban kəsən şəxs anlamalıdır ki, onun gətirdiyi maddi qurban daxili qurbanın təcəssümü olmazsa, bu əməlin heç bir mənası olmur. Bundan sonra bayram namazı qılınır.

Daha sonra hacılar “həlq” əməlini yerinə yetirirlər. Həlq – saçın tamamilə qırxılmasına deyilir. Bu əməl bir cəhətdən insanın Allah yolunda başından keçməyə hazır olduğunun rəmzidir. Digər cəhətdən saç insana yaraşıq verdiyindən, insan üçün zinət sayıldığından bir növ dünya bağlılığıdır. Sanki qurban kəsməklə ürəyində ilahi bağlardan başqa bütün bağları qoparan bəndə ən son mərhələ – Allah yolunda can verməyə, şəhadətə razılıq verir.

Qurban bayramı insanın ucaldığı və əzəmətləndiyi bir gündür. Bu elə bir gündür ki,  zəvvarlar bütün maddi çətinliklər və məhrumiyyətlər içində dərin təfəkkürə daldıqdan sonra özünü dərk edir və İbrahim (ə) tək aləmlərə car çəkir ki, o, hər şeyindən Allaha xatir imtina edərək həqiqi bəndə adını qazanıb. İnsan qəlbində Allah məhəbbətindən savayı hər şeyi çıxarmış halda həqiqi Tohidə qovuşur. Onun qəlbi, dili, qanı, bədən üzvləri Allahın təkliyinə, Ondan savayı hər şeyin fani olmasına şəhadət verir.

Qurbanın digər hikməti müsəlmanların ehtiyacını ödəməkdir. Hər bir müsəlman qardaşının çətinliklərini anlamalı və ona yardım əlini uzatmalıdır, həmçinin onun xoş gününə sevinməlidir. Bir müsəlman digər müsəlmanın ağır vəziyyətinə acımasa və ya onun sevincini bölüşməsə, müsəlman adlanmağa haqqı yoxdur. Çünki bu məsələ İslamın ana qaydalarından biridir. Bununla Həcdə müsəlmanlar öz həmrəyliyini, birliyini və bir-birinə dəstəyini nümayiş etdirirlər. Aləmlərin Rəbbi bəndələrinə kəsilən qurbanların ətindən həm özlərinin yeməsinə, həm fəqir və ehtiyaclı şəxslərə paylanılmasına göstəriş verir.

Qurban bayramında oxuduğu xütbətə Həzrət Rəsulullah (s) buyurmuşdu: “And olsun O kəsə ki, Məhəmmədin (s) canı Onun əlindədir! Buradan hamı bağışlanmış halda qayıdır, böyük günahları etməkdə israrlı olanlardan başqa”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

ahlibeyt.az


more post like this