Məsələ 823: Məscidi murdarlamaq haramdır. Məscidin yerinin, tavanının, damının, divarının iç tərəfinin murdarlanması bu qəbildəndir. Vacib ehtiyat budur ki, məscidin divarının çöl tərəfi də murdarlanmasın. Amma əgər divarın çölü vəqfdən sayılmazsa eybi yoxdur.
Məsələ 824: Məscid murdarlandıqda onu təmizləmək həm bir şəxsə kifayi vacibdir. Yə’ni bir nəfər bu işi görərsə, o birilərin öhdəsindən götürülər. Əks təqdirdə hamı günahkardır. Məscidi murdarlayan şəxs bu hökmdə başqalarından fərqlənmir.
Məsələ 825: Məsələn, bir şəxs müsafir olduğundan məscidi təmizləyə bilməsə və ya köməyə ehtiyac olduğu halda köməyi olmasa, vacib ehtiyat budur ki, məscidi paklaya biləcək şəxslərə bu barədə mə’lumat versin.
Məsələ 826: Əgər məscidin elə bir yeri murdarlanarsa ki, oranı qazmadan və ya uçurmadan təmizləmək mümkün olmasın, bu iş görülməlidir. Vacib ehtiyata əsasən, qazılmış yeri doldurmaq, uçurulmuş yeri düzəltmək lazımdır. Yaxşı olar ki, uçurulmuş yeri məscidi murdarlayan şəxs tə’mir etsin. Bu işin xərci olarsa, vacib ehtiyata əsasən, həmin şəxs zamindir.
Məsələ 827: Əgər məscid qəsb olunsa və ya məscid görkəmindən çıxarılsa, hətta ona məscid deyilməsə, yenə də oranı murdarlamaq ehtiyata əsasən haramdır və murdarlanmış yeri paklamaq lazımdır.
Məsələ 828: Peyğəmbər və mə’sum imamların hərəmini bulaşdırmaq hörmətsizlik sayılarsa, bu iş haramdır. Belə bir halda oranı təmizləmək vacibdir. Hətta hörmətsizlik olmazsa, ehtiyat budur ki, həmin yer təmizlənsin.
Məsələ 829: Məscidin xalçasını da murdarlamaq haramdır. Əgər xalça murdarlanarsa, onu paklamaq lazımdır. Bu işin xərci olsa xalçanı murdarlamış şəxs zamindir. (Vacib ehtiyata əsasən.)
Məsələ 830: Məscidə qan və sidik kimi murdar şeylər daxil etmək haramdır. Vacib ehtiyata əsasən, bu iş hörmətsizlik sayılmasa belə yol verilməzdir. Amma bir şəxsin libasında və ya bədənində, eləcə də bir körpənin libasından məscidə daxil edilən cüzi murdarlığın eybi yoxdur. Amma murdarlanmış bir şeyi (Məsələn, libası) hörmətsizlik sayılmayacağı halda, eləcə də məscidin bulaşmasına səbəb olmadığı təqdirdə məscidə daxil etmək haram deyil .
Məsələ 831: Əgər rövzə oxunması, əzadarlıq keçirilməsi, bayram mərasimlərinin qurulması üçün məsciddə çadır qurub qara çəksələr, oraya çay və yemək ləvazimatı aparsalar, bu iş məscidə zərər vurmasa və namaza mane olmasa, eybi yoxdur.
Məsələ 832: Məscidi qızılla bəzəməyin eybi var. Ehtiyat budur ki, insan və heyvan kimi ruhu olan şeylərin əksi məscidə vurulmasın.
Məsələ 833: Əgər məscid dağılsa, onun torpağını satmaq, mülk və yol üçün istifadə etmək olmaz. Məscidin hətta qapı-pəncərələrini satmaq haramdır. Məscid uçulduqda onun müxtəlif ləvazimatlarını özünə sərf etmək lazımdır. Əgər həmin məsciddə ehtiyac duyulmasa, uyğun şeyləri başqa məscidə sərf etmək olar. Əgər başqa məscidlərin də karına gəlməsə, onları satıb pulunu həmin məscidin, ya da başqa məscidin tə’mirinə xərcləmək olar.
Məsələ 834: Məscid tikmək müstəhəbdir. Müsəlmanların daha çox istifadə edə biləcəyi münasib yerdə məscid tikmək daha yaxşıdır. Məscidi tə’mir etmək də müstəhəbdir. Bu iş ən yaxşı işlərdən sayılır. Əgər məscid çox dağılsa və onu tə’mir etmək mümkün olmasa, yeni məscid tikmək olar.
Məsələ 835: Uçulmamış məscidi genişləndirmək lazım gələrsə onu söküb daha yaxşı və daha böyüyünü tikmək olar.
Məsələ 836: Məscidi təmizləmək, işıqlandırmaq, məsciddə zəruri işləri görmək müstəhəbdir. Eləcə də məscidə getmək istəyən şəxsin ətirlənməsi, pak libaslar geyməsi, ayaqqabısının altını təmiz olsun deyə nəzərdən keçirməsi müstəhəbdir. Məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq, məscidə tez gəlib, məsciddən gec çıxmaq daha yaxşıdır.
Məsələ 837: Məscidə daxil olarkən ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Başqa vacib və ya müstəhəb namaz qılınsa da bəs edər.
Məsələ 838: Məsciddə yatmaq, dünya işləri barədə danışmaq, nəsihətamiz olmayan şe’rlər oxumaq məkruhdur, bəyənilmir. Eləcə də məscidi ağız, burun və sinə suyu ilə bulamaq, səsi qaldırmaq, hay-küy salmaq, məscidin hörmətinə yaraşmayan işlər görmək məkruhdur.
Məsələ 839: Körpələri və divanələri məscidə buraxmaq məkruhdur. Amma körpələr maneçilik yaratmasalar, onları məscid və namaza həvəsləndirmək üçün oraya gətirmək müstəhəbdir. Bə’zən isə bu vacib olur.
Məsələ 840: Sarımsaq, soğan və bu kimi şeylər yemiş, ağzının qoxusu insanları narahat edəcək şəxsin məscidə getməsi məkruhdur.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this