913. Məscid Allahın evidir

Quran

«Həqiqətən, məscidlər və səcdəgahlar Allahındır. Buna görə Allahla bərabər heç kəsi çağırmayın.»[1] 

Hədis:

2932. İmam Sadiq (ə):«Sizlərə məscidlərə getməyi tövsiyə edirəm. Çünki məscidlər Allahın yer üzündə evləridir. Kim pak və təmiz halda oraya daxil olsa, Allah-taala onu günahlardan təmizləyər və zəvvarları sırasında qeyd edər. Beləliklə, məscidlərdə çox namaz qılıb dua edin.»[2]

 

914. Məscidləri abad etmək

Quran:

«Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayan şəxs abad edər. Ümid var ki, onlar doğru yolu tapsınlar.»[3]

Hədis

2933. Allahın Peyğəmbəri (s) (məscidlərin necə abad olunması barədə Əbuzərin sualının cavabında): «Onlarda səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məsciddə olduğun müddətdə hədər və əhəmiyyətsiz işlərdən əl çəkəsən. Əgər belə etməsən, Qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqın yoxdur.»[4]

2934. İmam Sadiq (ə):«Kim bir məscid tiksə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.»[5]

 

915. Məscidlərə getmək

2935. Allahın Peyğəmbəri (s):«Kim camaat namazında iştirak etmək üçün məscidə getsə, atdığı hər bir addıma yetmiş min yaxşı əməlin savabı yazılar və həmin həddlə dərəcəsi ali səviyyəyə yüksələr. Əgər bu halda ölərsə, Allah-taala yetmiş min mələyi, qəbrdən qalxan günədək onu qəbrdə ziyarət etmək, tənhalıqda onunla munis olmaq və günahlarının bağışlanmasını istəməkdən ötrü ayırar.»[6]

 

916. Məsciddə oturmaq

2936. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah-taala hər aldığın nəfəs üçün sənə Cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə on yaxşı əməlin savabı yazılar və on günahın silinər.»[7]

 

917. Məscidlə qonşuluq və onda namaz qılmaq

2937. İmam Əli (ə):«Məscidin qonşuluğunda yaşayan şəxsin bir üzrlü səbəb, ya xəstə olduğu haldan başqa məsciddən qeyri bir yerdə qıldığı namazı qəbul deyil.» Ərz etdilər:«Ey Əmir-əl-mö’minin! Məscidin qonşusu kimdir?» Həzrət (ə) buyurdu:«Məsciddə namaz qılmaq üçün də‘vət səsini eşidən şəxs»[8]

2938. İmam Əli (ə):«Məscidin ətrafı qırx zirədir, məscidin qonşuluğu isə hər tərəfə qırx evdir.»[9]

 

918. Məsciddə ədəb qaydaları

2939. Allahın Peyğəmbəri (s):«Kim bu pis iyli dənəni (yə’ni sarımsağı) yeyərsə, bizim məscidə yaxınlaşmasın. Amma məscidə gəlməyəcək şəxsə yeməyin eybi yoxdur.»[10]

2940. Allahın Peyğəmbəri (s):«Məsciddə iki rəkət namaz qılmadan onu özünüzün keçid yeri etməyin.»[11]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Cin, ayə 18

[2] Əmali-Səduq,səh. 293, hədis 8

[3] Tövbə, ayə 18

[4] Məkarimul-Əxlaq, c.2,səh. 374, hədis 2661

[5] əl-Kafi, c.2,səh. 368, hədis 1

[6] Biharul-Ənvar, c.76,səh. 336, hədis 1

[7] Biharul-Ənvar, c.77, səh. 85, hədis 3

[8] Biharul-Ənvar, c.83, səh. 379, hədis 47

[9] əl-Xisal,səh.544, hədis 20

[10] Biharul-Ənvar, c.84,səh. 9, hədis 83

[11] Əmali-Səduq,səh. 344, hədis 1


more post like this