Ruslan Növrəs

Məni kim göstərib söylər sənin tək bivəfadır bu,

İnanma, ey büti-zibam, yalandır, iftiradır bu.

 

Əgər mən tərkin etsəm də, məni tərk eyləməz dərdim,

Əzəldən çün mənim ilə həqiqi aşinadır bu.

 

Dedim, saqi, dəva eylə, mərizi-eşqdir könlüm,

Mənə bir badə mey verdi, dedi, iç ki, dəvadır bu.

 

Nə məndə can qoyub canan, nə də bir xaneyi-dildə,

Elə yəğma qılıbdır ki, sanarsan əşkiyadır bu.

 

Düşən dəmdən bu sevdayə, bəlayə düşdüm, ey dilbər,

Hara qaçdım gəlib tapdı, nə cür bilməm bəladır bu?!.

 

Sənin sevgin gözün kor eyləmiş qəlbin nə cür gör ki,

Geri dönmür, gedir, ancaq bilir rahi-xətadır bu.

 

Dedim, bir busə ver, yarım gəlib öpdü gözüm üstən,

Dodağım dişlədim, bildim yəqindir ki, vidadır bu.

 

Sakın, Növrəs, bu dünyayə könül vermə, yanarsan sən,

Gələn hər kəs bilir baqi deyil, mülki-fənadır bu.

canderyasi.com


more post like this