Quranşünaslıqda ən mühüm yer tutan məsələlərdən biri də Məkkə və Mədinə surələrinin müəyyənləşdirilməsidir. Onları müəyyənləşdirmək aşağıdakı dəlillərə görə zəruridir:

1. Ayə və surələrin tarixi axarını, xüsusilə onların arasındakı silsiləvarilik, tədriclə nazilolma Məkkə və Mədinə surələrini müəyyən etmək yolu ilə müyəssər olur və mühüm mədəni məqsədlərdəndir. İnsan daim hər bir tarixi hadisəni araşdırmaq, hansı zamanda, harada baş verdiyini, onu törədən səbəbləri bilmək marağındadır. Tarix elmi bu minvalla meydana gəlmişdir. Bu baxımdan Məkkədə nazil olan ayə və surələri tanımaq, onları Mədinədə nazil olanlardan ayırmaq böyük əhəmiyyət daşıyır.
2. Fiqhi istinadlarda, şəriət hökmlərinin əsaslandırılmasında ayənin məzmununun başa düşülməsi böyük rol oynayır. Çox ola bilsin ki, bu və ya digər ayə ilkin zahiri məna etibarı ilə şəriət hökmünə aiddir. Lakin Məkkədə nazil olduğundan və nazil olduğu zaman həmin hökmün hələ çıxarılmadığından, ya ayəni təvil etmək, ya da başqa şəkildə izah etmək lazım gəlir. Misal üçün, şəriət hökmlərinin kafirlərə (bir dini vəzifə olaraq) aid olub-olmaması fəqihlər arasında mübahisə doğuran məsələlərdəndir. Əksər fəqihlər kafir olduqları halda şəriət hökmlərinin onlara aid olmadığı qənaətindədirlər. Məsələ ilə bağlı çoxlu sayda hədislər mövcuddur. Lakin qarşı tərəf (şəriət hökmlərinin kafirlərə də vacib olduğu fikrinin üzərində dayananlar) “Fussilət” surəsinin yeddinci ayəsini[1] əsas götürürlər. Ayə müşrikləri zəkat əmrinə uymadıqları üçün pisləyir. Lakin unudurlar ki, “Fussilət” surəsi Məkkədə nazil olmuş, zəkat əmri isə Mədinədə verilmişdir. Yəni sözügedən ayə nazil olunduqda zəkat, hətta müsəlmanlara belə vacib deyildi. Elə isə necə olur ki, müşrikləri məzəmmət edir? Bu ayənin iki təvili var:
Birincisi, burada zəkatdan məqsəd sədəqədir. Hansı ki, müşriklər ondan məhrumdurlar.
İkincisi, məqsəd sədəqə verməkdən məhrum olmalarıdır. Onların kafir olmaları buna mane olur. Əgər iman gətirsəydilər bu feyzdən məhrum olmazdılar. Çünki sədəqənin düzgünlüyünün şərti Allaha yaxınlaşmaq məqsədi (qəsdi-qürbət) ilə verilməsidir. Lakin kafirlər bundan məhrumdurlar1.
3. Sxolastik istinadlarda əsas götürülən ayələr, xüsusilə Əhli-beytin (ə) fəziləti ilə bağlı ayələr daha çox Mədinədə nazil olan ayələrdir. Çünki bu məsələlər Mədinədə meydana gəlmişdir. Bəziləri həmin ayələri Məkkə ayələri hesab etmişlər. Təbii ki, bu halda onlara əsaslanmaq olmaz. Buna görə də Məkkə və Mədinə surə və ayələrini dəqiq müəyyən etmək sxolastikanın imamət məsələsində olduqca zəruri addımdır. Misal üçün, bəziləri “Dəhr” surəsini bütünlüklə Məkkə surəsi hesab etmiş, bəziləri 24-cü ayədən[2] başqa hamısının Mədinədə nazil olduğunu bildirmiş, digərləri isə surənin əvvəlindən 22-ci ayəyə qədərini Mədinə, qalanını isə Məkkə ayələri hesab etmişlər. Bu surə ilə bağlı mübahisələr çoxdur. Amma biz onu tamamilə Mədinə surəsi hesab edirik.
“Onlar elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır”.2
Yuxarıdakı ayələrin nazilolma səbəbi ilə bağlı deyirlər: İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstə idi. Peyğəmbər (s) və bir qrup ərəb ağsaqqalları onlara baş çəkməyə gəldilər. Onlar İmam Əliyə (ə) təklif etdilər: “Əgər övladlarının şəfa tapması üçün nəzir etsən, Allah tezliklə şəfa mərhəmət qılacaq”. Həzrət (ə) bu təklifi qəbul edib, övladlarının sağalacağı təqdirdə üç gün oruc tutacağını nəzir etdi. Həsən (ə) və Hüseyn (ə) şəfa tapdıqda İmam (ə) nəzrini həyata keçirməyi qət etdi. İftar üçün çörək hazırladı. İlk gün iftar zamanı qapıya bir miskin gəldi və kömək dilədi. Həzrət (ə) tədarük gördüyü cörəkləri ona verdi. İkinci gün (iftar zamanı) qapıya bir yetim gəldi və o gün üçün tədarük görülmüş çörəyi alıb getdi. Üçüncü gün bir əsir gəldi və cörək ona verildi.
Həzrət (ə) bu üç gün ərzində özü bir az quru çörək, azca da su ilə iftar etdi. Təbərsi bu sahədə əhli-sünnə və Əhli-beyt (ə) yolu ilə nəql olunan çoxsaylı rəvayətləri toplamış və təqribən onları təfsirçilər tərəfindən yekdilliklə qəbul edildiyini bildirmiş, sonra isə bütöv surənin Mədinədə nazil olduğunu, nazilolma ardıcıllığını göstərən mötəbər sənədli rəvayətləri (hansı ki, bu rəvayətlərdə “Dəhr” surəsi Mədinə surələri cərgəsinə aid edilmişdir) qeyd etmişdir1. Bu fəzilətin Əhli-beytə (ə) məxsus olduğunu qəbul edə bilməyən Abdullah ibn Zübeyr kimilər isə məlum surəni tam olaraq Məkkə surəsi kimi qələmə verirlər2. Lakin unudurlar ki, Məkkədə əsir olmamışdır. Tabeilərdən olan Mücahid və Qətadə bildirirlər ki, “Dəhr” surəsi tamamilə Mədinədə nazil olmuşdur. Başqaları isə surənin bəzi ayələrini Məkkə, bəzi ayələrini isə Mədinə ayələri hesab etmişlər. Müasir alimlərdən Seyid Qütb konteksti nəzərə alaraq surənin Məkkədə nazil olduğu qənaətinə gəlmişdir3.
4. Quranla bağlı bir çox problemlər öz həllini yalnız surə və ya ayələrin Məkkə, yaxud Mədinədə nazil olduğunu müəyyən etməklə tapır. Misal üçün, Quranın Quranla nəsx olunması (qüvvədən düşməsi) məsələsində bir çoxları ifrat yolunu tutmuş, iki yüz iyirmi ayənin nəsx olunduğu (qüvvədən düşdüyü) iddiası ilə çıxış etmişlər. Bir halda ki, belə böyük bir rəqəm həqiqətə uyğun ola bilməz. Digər bir qrup isə əks mövqedən çıxış etmiş, ümumiyyətlə Quranı nəsx olunmaz hesab etmiş, xüsusilə Quranın Quranı qüvvədən salmasını mahal adlandırmışlar. Çünki nəsxin gerçəkləşməsinin şərti iki ayə arasındakı ziddiyyətdir. Bu növ ziddiyyət ziddiyyəti rədd edən digər ayə ilə səsləşmir4. Ayədə deyilir: “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” 5. Üçüncü tərəf isə daha mötədil yol tutmuş, nəsxin mövcudluğunu qəbul etmiş, nəsx olunmuş ayələrin sayı baxımından mötədil davranmışlar. İfratçıların nəsx olunduğunu iddia etdikləri ayələrdən biri də “(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz” 6 ayəsidir. Ayə müvəqqəti nikah haqqında nazil olunmuşdur. İmam Şafeinin (Məhəmməd ibn İdris) iddiasına görə “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”7 ayəsi onu nəsx etmişdir.
Yuxarıdakı versiyanı iki səbəbdən qəbul etmək olmaz. Birincisi, müvəqqəti nikah nəticəsində alınan qadın daimi nikahın bəzi hökmlərindən fərqli olsa da kəbinli qadın hesab olunur. Əks təqdirdə nikah doğru olmayacaq. İkincisi, nəsx edən hesab etdikləri ayə “Muminun” surəsindədir. Bu surə tamamilə Məkkə surəsidir. Kimsə sözügedən ayəni istisna etməmişdir. Halbuki adətən nəsx edən ayə nəsx olunandan sonra nazil olmalıdır. Yuxarıdakı iradı ustad Zərqani də xatırlatmışdır.8
[1] “O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!”

1 Bax: “Təfsiri-Təbəri”, c. 9, səh. 4-5; “əl-Mizan”, c. 17, səh. 383-384.

[2] “Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə!”
2 “Dəhr”, 7-12.

1 Bax: “Təfsiri-Təbəri”, c. 10, səh. 404-406; Hakim Həskani, “Şəvahid ən-tənzil”, səh. 299-315.

2 “Əd-Dürr əl-mənsur”, c. 6, səh. 297.

3 “Fi Zilal əl-Quran”, c. 29, səh. 215.

4 Xoyi, Əbu əl-Qasim, “əl-Bəyan fi təfsir əl-Quran”, səh. 206.

5 “Nisa”, 82.

6 “Nisa”, 24.

7 “Muminun”, 5-7.

8 Zərqani, Məhəmməd Əbd əl-Əzim, “Mənahil əl-ürfan” c. 1, səh. 195.

 

 

islammektebi.org


more post like this