islamic mənbələri

    1. home

    2. article

    3. Məhəbbət

    Məhəbbət

    Məhəbbət
    Rate this post

     

    414. Dostluq bir növ qohumluqdur.

    1315. İmam Əli (ə):«Dostluq qazanılan qohumluqdur.»[1]

    1316. İmam Əli (ə):«Qohumluğun dostluğa daha çox ehtiyacı var, nəinki dostluğun qohumluğa.»[2]

     

    415. Dostluq yaradan səbəblər.

    1317. İmam Əli (ə):«Üç xasiyyət dostluğu çəkib gətirər: gözəl əxlaq, mehribanlıq və təvazökarlıq.» [3]

    1318. İmam Sadiq (ə):«Üç şey dostluq yaradar; dindarlıq, təvazökarlıq və səxavət.»[4]

     

    416. Dostluğa layiq olmayanlar.

    Quran:

    «Allaha və Qiyamət gününə inanan elə bir camaat tapmazsan ki, Allaha və Onun peyğəmbərinə qarşı çıxanlara məhəbbət bəsləsin. Hərçənd, bu müxaliflər onların ataları, ya övladları və ya qardaşları və yaxud həmqəbilələri olsalar belə. Onlardır, Allah-taalanın qəlblərində iman (həqiqətin) həkk etdiyi.»[5]

    Hədis

    1319. İmam Əli (ə):«Avam insanın dostluğu dağılan buluda və səhrada gözdən itən ilğıma bənzər.»[6]

    1320. İmam Əli (ə):«Bədəməl insanların dostluq ipləri, hər bir başqa dostluqdan daha tez qırılar.»[7]

    1321. İmam Əli (ə):«Məbada, Allahın düşmənləri ilə dostluq edəsən, ya da qəlbini Allahın dostlarından qeyrisinə bağlayasan. Çünki, Qiyamət günü hər kəs sevdiyi insanlarla birgə məhşər ayağına çəkiləcək.»[8]

     

     

     

    417. Məhəbbət tanımağın qarşısını alar.

    1322. Allahın Peyğəmbəri (s):«Bir şeyə məhəbbətin səni kor və kar edər.»[9]

    1323. İmam Əli (ə):«Aşiqin gözü məşuqun eyblərini görməyə kor, qulağı onun pislikləri barədə eşitməyə kardır.»[10]

     

    418. Məhəbbətin nişanəsi.

    1324. İmam Əli (ə):«Səni sevən kəs, (səni) pisliklərdən çəkindirər.»[11]

    1325. İmam Əli (ə):«Hər kəsin sevdiyi şey onun dilinin əzbəri olar.»[12]

     

    419. Möminlərin Allaha böyük məhəbbəti

    Quran

    «De: Əgər sizin atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohum-əqrəbanız, qazandığınız mal-dövlətiniz, kasadlığından qorxduğunuz ticarət və xoşunuza gələn evləriniz sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, onda Allahın əmrini gözləyin. Allah fasiqləri doğru yola yönəltməz.»[13]

    «Bəzi insanlar (bəzilərini) Allaha tay bilir və onları Allahı sevdikləri qədər sevirlər. Amma möminlər Allahı daha çox sevirlər. Zülm edənlər Allahın əzabını görəndə bütün güc-qüdrətin yalnız Allaha məxsus olduğunu və hər an Allahın əzabının çox ağır olduğunu  dərk edirlər.»[14]

    Hədis

    1326. İmam Hüseyn (ə) duada: «Ey Allahım, Səndən başqa bir kimsəni sevməsinlər deyə Öz dostlarının qəlbindən başqalarının məhəbbətini çıxaran Sənsən, … Səni itirən nəyi tapmışdır? Səni tapan nəyi itirmişdir? Sənin əvəzinə başqası ilə razı olan zərər edib uduzmuşdur.»[15]

    1327. İmam Sadiq (ə):«İnsanın Allaha olan imanı yalnız o zaman xalis olar ki, Allahı özündən, ata-anasından, övladından, zövcəsindən, malından və bütün camaatdan daha çox sevsin.»[16]

    1328. İmam Sadiq (ə):«Qəlb–Allahın hərəmidir. Allahın hərəmində Allahdan qeyrisinə yer vermə.»[17]

    1329 İmam Sadiq (ə): «(Allaha) Məhəbbət (Allahdan olan) qorxudan üstündür.»[18]

     

    420. İlahi məhəbbətin amilləri.

    1330. «İrşadul qulub»:Merac hədisində nəql olunur ki, «Ey Məhəmməd! Mənə görə biri-birinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqları var. Mənə görə öz aralarında mehriban olanların Mənim məhəbbətimə haqları var. Mənə görə biri-biri ilə əlaqə yaradanların Mənim məhəbbətimə haqları var. Mənə təvəkkül edənlərin mənim məhəbbətimə haqları var. Mənim məhəbbətimin nə bir nişanəsi, nə sonu, nə həddi var. Onlar üçün bir nişanə ucaltsam, bir nişanə də endirərəm.»[19]

    1331. İmam Sadiq (ə):«Allah-taala buyurmuşdur:«Bəndəm Mənim məhəbbətimi onun üçün vacib etdiyim əməllər qədər heç bir digər sevimli vasitə ilə qazana bilməz.»[20]

    1332. İmam Sadiq (ə):«Mömin dünyadan kənar duran zaman ali məqama yüksələr, Allah məhəbbətinin şirinliyini dadar və dünyapərəstlərin nəzərində divanə kimi tanınar. Halbuki, Allah məhəbbətinin şirinliyi onların (möminlərin) vücudu ilə qarışmışdır və buna görə qəlblərini Allahdan başqa heç bir şeyə bağlamamışlar.»[21]

     

    421. Allahın sevdiyi bəndələr

    Quran:

    «Həqiqətən, Allah yaxşı əməl sahiblərini sevir.»[22]

    «Həqiqətən, Allah tövbə edənləri və pak olanları sevər.»[23]

    «Bəli, kim əhdinə vəfalı olsa və Allahdan qorxsa… Həqiqətən, Allah təqvalıları (Allahdan qorxanları) sevər.»[24]

    «Həqiqətən, Allah dözümlüləri sevər.»[25]

    «Həqiqətən, Allah təvəkkül edənləri sevər.»[26]

    «Allah-taala ədalətli olanları sevər.»[27]

    «Həqiqətən, Allah-taala qurğuşunla hörülmüş divar kimi sıraya düzülərək Allah yolunda cihad edən kəsləri sevər.» [28]

    Hədis:

    1333. Allahın Peyğəmbəri (s):«Allah həyalı, təmkinli, namuslu və iradəli insanı sevər.»[29]

    1334. İmam Səccad (ə):«Allah hər bir kədərli qəlbi və hər şükr edən bəndəni sevər.»[30]

    1335. İmam Baqir (ə):«Allah-taala dilinə pis sözlər gətirmədən camaatla zarafat edən, tovhid əqidəsində olan, səbri öz vücudunun zinətinə çevirən və namaz qılmaqla fəxr edən kimsəni sevər.»[31]

     

    422. Allahın sevmədiyi kəslər

    Quran:

    «Sizinlə müharibə edən kəslərlə, siz Allah yolunda müharibə edin, amma (Allahın qoyduğu) həddi aşmayın. Allah həddini aşanları sevməz.» [32]

    «Allah fəsad törədənləri sevməz.»[33]

    «Həqiqətən, Allah israf edənləri sevməz.»[34]

    «Həqiqətən, Allah təkəbbürlüləri sevməz.»[35]

     

    423. Allahın ən çox sevdiyi insanlar

    1336. Allahın Peyğəmbəri (s):«Allahın ən sevimli bəndələri insanlar üçün daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalışanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir.»[36]

    1337. İmam Sadiq (ə):«Allahın ən çox sevdiyi insan doğru danışan, namazında  və Allahın ona vacib etdiyi əməllərdə diqqətli olan və əmanəti sahibinə qaytarandır.»[37]

     

    424. Allah məhəbbətinin nişanələri.

    Quran:

    «(Ey Peyğəmbər) De: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mehribandır.»[38]

    Hədis

    1338. İmam Əli (ə):«Allah-taala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar.»[39]

    1339. İmam Sadiq (ə):«Allahın məhəbbətini hiss etdiyindən sevinən bəndə gərək Allahın əmrinə itaət etsin və bizə tabe olsun. Məgər Allahın öz Peyğəmbərinə «De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və…» buyurduğunu eşitməmisən?»[40]

     

    425. Allah yanında bəndənin məqamının meyarı

    1340. İmam Sadiq (ə):«Allah yanında öz məqamını bilmək istəyən kəs, Allahın onun yanında məqamına baxsın. Çünki, bəndənin Allah yanında məqamı, Allahın bəndənin qəlbində olan məqamı qədərdir.»[41]

     

     

    426. İnsanda ilahi məhəbbətin nişanəsi

    1341. Allahın Peyğəmbəri (s):«İnsanda Allah məhəbbətinin nişanəsi daim Allahı zikr etmək istəyi və Allaha məhəbbətin olmamasının əlaməti Allahı zikr etməkdən xoşu gəlməməsidir.»[42]

    1342. İmam Sadiq (ə):«Allah-taala Musa peyğəmbərə (s) vəhy nazil etdi: Gecə düşdükdə ibadətimdən qafil olub yuxuya gedən kəs, əgər Məni sevdiyini güman edərsə, yalan söyləmişdir. Məgər aşiq öz sevgilisi ilə bir xəlvətə çəkilmək istəməzmi?!»[43]

     

    427. Ən ali məqam

    1343. Allahın Peyğəmbəri (s):«Bəndəm vacib buyurulanları yerinə yetirmək qədər heç bir digər sevimli vasitələrlə Mənim məhəbbətimi qazana bilməz. Bəndəm müstəhəb əməllər vasitəsilə Mənim məhəbbətimə o dərəcədə zəmin yaradar ki, mənim məhbubuma çevrilər. Elə ki, onu sevdim dönüb onun eşidən qulağı, görən gözü, danışan dili, qüvvətli əli və yeriyən ayağı olaram. Məni çağıran zaman ona cavab verər, Məndən nə istəsə ona bəxşiş edərəm.»[44]

     

    428. Allah məhəbbəti ilə dünya məhəbbətinin bir yerə sığmaması

    1344. Allahın Peyğəmbəri (s):«Dünya məhəbbəti ilə Allah məhəbbəti heç vaxt bir qəlbdə cəm ola bilməz.»[45]

    1345. İmam Sadiq (ə):«And olsun Allaha, dünyanı sevən və bizdən (Əhli-Beytdən) qeyrisinin məhəbbətinə qəlbində yer verən kəs, Allahı sevməmişdir.»[46]

     

    429. Allah məhəbbətinin yaranmasına həvəsləndirmək

    1346. Allahın Peyğəmbəri (s): «Allah-taala Davuda (s.ə) buyurdu:«Məni sev və xəlq etdiklərimə Məni sevdir.» Davud (ə) ərz etdi:«Ey Rəbbim! Mən ki, Səni sevirəm, amma yaratdıqlarına Səni necə sevdirim». Buyurdu:«Onlara bəxş etdiyim nemətləri yadlarına sal. Yaxşılıqlarımı yadlarına salsan Məni sevərlər.»[47]

     

     

    430. Allaha xatir sevmək

    1347. Allahın Peyğəmbəri (s):«İşlərin ən yaxşısı Allaha xatir dost və Allaha xatir düşmən olmaqdır.»[48]

    1348. Allahın Peyğəmbəri (s) öz səhabələrindən birinə buyurmuşdur: «Ey Allahın bəndəsi! Allaha xatir sev və Allaha xatir nifrət bəslə, Allaha xatir dostluq et və Allaha xatir düşmənçilik et. Çünki, Allahın məhəbbətini bunlardan qeyri vasitələrlə qazanmaq mümkün deyil. İnsan belə etməsə, nə qədər çox namaz qılıb oruc tutsa da, imanın ləzzətini dada bilməz. Bu gün insanların bir-biri ilə dostluğu, qardaşlığı daha çox dünyaya görədir. Dünya naminə dostluq, dünyaya görə də düşmənçilik edirlər.»[49]

    1349. İmam Sadiq (ə):«İki mömin bir-birilə gürüşəndə onların (mömin) qardaşına daha çox məhəbbət bəsləyəni daha üstündür.»[50]

    1350. İmam Sadiq (ə):«Dinə xatir dostluq və düşmənçilik etməyənin dini yoxdur.»[51]

    1351. İmam Cavad (ə):«Allah-taala peyğəmbərlərindən birinə vəhy etdi:«Dünya məhəbbətini qəlbindən silməyin tezliklə sənə rahatlıq gətirər və qəlbini Mənə bağlamağın səni Mənim yanımda əziz edər. Ancaq, mənə xatir bir kəslə düşmənçilik edib Mənə xatir bir kəslə dostluq etmisənmi?.»[52]

     

    431. Peyğəmbəri (s) və onun Əhli-Beytini (ə) sevmək

    1352. Allahın Peyğəmbəri (s):«Məni özündən, Əhli-Beytimi (ə) öz ailəsindən, övladlarımı öz övladlarından, mənim canımı öz canından daha çox sevən kəsdən başqa heç bir bəndənin imanı yoxdur.»[53]

    1353. Allahın Peyğəmbəri (s):«Allahı, sizə bəxş etdiyi nemətlərə xatir sevin. Məni Allaha xatir və mənim Əhli-Beytimi (ə) mənə xatir sevin».[54]

    1354. Allahın Peyğəmbəri (s):«Məni və Əhli-Beytimi (ə) sevən kəs, gərək Allahın birinci nemətinə görə şükr etsin.» Ərz etdilər:«Birinci nemət nədir?» Buyurdu:«Pak mövlud (halalzadəlik). Bizi, dünyaya pak gələnlərdən (halalzadələrdən) başqa kimsə sevməz.»[55]

    1355. «Əd-Dəəvat» kitabından:«Bir gün günorta vaxtı Haris Həmadani Əmirəl-mömininin (ə) yanına gəlir. Həzrət (ə) soruşur:«Səni bura nə gətirmişdir?» Haris deyir:«And olsun Allaha, məni bura sənə olan məhəbbət gətirmişdir.» Həzrət (ə) :«Əgər doğru deyirsənsə məni üç yerdə mütləq görəcəksən:Ruhun bədənindən çıxan zaman, sirat körpüsündə və kövsər hovuzunun kənarında.»[56]

    1356. İmam Baqir (ə) «möhkəm bir ipdən tutmuşdur» ayəsi barədə buyurub:«Möhkəm ip  biz  Əhli-Beytin (ə) məhəbbətidir.»[57]

     

    432. Əhli-Beytə (ə) məhəbbətin şərti

    1357. İmam Baqir (ə):«Allaha and olsun, Allah tərəfindən bizə bəraət yoxdur, Allahla bizim aramızda qohumluq yoxdur. Bizim Allaha qarşı bir höccətimiz yoxdur və itaətdən başqa, Allaha heç bir digər vasitə ilə yaxınlaşmırıq. Buna görə, sizlərdən kim Allaha itaət edərsə, bizim imamətimizin ona xeyri olar və kim Allahın itaətindən boyun qaçırarsa, imamətimizin ona xeyri olmaz. Vay olsun sizlərə, aldanmayın! Vay olsun sizlərə, aldanmayın!»[58]

     

    433. Bəla imamətlə birlikdədir

    1358. İmam Əli (ə):«Əgər dağ məni sevsə ovulub dağılar.»[59]

    1359. «Əmaliye Tusi»:«Bir kişi İmam Baqirin (ə) yanına gəlib dedi:«Allaha and olsun, mən, siz Əhli-Beyti (ə) sevirəm». Həzrət (ə) buyurdu:«Onda, bəladan qorunmaq üçün əyninə bir libas geyin. Çünki, Allaha and olsun, bəla və çətinlik bizə və bizim ardıcıllarımıza tərəf dərədə axan seldən daha sürətlə hərəkət edər. Bəla bizdən (Əhli-Beytdən) başlayıb sonra sizə yetişər və rahatlıq da bizdən başlayar, sonra sizə çatar.»[60]

     

    434. İnsan sevdiyi kəslə birgədir

    1360.Allahın Peyğəmbəri (s):«İnsan sevdiyi kəslə bir yerdədir.»[61]

    1361. «Kənzul Ummal»:«Bir kişi Allahın Rəsulundan (s) Qiyamət barəsində soruşdu. Həzrət (s) buyurdu:«O gün üçün nə hazırlıq görmüsən?» Ərz etdi:«Allaha və Onun Rəsuluna məhəbbətdən başqa elə bir əhəmiyyətli şey hazırlamamışam.» Həzrət (s) buyurdu:«Bəs, sən sevdiyin kəslə birlikdəsən?»[62]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Tuhəful-Uqul, səh.97

    [2] Nəhcül-Bəlağə, hikmət 308

    [3] Ğurərul-Hikəm, hədis 4684

    [4] Tuhəful-Uqul, səh.316

    [5] Mücadilə , ayə 22

    [6]Ğurərul-Hikəm, hədis 9872

    [7] Ğurərul-Hikəm, hədis 3124

    [8] Ğurərul-Hikəm, hədis 2703

    [9] Əvaliul-Lali, c.1, səh.290, hədis 149

    [10] Ğurərul-Hikəm, hədis 6314

    [11] Ğurərul-Hikəm, hədis 7718

    [12] Ğurərul-Hikəm, hədis 7851

    [13] Tövbə, ayə 24

    [14] Bəqərə, ayə 165

    [15] Biharul-Ənvar, c.98, səh.226, hədis 3

    [16] Biharul-Ənvar, c.70, səh.25, hədis 25

    [17] Cami-Əxbar, səh.518, hədis 1468

    [18] əl-Kafi, c.8, səh.129, hədis 98

    [19] İrşadul-Qulub, səh.199

    [20] əl-Kafi, c.2, səh.82, hədis 5

    [21] əl-Kafi, c.2, səh.130, hədis 10

    [22] Bəqərə, ayə 195

    [23] Bəqərə, ayə 222

    [24] Ali-İmran, ayə 76

    [25] Ali-İmran, ayə 146

    [26] Ali-İmran, ayə 159

    [27] Maidə, ayə 42

    [28] Səf, ayə 4.

    [29] əl-Kafi, c.2, səh.112, hədis 8

    [30] əl-Kafi, c.2, səh.99, hədis 30

    [31] əl-Məhasen, c.1, səh.456, hədis 1056

    [32] Bəqərə, ayə 190

    [33] Maidə, ayə 64

    [34] Ənam, ayə 141

    [35] Nəhl, ayə 23

    [36] Tuhəful-Uqul, səh.49

    [37] Əmalie-Səduq, səh.243, hədis 8

    [38] Ali-İmran, ayə 31

    [39] Ğurərul-Hikəm, hədis 4066

    [40]  əl-Kafi, c.8, səh.14, hədis 1

    [41] Biharul-Ənvar, c.71, səh.156, hədis 74

    [42] Kənzul-Ummal, hədis 1776

    [43] Əmali Səduq, səh.292, hədis 1

    [44] əl-Məhasin, c.1, səh.454, hədis 1047

    [45] Tənbihul-Xəvatir, c.2, səh.122

    [46]  əl-Kafi, c.8, səh.129, hədis 98

    [47] Qəsəsul-Ənbiya, səh.205, hədis 266

    [48] Kənzul-Ummal, hədis 24638

    [49] İləlul-Şəraye, səh.140, hədis 1

    [50] əl-Məhasen, c.1, səh.411, hədis 937

    [51]  əl-Kafi, c.2, səh.127, hədis 16

    [52] Tuhəful-Uqul, səh.455

    [53] İləlul-Şəraye, səh.140, hədis 3

    [54] İləlul-Şəraye, səh.140, hədis 3

    [55] Muşkatul-Ənvar, səh.81

    [56] Əd-Dəvat, səh.249, hədis 699

    [57] Nur-əl-Səqəleyn, c.1, səh.263, hədis 1054

    [58] Vəsailuş-Şiə, c.11, səh.185, hədis 4

    [59] Nəhcül-Bəlağə, hikmət 111

    [60] Əmali-Tusi, səh.154, hədis 255

    [61] Kənzul-Ummal, hədis 24684(=24685)

    [62] Kənzul-Ummal, hədis 25553