islamic mənbələri

    1. home

    2. article

    3. MƏSCIDDƏ BIHUDƏ ŞEIRLƏR OXUMAQ

    MƏSCIDDƏ BIHUDƏ ŞEIRLƏR OXUMAQ

    MƏSCIDDƏ BIHUDƏ ŞEIRLƏR OXUMAQ
    Rate this post

    267. Məhəmməd peyğəmbər (s): «Kimin məsciddə (faydasız) şer oxuduğunu görsəniz‚ ona belə deyin: «Allah dişlərini töksün!» Məscidlər yalnız Quran oxumaq üçün tikilib.»

    İzah: Diqqət edin! Yuxarıdakı hədisin və buna oxşar digər hədislərin əksinə olaraq, aşağıdakı rəvayətlər Peyğəmbərin (s) və Əhli-beytin (ə) məsciddə şer oxumağı təsdiq etdiyindən xəbər verirlər. Elə buna görə də‚ çoxsaylı fəqihlər məsciddə şer oxumağın məkruh (bəyənilməmiş) olması haqda olan hökmün‚ nalayiq və batil şerlərə aid olduğu fikrindədirlər.

    268. Cabir ibn Səmurədən belə nəql olunur: «Yüz dəfədən artıq Peyğəmbərin (s) məsciddəki məclislərində iştirak etmişəm. Elə bir halda ki‚ Rəsulallah (s) əyləşmiş və dostları da bir-birlərinə şer deyirdilər.

    269. Ürvə, Ayişədən nəql edir: «Allahın Rəsulu (s) məsciddə Həssan (o dövrdə yaşamış şair) üçün minbər qoyar və o da‚ minbərin üzərinə çıxaraq‚ Peyğəmbəri mədh edər və onu müdafiyə edərdi. Rəsulallah (s) da öz növbəsində buyurardı: «(Nə qədər ki‚ Allah Rəsulunu (s) mədh edir və onu müdafiə edir) Allah-Təala Həssana Ruhül-quduslə kömək edəcəkdir.»

    270. Səid ibn Müsəyyibdən nəql olunur: «Bir gün Həssan ibn Sabit məsciddə şer oxuyar»kən Ömər oraya gəlib dedi: Ey Həssan! Sən Allahın Rəsulunun (s) məscidində şer oxuyursan?» Həssan cavab verdi: «Mən bundan əvvəl də burada şer oxuyurdum o zaman səndən daha yaxşısı (Peyğəmbər (s)) burada idi.

    Ömər «Doğrudur.»-dedi və yoluna davam etdi.»

    271. Nail ibn Tufeyl ibn Əmr Dəvsi nəql edir: «Peyğəmbər (s) (daim faydasız-lazımsız sözlər eşitməkdən sığındığı) məscidində oturmuşdu. Xəffaf ibn Nəzlət ibn Ömər ibn Bəhdələ Səqəfi yaxınlaşaraq bu şeri oxudu:

    Nə qədər qaranlıqda yürüyən cavan dəvələr

    Susuz və otsuz çöllərdə çarəsiz və gücsüz qaldılar…

    Allahın elçisi bu beytləri bəyənib‚ buyurdu: «Doğrudan da, bəzi bəyanlar sehirli və bəzi şerlər hikmətlidir.»

    272. Yəhya ibn Səidin rəvayət etdiyinə əsasən‚ Abdullah ibn Ünəys anası‚ yəni Kəəb ibn Malikin qızı vasitəsilə belə rəvayət edir: «Allahın elçisi (s) Kəəb ibn Malik məsciddə şer oxuyarkən onun yanına gəldi. Peyğəmbər (s) onun simasının (parlaq və bədirlənmiş) ay kimi nurani olduğunu müşahidə etdikdə‚ buyurdu: «Hansi işlə məşğul idin?» Kəəb dedi: «Şer oxuyurdum». Rəsulallah (s) buyurdu: «Mənim üçün də oxu». Kəəb oxudu və bu beytlərə çatdı:

    Öz tayfamızı müdafiə etmək yolunda‚

    Bütün əzab-əziyyətlərə dözərik

    Allahın elçisi (s) buyurdu: «Öz tayfamızı deyil‚ öz dinimizi müdafiə etmək üçün» de!»

    273. İbn Şəhri Aşub yazır: «Bədəvi bir ərəb Mədinə şəhərinə gəldi. O‚ xalq arasında kimin daha çox kəramətli və comərd olduğunu soruşduqda‚ ona imam Hüseyni (ə) göstərdilər. Bədəvi ərəb məscidə daxil oldu. Bu zaman imam Hüseyn (ə) orada namaz qılırdı. O‚ İmamın (ə) qarşısında dayanıb‚ bu beytləri oxudu:

    Sənə bel bağlayan heç kəs naümid olmadı‚

    Qapını döyən heç kim köməksiz qalmadı.

    Sən səxavətli və bizim güvənc yerimizsən‚

    Atan isə çirkin əməlli insanları öldürən.

    Sənin babaların olmasaydı əgər‚

    Cəhənnəmdə yanardı bütün bəşər.

    İmam Hüseyn (ə) namazını qılıb qurtardıqdan sonra buyurdu: «Qənbər! Hicazdan gələn mallardan bir miqdar qalıbmı?» Qənbər dedi: «Bəli‚ dörd min dirhəm qalıb». İmam (ə) buyurdu: «Pulu mənə ver.» İndi burada ona bizdən daha çox ehtiyacı olan bir şəxs var».

    Sonra İmam (ə) çiyninə atdığı paltarı çıxarıb‚ pulu ona bükdü. Utanaraq bədəvi ərəbi çölə çıxarıb‚ pulu ona verərkən bu şeri oxudu:

    Bu pulu al‚ məni bağışla‚

    Bil ki‚ mən sənə qarşı mehribanam.

     

     

     

    Məscid kitabından….