Məscidə daxil olan şəxs on xüsusiyyətə malik olmalıdır

 

Həzrət Məhəmməd (s): «Məscidə daxil olan şəxs on xüsusiyyətə malik olmalıdır: Əvvəlcə, ayaqqabılarının altını təmizləməlidir; sağ ayağı ilə məscidə addım atmalıdır; belə dua etməlidir: «Bağışlayan və mehriban Allahın adı ilə. Allahın adı ilə. Həmd-səna Ona məxsusdur. Peyğəmbərə və mələklərə salam olsun! İlahi! Rəhmət və kərəm qapılarını üzümə aç. Həqiqətən‚ Sən bağışlayansan!»; məsciddəki insanlara salam verməlidir. Əgər məsciddə heç kim yoxdursa‚ belə deməlidir: «Allahın layiqli bəndələrinə salam olsun! Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur! Şəhadət verirəm ki, Məhəmməd (s) onun bəndəsi və elçisidir!»; namaz qılan şəxsin qarşısından keçməsin; dəstəmazsız məscidə girməsin; məsciddə dünya işləri ilə məşğul olmasın; iki rəkət namaz qılmamış məsciddən getməsin. Məscidi tərk edərkən bu duanı oxusun: «İlahi! Sən münəzzəhsən (pak)! Sənə həmd-səna olsun! Şəhadət verirəm ki, Səndən başqa Allah yoxdur. Səndən əfv diləyirəm və Sənə doğru üz gətirirəm.»

Allahın Rəsulu (s) məscidə daxil olarkən əvvəlcə sağ ayağı ilə addım atır və buyururdu: «Allahın adı ilə. Allaha təvəkkül edirəm. Allahdan başqa heç bir qüdrət və güc sahibi yoxdur.»

 

Məsciddən xaric olduqda isə ilk olaraq sol ayağı ilə addım atar və buyurardı: «Allahın adı ilə. Qovulmuş Şeytanın (şərrindən) Allaha pənah aparıram.»

Sonra buyurdu: «Ey Əli! Hər kim məscidə daxil olub‚ mən dediyim kimi rəftar etsə‚ Allah-Təala namazını qəbul edər və qıldığı hər rəkət namazın müqabilində yüz rəkət namazın savabını yazar. Məsciddən xaric olan zaman da mən söylədiyim formada rəftar etsə‚ Allah-Təala günahlarını bağışlayar və atdığı hər addımın müqabilində onu bir dərəcə ucaldar. Həmçinin, hər addımına yüz yaxşı əməlin savabı yazılar.»

 

İmam Baqir (ə): «Nə vaxt oturmaq niyyəti ilə məscidə daxil olsan‚ yalnız pak olduğun halda oraya gir. Daxil olduqda isə üzü qibləyə dayanıb‚ Allahı çağır və Ondan dilə. İçəri girdikdə salam ver‚ Allaha həmd-səna söylə və Peyğəmbərə (s) salam göndər.»

(İmam Sadiqə (ə) nisbət verdiyi yazıların arasında deyilir) Məscidin qapısına çatdıqda anla ki‚ sən izəmətli Padşahın qapısına gəlmisən. Onun büsatında təmiz və pak olmuş insanlardan başqa kimsə addım atmaz! Sadiq (sözlərində və rəftarında doğru olan) insanlardan başqa heç kəs Onunla həmsöhbət ola bilməz! Ona (bu Padşaha) qulluqçu olmaq şərəfinə nail olduğun üçün qorx (ehtiyatlı ol və məsuliyyətli davran). Necə ki‚ bilmədən‚ qəflət üzündən hər hansısa bir səhvə yol verəcəyin üçün (zəmanə) padşahından qorxursan.

Agah ol ki‚ O‚ səninlə istədiyi kimi, ədaləti, yaxud mərhəməti ilə rəftar edə bilər. Əgər səninlə rəhmət və kəraməti ilə davransa‚ sənin qüsurlu itaətini qəbul edəcək və əməllərini çox böyük töhfə ilə dəyərləndirəcək. Lakin ədaləti ilə rəftar edərsə‚ səndən doğruluq və ixlas tələb edərsə‚ (əməllərinin) əsl simasını açar və itaətini, hər nə qədər çox olsa da rədd edər.

Onun dərgahında öz acizliyini‚ qüsurlarını və həmçinin, miskinliyini etiraf et. Çünki sən Ona bəndəlik etmək və Onunla əlaqə yaratmaq üçün oradasan. Sirlərini Ona söylə. Bil ki‚ heç bir bəndənin məxfi və aşkar əməlləri Onun üçün gizli deyil. Onun qarşısında ən ehtiyaclı və fağır bəndə kimi davran və qəlbini Allahınla sənin aranda fasilə sala biləcək (Ondan uzaqlaşdıran) hər bir şeydən təmizlə. Çünki O‚ yalnız ən pak və ən xalis əməlləri (qəlbləri) qəbul edir.

 

Gör ki‚ adın hansı əməl dəftərində çıxacaq. Əgər Onunla münacat etməyin ləzzətini və şirinliyini azacıq da olsa dadmısansa‚ Onun geniş mərhəmətindən qaynaqlanan kəramət və səxavət çeşməsindən şərbət içmisənsə, deməli, Ona xidmət etmək üçün ləyaqət qazanmısan. İcəri daxil ol ki‚ buna icazə verilib və sən əmin-amanlıqdasan.

Belə olmadıqda isə carəsiz‚ əlacsız və sanki ölümü gəlib çatmış aciz şəxs kimi orada dayan. Əgər Allah səmimi-qəlbdən Ona pənah gətirdiyini müşahidə etsə‚ mərhəmət və lütf nəzəri ilə sənə baxarsa‚ bil ki‚ səni razı olduğu və sevdiyi yola hidayət edər. Çünki Allah elə kəramət sahibidir ki‚ öz dərgahında aciz şəkildə dayanan və Onun razılıgını cəlb etmək istəyən bəndələrini sevir. Belə ki‚ Allah-Təala buyurur: «Kimdir o kəs ki, dara düşüb əli hər yerdən üzülənin dua etdiyi zaman duasını qəbul edən?»

http://sualcavab.ge


more post like this