Zilhiccə ayının 8-ci günü bütün müsəlman dünyası Minaya hərəkət edən vaxt, İmam Hüseyn (ə) Məkkədən Kufəyə doğru hərəkət edir. Bu hərəkətin özü də çoxlu mesajlara malikdir. Birinci mesaj bu idi ki, gör vəziyyət nə yerə gəlib çatmışdı ki, zəmanənin İmamı (ə) olan bir kəs Məkkədə qala bilmir. İkinci tərəfdən, İmamın (ə) bu hərəkət zamanı bir vəzifəsinin olduğu görünür. Təbii ki, belə bir vəziyyətdə Yezid (lən) tərəfi də təxribatlarını dayandırmırdı. Bu hadisələr Kufədə baş verən zaman zəmanənin ən zatı xarab adamlarından biri olan İbn Ziyadı (lən) tapıb, onu Kufəyə vali göndərmək qərarına gəlirlər. Kufə çox qısa müddət ərzində əvvəlki vəziyyətindən çıxır. O Kufə ki, bir neçə gün öncə Müslimə (r.ə) beyət edib, İmamı (ə) qarşılamağa, Yezidə (lən) qarşı qiyama hazırlaşır, indi süstlük göstərməyə başlayır. Kufə camaatının imanının zəifliyi bir tərəfdən, ikiüzlülüyü digər tərəfdən və bundan başqa da İbn Ziyad (lən.) tərəfindən qorxudulması və təhdid olunması onların artıq İmama (ə) sadiqlikdən geri çəkilməsinə gətirib çıxarır. İş o yerə gəlib çatır ki, Kufə camaatı qısa müddət ərzində Müslim ibn Əqli (r.ə) tək qoyur və beləliklə İmam Hüseynə (ə) yazılıb göndərilən şərait tam əks tərəfə dəyişir. Nəticədə İbn Ziyad (lən) güruhu Müslim ibni Əqli (r.ə) şəhid edir. Bir neçə gün öncə İmam Hüseynə (ə) beyət edən Kufə camaatından bəziləri, hətt əyinlərinə İbn Ziyadın (lən) təqdim etdiyi zəlalət libasını geyinirlər.

İmam Hüseyn (ə) məqsədini belə izah edir
İmam Hüseyn (ə) Məkkədən Kufəyə yollanan zaman özünün bu addımını öz mübarək dili ilə izah edir. Kənardan çox şərhlər verilə bilər, çoxları bu məsələni öz istədiyi kimi izah etməyə çalışa bilər. Amma ən mühüm olanı, İmam Hüseynin (ə) özünün bu əməlinə qiymət verməsidir. Əba Əbdillah (ə) bu zaman buyurur: “Mənim bu hərəkətimdə məqsəd, Yezidin (lən.) İslama zidd hökumətini ifşa etməkdir…” İmam Hüseynin (ə) Kufəyə getməsinin və ümumiyyətlə bu işlərinin hamısının başlıca məqsədi – Yezidin (lən) İslama zidd, insanlığa zidd olan hökümranlığını rüsvay etmək idi. İmam (ə) Yezid (lən) kimi birisinin İslam ümmətinin başında dayanmasının qeyri-mümkünlüyünü çatdırırdı. İmam (ə) özünün bu əməli ilə toplumda həmin caninin mahiyyətini ortalığa qoyurdu.

Toplumda “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmə”ni diriltmək
Digər tərəfdən, həmin zaman toplum ölü vəziyyətində idi. Vaxtaşırı toplum şəhid verməyəndə, vaxtaşırı toplumda ciddi hadisələr baş verməyəndə, özü öz halına qalanda toplum məhv olur. Peyğəmbərin (s) əlindən su içmiş toplumlar belə, bu durumda idi. Necə ki, su bir yerdə dayanıb qalanda, iylənməsi baş verir, elə də toplum bir yerdə donub qalanda onda iylənmə gedir. Artıq bu hadisə həmin dövrdə baş vermişdi. Bir toplum əmələ gəlmişdi ki, heç kimi digərinin problemi, heç kimi digərinin durumu narahat etmirdi. Heç bir kəs digərini pis işlərdən çəkindirmir və heç kəs digərini yaxşı işlərə dəvət etmirdi. İmam Hüseyn (ə) özü bunu izah edirdi ki, onun qiyamının səbəblərindən biri də toplumda pis işlərdən çəkindirmə və yaxşı işlərə dəvəti dirçəltməkdir. Məhz bunu unudan ümmət, nəticə etibarilə Peyğəmbər (s) balasını şəhid edən zaman sükut edəcəkdi. Hətta o yerə çatacaqdı ki, artıq Əhli-beytə (ə) olan münasibət də heç kəsi narahat etmirdi.
Zülmün qabağında dayanmaq, Quranı və dini müdafiə İmam Hüseynin (ə) bu səfərində digər məqsədi – zalımın, zülmkarın qabağında dayanmaq nümunəsini göstərmək idi. İmam Hüseyn (ə) topluma nümunə olmaq istəyirdi ki, zalımın qabağında dayanmaq lazımdır. Zalım öyrəşəndə ki, həmişə onun qabağından hər kəs çəkilir, bu zaman vəziyyət çox pis olur. İmam Hüseyn (ə) topluma göstərmək istəyirdi ki, zalımın qabağında dayanmaq lazımdır.

Bundan başqa, İmam Hüseyn (ə) izah edir ki, onun məqsədi Qurani-Kərimin müdafiəsi və Peyğəmbər (s) dininin yaşamasını öz həyatı bahasına təmin etmək idi. Bunlar – İmam Hüseynin (ə) Aşura günü yerinə yetirdiyi vəzifələr idi.

Allahım, bizlərə İmam Hüseynin (ə) Kərbəla məktəbini düzgün dərk edib, buradan həyatımız üçün lazımi dərsləri götürməyi nəsib et! Allahım, bizlərə İmam Hüseynin (ə) əzadarı olmaq ləyaqətini nəsib et! Amin!
İlqar İbrahimoğlu

http://www.islamtimes.org


more post like this