Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

340. Merac gecəsi məni dünya səmasına apardıqda‚ Kufə məscidini göstərdilər. Dedim: «Ya Cəbrayıl! Bu nədir?» Dedi: «Bu, olduqca xeyir-bərəkətli bir məsciddir. Allah-Təala onu əhli (orada ibadət edən və oranı layiqincə qiymətləndirən həqiqi bəndələri) üçün seçib və bu məscid, Qiyamət günü onlara şəfaət edəcək.»

341. Büraqa mindirilərək meraca aparıldıqda‚ Kufə məscidinin yanından keçdim. Mənimlə birlikdə olan Cəbrayıl dedi: «Ey Məhəmməd! Burada yerə en və namaz qıl!» Aşağı enib‚ namaz qıldım. Dedim: «Ey Cəbrayıl! Bura haradır?» Dedi: «Ey Məhəmməd! Bura Kufədir və bu da Kufə məscididir. Mən onu iyirmi dəfə dağıdılmış halda və iyirmi dəfə də abad şəkildə görmüşəm. Bu müddət arasında olan fasilə 500 il olmuşdur.»

342. Sanki Kufə məscidini Qiyamət günü ehram bağlamış halda‚ orada iki rəkət namaz qılan şəxs barəsində şəhadət verdiyini müşahidə edirəm.

İmam Əli (ə) buyurmuşdur:

343. Dörd məkan Behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi.

344. Bu məsciddə müstəhəbb namaz qılmaq, Peyğəmbərlə (s) birlikdə bir həcci-ümrə ziyarəti etməyə və bir vacib namaz qılmaq isə Rəsulallahla (s) birgə bir Həcc ziyarəti əncam vetməyə bərabərdir. Burada min peyğəmbər və onların min canişini namaz qılmışdır.

 

345. (Kufə məscidinin fəziləti haqqında olan hədisdə buyurur) Nuh (ə) gəmisini bu məsciddə (onun məkanında) düzəltdi, burada təndirdən su çıxdı, Nuhun evi və məscidi də elə bu yerdə idi.

346. Kufə məscidi müsəlmanların dörd (məşhur) məscidlərindən dördüncüsüdür. Fikrimcə, orada iki rəkət namaz qılmaq‚ başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha üstündür.

347. Əsbə ibn Nobatə rəvayət edir: «Bir gün Əmirəl-mömininlə (ə) birlikdə Kufə məscidində oturmuşdum. O Həzrət (ə) buyurdu: «Ey kufəlilər! Allah-Təala sizə elə bir hədiyyə (nemət) veribdir ki‚ başqalarına əta etməyib. Bu (nemət), sizin namaz qıldığınız yerdir (məsciddir). Bu məscid Adəmin (ə)‚ Nuhun (ə)‚ İdrisin (ə) evi və İbrahimin (ə)‚ Xızrın (ə) namaz qıldığı yer olmuş və həmçinin, mənim namaz qıldığım məkandır. Bu məscid‚ Allah-Təalanın məscid əhli üçün seçdiyi dörd məsciddən biridir. Sanki mən onun (Kufə məscidinin) Qiyamət günü ehram bağlayaraq öz əhlini və orada namaz qılan şəxsləri şəfaət etdiyini görürəm. Onun şəfaəti rədd olunmur! Bir gün gələcək ki‚ Həcərül-əsvəd (Kəbədəki «qara daş») onun divarında yerləşdiriləcək. Şübhəsiz‚ bir gün gələcək ki‚ bura mənim övladlarımdan birinin – Məhdinin (ə.c.) və bütün möminlərin namaz qıldığı yer olacaq. Yer üzündəki bütün mömin insanlar, ya buraya gələcək‚ ya da bu məscidi sevəcəklər. Bu məscid barəsində səhlənkarlıq etməyin! Orada namaz qılmaqla Allah-Təalaya daha da yaxın olun. Arzu-diləklərinizin yerinə yetməsi üçün buraya üz çevirin. Əgər insanlar onun (həqiqi) dəyərini bilsəydilər‚ hər bir yerdən qarın və buzun üzərindən keçməklə də olsa belə‚ həyacan və təlaşla ona sarı üz gətirərdilər.»

348. İmam Sadiq (ə): «Əmirəl-möminin Kufə məscidində olarkən bir kişi ona sarı gəlib‚ dedi: «Sənə Allahın salamı‚ rəhməti və xeyir-bərəkəti olsun‚ Ey Əmirəl-möminin! (O həzrət salamın cavabını verdi.) Sənə qurban olum. Məscidül-əqsaya getmək niyyətindəyəm. İstədim ki‚ səninlə görüşüb‚ xüdahafizləşim». Buyurdu: «Bu səfərə getməkdə məqsədin nədir?» Dedi: «Savab qazanmaq istəyirəm». İmam (ə) buyurdu: «(Səfər üşün aldığın) minik vasitəsini sat‚ yol azuqəni istifadə et və elə bu məsciddə namaz qıl. Burada vacib namaz qılmaq, (Allah dərgahında) qəbul olunmuş Həccə‚ müstəhəbb namaz qılmaq isə (Allah dərgahında) qəbul olunmuş həcci-ümrəyə bərabərdir. Onun on iki santimetrliyi (belə) bərəkətlidir. Sağ tərəfi bərəkət, sol tərəfi isə hiylədir. Bunların arasında isə yağ çeşməsi‚ süd bulağı‚ su çeşməsi və möminlər üçün pak bir bulaq var. Nuhun gəmisi buradan hərəkət etdi. Nəsr‚ Yəğus və Yəquq bütləri buradaydı. Yetmiş peyğəmbər və onların yetmiş canişini ki‚ mən də onlardan biriyəm‚ burada namaz qılmışdır. (Əlini sinəsinə qoyduğu halda) Kim hacətinin qəbul olması üçün orada dua etsə‚ Allah-Təala onun duasını qəbul edər və çətinliyini aradan qaldırar.»

349. Həbbət əl-Ürənni rəvayət edir: «Həzrət Əlinin (ə) yanında oturmuşdum. Bir kişi onun hüzuruna gəlib‚ dedi: «Ey Əmirəl-möminin! Bu, mənim miniyim və bu da (yol) azuqəmdir. Bu evə (Beytül-müqəddəsə) getmək istəyirəm». Buyurdu (ə): «Azuqəni istifadə et‚ miniyini sat və bu məscidə (Kufə məscidinə) üz gətir. Çünki o‚ dörd (əzəmətli) məsciddən biridir. Orada iki rəkət namaz qılmaq‚ başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha üstündür.»

350. İmam Baqir (ə): «Əgər insanlar Kufə məscidinin nəyə qadir olduğunu anlasaydılar‚ azuqə və minik hazırlayaraq uzaq məsafələrdən ona sarı üz gətirərdilər. Orada bir vacib namaz qılmaq‚ bir Həcc ziyarətinə və bir müstəhəbb namaz qılmaq isə bir Həcci-ümrə ziyarətinə bərabərdir.»

351. Hənnan ibn Sədir rəvayət edir: «İmam Baqirin (ə) hüzurunda idim. Elə bu vaxt‚ bir kişi içəri daxil olaraq‚ salam verib‚ oturdu. İmam (ə) ona buyurdu:

– Hansı məntəqədənsən?

Kişi dedi:

– Mən Kufəliyəm‚ sizi sevir və məhəbbət bəsləyirəm.

– Bütün namazlarını Kufə məscidində qılırsan? Xeyr.

– Doğrudan da sən xeyir-bərəkətdən məhrum qalmısan.

352. Əbu Übeydə Həzza rəvayət edir: «İmam Baqir (ə) buyurdu: «Ey Əbu Übeydə! Hətta iməkləyərək getməli olsan belə‚ Kufə məscidində namaz qılmağı tərk etmə. Çünki orada namaz qılmaq‚ başqa məscidlərdə qılınan yetmiş namaza bərabərdir.»

353. İmam Baqir (ə): «Kufə məscidi Behişt bağlarından biridir. Min yetmiş peyğəmbər orada namaz qılmışdır. Onun sağ tərəfi rəhmət, sol tərəfi isə hiylə və məkrdir. Musanın (ə) əsası‚ Yunusun (ə) kələm gülü (balığın qarnından xilas olduqdan sonra onun kölgəsində daldalanmışdı) və Süleymanın (ə) üzüyü orada idi. Məhz Kufə məscidində Nuhun (ə) gəmisi düzəldildi‚ təndirdən su çıxmağa başladı. Kufə məscidi Babilin ən mühüm nöqtəsi və peyğəmbərlərin məkanıdır.»

354. Həmma ibn Zeyd Harisi rəvayət edir: «İmam Sadiqin (ə) hüzurunda idim və onun evi Kufə camaatı ilə dolu idi. Onların arasından bir nəfər İmama (ə) belə sual verdi: «Ey peyğəmbər övladı! Mən Kufə məscidindən uzağam və (elə buna görə də) orada namaz qılmaq istəmirəm» İmam (ə) buyurdu: «Oraya get. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydilər‚ iməkləməklə də olsa‚ oraya üz tutardılar». Kişi dedi: «Axı mənim işim çoxdur.» İmam (ə) buyurdu: «O məscidə get və bacardığın qədər oranı tərk etmə. Sənə məscidin sağ tərəfinə‚ yerindən qazılıb çıxarılmış qapıların yanına getməyi məsləhət görürəm. İbrahim (ə) orada namaz qılmışdır. Həmçinin, məscidin beşinci sütununun yanına da get. Cəbrayıl orada namaz qılmışdır. And olsun o Allaha ki‚ varlığım onun əlindədir. Əgər camaat mənim bu məscidin fəzilət və üstünlükləri haqqında bildiklərimdən xəbərdar olsaydılar‚ oraya yığışıb‚ izdiham yaradardılar.»

355. İmam Sadiq (ə): «Kufə məscidində bir namaz qılmaq‚ (başqa məscidlərdə qılınan) min namaza bərabərdir.»

356. Harun ibn Xaricə rəvayət edir: «İmam Sadiq (ə) mənə buyurdu:

– Ey Harun ibn Xaricə! Evinlə Kufə məscidinin arasında nə qədər məsafə var; bir mil məsafə olarmı?

Dedim:

– Xeyr.

– Bütün namazlarını orada qılırsanmı?

– Xeyr.

– Əgər mən ona yaxın bir yerdə yaşasaydım‚ bütün namazlarımı orada qılardım. Bilirsənmi o yerin nə qədər fəziləti var? Bütün əməlisaleh bəndələr və ya peyğəmbərlər Kufə məscidində namaz qılmışlar. Hətta Peyğəmbər (s) meraca aparılarkən Cəbrayıl o Həzrətə (s) dedi: «Ey Peyğəmbər! Bilirsənmi haradasan? Sən Kufə məscidindəsən». Rəsulallah (s) buyurdu: «Allahdan mənə izn istə ki‚ oraya daxil olub‚ iki rəkət namaz qılım.

O‚ Allahdan icazə istədi və Allah-Təala ona icazə verdi. Doğrudan da, ora Behişt bağlarından biridir. Onun içi‚ əvvəli və axırı da Behişt bağlarındandır. Orada qılınan hər vacib namaz min namaza bərabərdir. Orada qılınan hər müstəhəbb namaz beş yüz namaza bərabərdir. Orada sadəcə oturmaq‚ hətta Quran oxumasan və zikr söyləməsən belə, ibadətdir. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydi‚ iməkləməklə də olsa‚ ora üz tutardı.

357. Müfəzzəl ibn Ömər rəvayət edir: «İmam Sadiqlə (ə) birlikdə Əbu Əbbas Səffahın yanına gedərkən Kufədə idim. Künasə məntəqəsinə çatdıqda Həzrət buyurdu: «Əmim Zeydi burada edam ediblər».

Sonra yolumuza davam etdik və yağsatanların yanına yetişdikdə‚ atdan endi və buyurdu:

– Aşağı düş. Bura, qədim Kufə məscidinin yerləşdiyi məkandır. İlk olaraq Adəmin (ə) məscid tikdiyi məkandır. Bu (müqəddəs) məkana miniklə daxil olmaq istəmirəm.

Dedim:

– Kim buranın xəritəsini (yerini) dəyişdi?

– İlk olaraq Nuhun (ə) tufanı zamanı dağıldı. Sonra isə İran və Ərəb padşahlarının tərəfdarları‚ sonra da Ziyad ibn Əbu Süfyan tərəfindən dağıdıldı.

– Kufə və onun məscidi Nuhun (ə) dövründə mövcud idi?

– Bəli‚ ey Müfəzzəl! Nuhun (ə) və onun tayfasının məskunlaşdığı kənd (ilə buranın fasiləsi) Fərat çayından (indiki) Kufənin qərb hissəsinə qədər olan məsafə qədər idi. Nuh (ə) xarrat idi və Allah-Təala onu seçib‚ peyğəmbərlik məqamına ucaltdı. Nuh (ə) gəmi düzəldib, su üzərində hərəkət etdirən ilk şəxsdir. O, 950-il öz qövmünü Allaha ibadət etməyə çağırırdı. Lakin ona rişxənd edərək‚ ələ-salırdılar. Onların belə etdiyini gördükdə‚ nifrin (qarğış) edərək buyurdu: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki onları (sağ) buraxsan‚ onlar Sənin bəndələrini yoldan çıxardacaq‚ ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.»

Sonra Allah-Təala Nuha (ə) vəyh etdi: «Tez bir zamanda geniş bir gəmi düzəlt.» Belə olduqda Nuh (ə) Kufə məscidində öz əlləri ilə gəmi düzəltdi. O‚ gəmini tikmək üçün lazım olan ləvazimatı uzaq yerlərdən gətirirdi. Bu minvalla o‚ gəmini tikməyi bacardı.

358. Müfəzzəl ibn Ömər rəvayət edir: «İmam Sadiqdən (ə) soruşdum: «Kufə məscidi qədim məsciddirmi?» Buyurdu (ə): «Bəli‚ elədir. Ora peyğəmbərlərin namaz qıldıqları məkandır. Allahın Rəsulu (s) da‚ meraca getdikdə orada namaz qılmışdır. Cəbrayıl (ə) ona dedi: «Ey Məhəmməd! Bura sənin baban Adəmin və (başqa) peyğəmbərlərin namaz qıldığı məkandır. Aşağı en və orada namaz qıl».

Peyğəmbər (s) aşağı enib‚ orada namaz qıldı. Sonra Cəbrayıl Rəsulallahı (s) asimana apardı.»

359. Həsən ibn Əli ibn Əbu Həmzə‚ Əbu Bəsir vasitəsilə rəvayət edir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: «Kufə məscidi necə də‚ gözəl bir məsciddir! Orada min peyğəmbər və onların min canişini namaz qılmışdır. Orada təndirdən çeşmə coşdu və Nuh (ə) gəmisini orada düzəltdi. Onun sağ tərəfi ilhai-rizvani (Behişti)‚ sol tərəfi məkr və hiylə‚ arası isə Behişt bağlarından biridir».

Əbu Bəsirdən soruşdum: «Onun Sol tərəfinin məkr və hiylə olmasından məqsəd nədir?» Dedi: «Məqsəd, Şeytanın evləridir (İmam Hüseynin (ə) qanını axıdan Kufə hökumətinin sarayları).»

360. İmam Rza (ə): «Kufə məscidində təkbaşına bir namaz qılmaq‚ başqa məscidlərdə camaatla qılınan yetmiş namazdan daha da fəzilətlidir.»

361. İmam Rza (ə): «Kufə məscidi Nuhun (ə) evidir (evinin yerləşdiyi yerdədir). Kim oraya yüz dəfə daxil olsa‚ Allah-Təala onu yüz dəfə bağışlayar. Çünki Nuhun (ə) bu duası onun haqqında qəbul olmuşdur: «Ey Rəbbim! Məni‚ ata-anamı‚ mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!»

 

 

 

Məscid kitabından….

 

 

 


more post like this