Bəzi valideynlər elə təsəvvür edirlər ki, körpə yalnız yeməyə, yuxuya və quru paltara ehtiyac duyur. Əlbəttə ki, belə deyil. Hər bir körpə beş fəal hissiyyatla dünyaya gəlir. Onda görmə, eşitmə, dadma, qoxulama, toxunma hissləri hərəkətdədir. Körpə temperatur dəyişməsini, ağrını, yerdəyişməni hiss edir. Onu da qeyd edək ki, körpədə bu günədək kəşf olunmamış qüvvələr də ola bilər. Amma bunu dəqiq bilirəm ki, körpənin hərəkətə böyük ehtiyacı var. O da böyüklər kimi yorulur, hövsələsizlik göstərir.
Müşahidələrdən məlum olur ki, az hərəkət etdirilən uşaq ətrafa az maraq göstərir və adi hərəkətlərlə qarşılaşdığı zaman qorxub diksinir. Maraqlıdır ki, həddən ziyadə hərəkət etdirilən uşaqlar da qorxu və narahatlıq keçirir. Belə körpələr hər hansı bir hərəkətdən çəkinirlər. Körpə yalnız o hərəkətlərə ehtiyaclıdır ki, onun tutumuna və qüvvəsinə uyğun olsun, hiss üzvlərini oyandıra bilsin. Normal həddə təhrik olunan körpələrin yaddaşı güclü olur və bu körpələr həm öyrəndiklərindən, həm də irsi biliklərindən lazımınca istifadə edə bilirlər.


more post like this