Buraxılmış səhvə görə tənbeh həmin səhvə uyğun olmalıdır. Yalnız səhər dişini fırçalamadığı üçün uşağı həvəslə gözlədiyi futbol müsabiqəsindən məhrum etmək düzgün deyil. Axı diş yumaqla futbol arasında nə əlaqə var?! Əslində, uşağın öz dişini fırçalamaması ciddi tənbehə layiq deyil. Ən yaxşı yol budur ki, uşağın öz dişini yumasında şəxsən iştirak edəsiniz. Demək, tənbeh həm keyfiyyət, həm də kəmiyyət baxımından buraxılmış nöqsana uyğun olmalıdır.
Ağır tənbeh nəticəsində uşaq öyrənə biləcəyi bir işin qarşısında aciz qala bilər. Əgər uşaq sizin tənbehinizi özünə qarşı zülm kimi qəbul edərsə, siz narahat olmalı, ona tənbehin əhəmiyyətini anlatmağa çalışmalısınız. Mülayim tənbehlər daha təsirlidir.
Müşahidələrdən məlum olur ki, çox ağır tənbehin nəticəsində uşaq bir də pis vəziyyətə düşməmək üçün yol axtarır.
Bir misal: sinifdə qızları incitmiş bir oğlanı müəllim məcbur etmişdi ki, beş yüz dəfə “mən daha qızları incitməyəcəyəm” sözlərini yazsın. Bu oğlanla aparılan söhbətlərdən məlum oldu ki, onun qızlara qarşı yox, müəllimə qarşı rəftarı dəyişib. O, qərara gəlmişdi ki, qızları xəlvətdə incitsin. Bu oğlan qızlara qarşı pis münasibətin mahiyyətini anlamamışdı.
Əgər sizin uşağınız hansısa bir pis işi dəfələrlə təkrarlayırsa, ona işin mahiyyətini anlatmağa çalışın. Nəzərinə çatdırın ki, bu işə görə tənbeh olunacaq. Ona bildirin ki, necə tənbeh olunacağı haqqında birgə qərar çıxarılacaq. Uşağın özündən soruşun ki, o hansı tənbehə layiqdir. İnanın ki, onun təklif etdiyi tənbeh üsulu öz ağırlığı ilə sizi təəccübləndirəcək. Bu üsuldan istifadə edən bir valideynə uşaq belə təkliflər etmişdi: “Mənə üç həftə yemək vermə”; “Bir il dostlarımla görüşməyə icazə vermə…”
Sizin öz övladınızla tənbeh barədə məsləhətləşməyiniz onun tənbehini yüngülləşdirir. Bu üsulun tətbiqi nəticəsində siz ədalətli hakim olaraq qalırsınız.
Tənbeh uşağın tərbiyəsində o vaxt təsirli olur ki, siz vəziyyəti nəzarət altında saxlayasınız. Amma öz məhəbbətinizi də əsirgəməməlisiniz. Övladınız hiss etməlidir ki, siz onun düşüncələrini nəzərə alırsınız. Tənbeh növü seçilərkən uşağın hissləri nəzərə alınmazsa gördüyünüz iş mənfi nəticələrə səbəb ola bilər. Məsələn, əksər valideynlər uşaqlarına otaqlarını səliqə-səhmana saldıra bilmirlər. Hansı ki, söhbət otağın tamamilə təmizlənməsindən yox, qismən yığışdırılmasından gedir. Uşaq paltarlarını hara gəldi atmamalıdır. Əgər valideyn elan etsə ki, paltarı yerə atılan övlad ev işlərində on beş dəqiqə kömək etməli olacaq, uşaq öz nöqsanını aradan qaldırmağa çalışar. Valideyn edə bilər ki, xəcalətli bir görkəmdə uşağa desin: “Bütün yollar səmərə vermədiyindən səni tənbeh etməyə məcburam və bu sonuncu yoldur.”
Tənbehə sövq edən rəftar haqqındakı əvvəlki xatırlatma çox əhəmiyyətlidir. Bu xəbərdarlıq ona seçim şansı verir. O, öz rəftarını dəyişməklə tənbehin qarşısını ala bilər. Demək istəyirəm ki, onun yanına sillə vurmazdan qabaq ona xəbərdarlıq edin. Ona rəftarını dəyişməklə sillənin qarşısını almaq imkanı verməlisiniz. Bu halda rəftarını dəyişməyən uşaq onun nə gözlədiyini qabaqcadan bilir. Yadınızda saxlayın ki, bu sillə ağrıdıcı olmamalıdır. Ona gücünüzü göstərməyiniz yetər. Uşağın bu kiçik sillədən sonra şiddətlə ağlamasına heyrət etməyin.


more post like this