Hər bir insan fərqli və təkrarolunmazdır. Bu dünyada iki daş, xüsusilə iki insan belə eyni deyil. İnsanların bir-birindən fərqliliyindən əlavə, qadınla kişi arasında fərqli xüsusiyyətlər mövcuddur və bu fərqlilik daha gözə çarpandır. Onlar nəinki xarici görünüşcə fərqlənir, eyni zamanda daxili orqanlarının funksiyasına, maddələr mübadiləsinə, tənəffüs, qan tərkibi, ürək-damar sisteminə və s. görə də kəskin şəkildə fərqlənirlər.

Qadın ilə kişi arasında olan fərqliliyi göstərmək üçün bir çox tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlara əsaslanaraq hər iki cinsin bir çox fərqli xüsusiyyətlərinin nədən ibarət olduğunu sizlərə təqdim etmək istəyirik:

1) İntuisiya (hissiyyat)
Kişi hər hansı hadisə və ya situasiyanı bütövlüklə qəbul edir, qadın isə daha çox kiçik nüanslara diqqət göstərir.
Bir xüsusiyyəti müşahidə etmək maraqlı olardı: qadın və kişi kitab alırlar. Kişilərin əksəriyyəti mütləq kitabın mündəricatına fikir verirlər. Qadınlar isə, bir qayda olaraq, kitabın bir neçə səhifəsini vərəqləyir və içində nə olduğuna baxırlar. Səhifələyərkən aldığı təəssüratdan, onun kitabı alıb-almayacağı məlum olur.

Qadının kiçik detallara fikir verməsi, onun kişiyə nisbtətən daha müşahidəçi və hissiyyatının daha güclü olmasını nəzərə çarpdırır. Xanımların tez-tez işlətdikləri “Mən bunu hiss edirəm” kəlməsi buna misaldır.
Xanımın hissi 90 % düz çıxır, lakin əsaslandırmağa heç bir sübutu olmur. R.Kiimenq deyib: “Qadının zənni daha çox dəqiqliyə uyğun olur, nəinki kişinin əminliyi”.

2) Müşahidəçilik
Məişət həyatında xanımın yüksək müşahidəçiliyi daha xarakterikdir. Gərginlik zamanı və təhlükəli anlarda isə (özünü itirdiyindən) onun müşahidəçilik xüsusiyyəti çox vaxt zəifləyir.
Lakin təhlükə zamanı kişilərdə müşahidəçilik xüsusiyyəti kəskinləşir.
Qadınlar ətrafdakıları bir mimika, jest və ya baxışla anlayırlar. Bu da onun hissiyyatının güclü olmasının dəlilidir. Xanımları aldatmaq çətindir. Əgər qadın öz şübhələrini dilə gətirmirsə, bu o demək deyil ki, onun heç bir şübhəsi yoxdur, o, sadəcə susur və münasibətləri gərginləşdirmək istəmir.

3) Emosionallıq
Qadınlar kişilərə nisbətən daha emosionaldırlar. Kişilər öz hisslərini cilovlaya bilirlər, lakin bunu qadından tələb etmək yersiz olardı. Xanımın əhvalı daim dəyişkəndir.
Qadınlar tərifə və cəzaya daha kəskin reaksiya verirlər. İşdə və evdə baş verən münaqişə və ya hər hansı bir narahatçılıq onlarda daha ağır təsir qoyur. Qadın bacaranda gülür və istəyəndə ağlayır. Xanımlar hadisələrə öz şəxsi münasibətləri kimi yanaşırlar.
Həmçinin xanımlarda təxəyyül və fantaziya çox inkişaf etmişdir (hətta kişilər bəzən bu ehtimallardan başlarını götürüb qaçmaq istəyirlər). Qadınların fantaziyası və orijinal fikirləri onlara reklam işində yardımçı olur.
Qadınların üzünün ifadəsi bir neçə (onlarla) müxtəlif hissləri ifadə edə bilər, halbuki kişilərdə bir qayda olaraq iki xüsusiyyəti laqeydlik və nifrəti bildirə bilər.

4) Sevgiyə münasibət
Qadın üçün vurulmaq daha asandır, nəinki onu etiraf etmək. Kişiyə isə etiraf etmək, aşiq olmaqdan daha asandır.
“Kişilər hörmət etdikləri qadını sevirlər, lakin qadınlar sevdikləri kişiyə hörmət edirlər”. (V.O.Kloçevski)

5) Maraqlar
Amerikada cinslərin fərqliliyi mövzusunda Termen və Mayls tərəfindən geniş tədqiqatlardan biri aparılmışdır. Bu tədqiqat yeddi hissədən ibarət idi: assosiativ təcrübə, mürəkkəb ləkəsi (Rorşax üzrə), məlumatlılıq, emosional və etik xüsusiyyətlər, maraqlar, fikir və reaksiyalar.
Müxtəlif yaş qrupları və müxtəlif peşə sahibləri arasında aparılmış həmin tədqiqatda qadınla kişi arasında çox ciddi mövcud olan fərqlər meydana çıxmışdır. Belə ki, kişilər macəra və igidliklərlə bağlı məsələlərlə, fiziki gücə aid işlərlə, texniki, dəqiq elmlərlə və kəşflərlə çox maraqlanır. Qadınlar isə ev işləri, estetika və zəiflərə köməyi özündə cəmləyən ixtisaslarla (uşaqlara, xəstələrə) daha çox maraqlanır. Kişilər özlərinə daha əmindirlər, aqressiv, tərs və cəsarətlidirlər, ədalarında, nitqlərində və hisslərində daha sərt davranırlar. Qadınlar isə daha həssas, utancaq, emosional, xeyirxah və qayğıkeşdirlər.

6) Ətrafdakılara qarşı münasibət
Qadınlar insan münasibətini daha incə mənimsəyir, xırda detallara daha həssas reaksiya verirlər, nəinki kişilər. Əgər kişilərdə uğur qazanmaq və məqsədə çatmaq birinci yerdədirsə, qadınlarda ilk növbədə ətrafla münasibətdir. Ətrafdakılara diqqət – həqiqi xanımlığın ən cəlbedici xüsusiyyətlərindən biridir. Kişi göz yaşına, pis iştahaya və ya qeyri-adi sükuta fikir verməyə bilər. Lakin qadından bütün bunları gizlətmək çox çətindir. Qadınlar üz ifadəsindən daha yaxşı “oxuyur”, həmsöhbətinin əhval-ruhiyyəsini daha tez anlayır və daha həssas olur.
Kişilər daha aqressiv, qadınlar isə daha münaqışəlidirlər.

Qadınların nitqi kişilərlə müqayisədə daha mürəkkəb, bitkin və tamdır. Ümumiyyətlə, qadınlar dilçilik və qrammatikada güclüdürlər. Buna səbəb nitqi idarə edən beyinin sağ yarımkürəsinin daha yaxşı inkişaf etməsidir.

7) Kollektivdə münasibət
Kişilərə kişi kollektivində olmaq daha rahatdır, nəinki qadınlara qadın kollektivində mövcud olmaq. Belə bir düşüncə də vardır ki, kürəkən qayınata ilə daha tez dil tapır, nəinki qayınana gəlinlə.
Həm qadın və həm də kişinin sayı bərabər olan qarışıq kollektivdə mübahisə və münaqişələr daha az olur. Belə şəraitdə hər iki cins öz hərəkətlərini, dediyi sözləri çərçivədə saxlamağa çalışır və bununla münasibətlərdə tarazlıq yaranır.
Əgər kollektivdə bir cins üstünlük təşkil edirsə, bu zaman rəhbər əks cinsdirsə, abu-hava daha sağlam olur. Təsadüfi deyil ki, qadın kollektivində kişi rəhbərə üstünlük verilir.

8) Mərhəmətlilik (şəfqət)
Kant deyib: “Qadınlar yumşaqürəkli, mərhəmətli və rəhmdildirlər”. Həqiqətən də qadınlar kişilərə nisbətdə daha şəfqətlidirlər.

Müxtəlif ölkələrdə belə bir müşahidə aparılmışdı: suni surətdə ağır nəticələrlə nəticələnmiş yol hadisəsi səhnələşdirilmişdir. 100 nəfərdən 40 nəfər kişi həmin hadisənin yanından sürəti azaltmadan keçmiş, 40 nəfərə yaxın sürəti azaldaraq yanından keçmiş, 20 nəfərə yaxın maraq hissinə görə saxlamış, yalnız 4 nəfəri yaxınlıqdakı polisə və “Təcili tibbi yardıma” xəbər vermişdir. Lakin bu zaman keçən 5 qadından 4 nəfəri maşınını saxlamışdır. Bəli, təsəvvür etmək belə çətindir kömək edə biləcək qadının hadisənin yanından düz keçib getməsini.

9) Beyin baxımından
İnsanın daxili orqanlarının yerləşməsində simmetriya yoxdur, hətta beyinin iki hissəsi müxtəlif hərəkətləri həyata keçirir: sol tərəf bizim nitqimizi və dillərə olan bacarığımızı, sözlərdən, rəqəmlərdən, simvolardan istifadə qabiliyyətimizi idarə edir, sağ tərəf isə musiqini düzgün qavrama qabiliyyətini, emosiya və intuisiyanı idarə edir. Həkimlər müşahidə ediblər ki, sağ yarımkürəsi zədələnən xəstələrdə, yumor hissi itir və sözün ikinci mənasını anlamırlar.

Hər iki yarımkürə həm qadında və həm də kişidə müxtəlif cür işləyir. Qadınlarda bir qayda olaraq məsələ və problemlərin həllində hər iki hissə, lakin kişilərdə daha çox yalnız biri iştirak edir. Ona görə də qadınlar kişilərə nisbətdə sözləri daha sürətlə və daha aydın tələffüz edir və fikirlərində hesabı daha yaxşı aparırlar. Kişilər isə abstrakt riyazi modelləri daha yaxşı qura bilir və yad şəhərdə öz istiqamətlərini daha cəld tapırlar.

10) Abstrakt və konkretlilik
Qadınlar abstrakdan çox konkretliyə üstünlük verirlər. Kişilərin pul ehtiyatları olanda (bankda və s.) özlərini daha yaxşı hiss edirlər. Qadınlar isə puldan konkret mənfəət əldə etməyə, bir sözlə onu sonraya saxlamamağa üstünlük verirlər.

Belə bir ibrətamiz hekayə qadının və kişinin münasibətini aydın göstərir:
Qadın və kişi səhra ilə gedərkən qumun üstündə bir sandıq görürlər:
Qadın: Bax gör içində nə var?
Kişi: Bu hardandır?

(ardı var…)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this