Bilməliyik ki, müəyyən məqamlarda qeybət haram sayılmır. Məsələn, şəri hakim qarşısında şəhadət zamanı deyilənlər günah deyil. Hətta icazə verilən məqamlarda da qeybətdən çəkinmək faydalıdır. İcazə verilən məqamlarda qeybət edən şəxs buna vərdiş еdib icazə verilməyən məqamlarda da başqalarının eyibindən danışa bilər.
Qeybətin haram olmadığı məqamlar:

1. Bir şəxsə zülm olunmuşsa, o haqqını ala biləcək şəxsə zalımdan danışa bilər. Bir şərtlə ki, məzlum zalımın başqa eyiblərini sadalamasın. Məsələn, bir şəxs döyülmüşsə, onu döyən şəxsdən tədbir görəcək tərəfə şikayət edə bilər. Amma əsəbləşib həddi aşmaq, zalımın başqa eyiblərini açıqlamaq olmaz.

Unutmamalıyıq ki, məzlum yalnız tədbir görəcək şəxsə şikayət edə bilər.
2. Əgər caiz bir işdə məşvərət aparılırsa mövzudan kənara çıxmaq olmaz. Məsələn, bir şəxs soruşur ki, qızımı filankəsə verim, yoxsa yox? Belə məqamlarda qarşı tərəfi mövzu ilə bağlı mə`lumatlandırmaq olar.
3. Mö`mini tanımadığı bir günahkardan uzaqlaşdırmaq üçün ona zəruri həddə mə`lumat vermək olar. Bu işdə məqsəd mö`mini hifz etmək olmalıdır.
4. Xəstənin məxfi eyiblərini müalicə məqsədi ilə həkimə açıqlamaq.
5. İki şərtə riayət etməklə şahid və ya rəvayətçinin eyibini açıqlamaq: Qarşı tərəfin dediklərini rədd etmək üçün həddində danışmaq; yalnız qarşı tərəfin göstərişinə əməl etmək istəyən şəxsə danışmaq.
6. Bir şəxs özünü başqa cür təqdim edirsə, dörd şərtlə onun kimliyini bildirmək olar. Həmin tərəf xilaf bir hökm versə, onun alim olmadığı bilinməsə, xalq ona sualla müraciət etsə, danışan qarşı tərəfi alçaltmaq fikrində olmasa.
7. Bir şəxs “topal”, “keçəl”, “uzun” kimi ləqəblərlə məşhursa, onu tez bir vaxtda tanıtdırmaq üçün bu ləqəblərdən istifadə etmək olar. Amma həmin şəxs ləqəblə yada salınmasını xoşlamazsa, bu işdən çəkinmək lazımdır.
8. Açıq-aşkar olan eyibi demək olar. Məsələn, bir şəxsi hamı şərabxor kimi tanıyırsa, bunu dilə gətirməyin eybi yoxdur.
9. Şər`i hakim qarşısında şəhadət vermək vacib olduğu vaxt tələb olunan həqiqətləri demək günah deyil. Əksinə, şəhadəti gizlətmək qadağandır.
10. Bid`ətçi və azğın insanlar haqqında danışmaq caizdir.
11. Kafirlərin, din düşmənlərinin qeybəti caizdir.
12. Bir şəxs öz əslini təhrif edirsə, onun kimliyini açıqlamaq haram deyil. Məsələn, bir şəxs özünü tanınmış alimin oğlu kimi tanıtdırırsa, onun yalanını açıqlamaq olar.
13. Kimsənin tanımadığı adam haqqında danışmaq haram deyil. Məsələn, bir şəxs deyirsə ki, bir nəfər qumar oynayırdı, bu haram deyil.

http://sualcavab.ge/


more post like this