Adətən, İslamı əzəmətli bir ağaca bənzədirlər. Bu ağacın kökləri dinin üsuluna, əqidə məsələlərinə işarədir. Əməli göstərişlər isə bu ağacın budaqlarına oxşadılmışdır. “Furu”, yəni budaq məsələlərinə on əməli göstəriş daxildir. İslamın əməli proqramları çox geniş olsa da, on mövzuda xülasə edilmişdir. Bu on göstəriş o qədər əhəmiyyətlidir ki, onlar əməllər cərgəsində birinci dayanırlar. Bu on göstərişdən üçü ibadətə, duaya, Allahla bağlılığa aiddir: Namaz, oruc, həcc. On göstərişdən ikisi həm iqtisadi məsələlərlə, həm də Allahla bağlılıqla, əlaqəlidir: Zəkat, Xüms. Beş göstəriş isə ictimai, hərbi və siyasi məsələlərə aiddir: Cihad, əmr be məruf (yaxşılığa əmr) və nəhy əz münkər (pisliyin qadağası), təvəlla və təbərra (Allah dostu ilə dostluq və Allahın düşməninə nifrət), bəs kiminlə dost olaq, kimə nifrət edək?
Allah dostları haqpərəst, dəyərli, haqq və ədalət hamisi olan insanlardır. Bu insanlar zalımlara, həddi aşanlara, Allahın və xalqın düşmənlərinə nifrət edirlər.
Soruşula bilər ki, nə üçün hamını dost tutmayaq, nə üçün bütün xalq ilə yaxşı keçinməyək? Hamı ilə dost olmaq fikrində olanlardan soruşmaq lazımdır ki, həm zalım, həm də onun zülm etdiyi məzlumla, həm istismarçı, həm də onun istismar etdiyi yoxsul təbəqə ilə, həm haqpərəst, həm də haqqa təcavüz edənlə dost olmaq mümkündürmü?” Əzənləri əzilənlərdən fərqləndirməmək heç bir məntiqə sığmır. Diri vicdana malik heç bir kəs bu sayaq sazişçiliklə barışa bilməz.
Bu iki əsas İslamın əməli proqramlarında ona görə yer tutmuşdur ki, haqq və ədalət tərəfdarlarının dairəsi daha da genişlənsin, zalım və çirkin insanlar tənha qalsınlar. Məqsəd fəsad əhlinin ictimai və əxlaqi mühasirəyə salınmasıdır.
Məgər insan orqanizmi hər qidanı qəbul edirmi? İnsanın damağı dadlını dadsızdan seçmirmi? Təbii ki, orqanizmə zəhərli maddə daxil olduqda orqanizm dərhal qusmaq vasitəsi ilə bu zərəri dəf etmək istəyir. Cazibə və dəfetmə qüvvələri varlıq aləmindəki tarazlığı qoruyur. İnsan cəmiyyəti də istisna deyil. Bu cəmiyyətin də yaşaması üçün onda cazibə və dəfetmə olmalıdır ki, bu da təvəlla və təbərra yolu ilə həyata keçirilir.
Əgər cəmiyyətdə sazişçilik ruhu hakim olsa, müsbət qüvvələr mənfi qüvvələri dəf etməsələr, cəmiyyət tarazlığını itirib, məhv olub gedər. Həzrət Peyğəmbər (s) buyurur: “İmanın ən möhkəm dəstəyi Allaha görə dost tutmaq və Allaha görə nifrət etməkdir.”[5106]
[5106] “Səfinətül-bihar”, c. 7.
NUR-AZ.COM


more post like this