Qeyd etdiyimiz kimi, İmam Mehdinin (ə) ixtifa dövründən və İmam Həsən Əsgərinin (ə) rihlətindən sonra iki növ qeybi olmuşdur. Kiçik qeyb adlanan birinci dövr ixtifa dövrü başa çatdıqdan sonra başlamış və altmış doqquz il davam etmişdir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamış və bu dövr hazırda da davam etməkdədir.

İmam Həsən Əsgərinin (ə) şəhadəti və həzrət Mehdinin (ə) İmaməti ilə başlayan kiçik qeyb dövrü həzrətin dördüncü səfiri Əbül-Həsən Əli ibn Məhəmməd Səmərinin vəfatı ilə başa çatmışdır. Bu dövrün səciyyəvi xüsusiyyətlərini nəzərdən keçirək:

1. Kiçik qeyb dövrü məhdud olmuşdur və yetmiş ilə qədər davam etmişdir. Bu dövr məhdud olduğu üçün kiçik qeyb dövrü adlanmışdır. Böyük qeyb dövrü hazırda da davam etdiyindən və onun müddəti yalnız Allaha məlum olduğundan bu dövrü böyük qeyb dövrü adlandırmışlar.

2. Kiçik qeyb dövründə İmam Mehdi (ə) əksər insanlardan məxfi şəkildə yaşasa da, öz vəkilləri, səfirləri ilə təmasda olmuşdur. Hətta bu səfirlər bəzi insanları İmam Mehdi (ə) ilə görüşdürmüşlər.

Xalq öz suallarını dörd səfir vasitəsi ilə İmama çatdırmış və onlardan cavab almışdır. Uyğun dövrdə müqəddəs nahiyədən dörd səfir vasitəsi ilə şiələrə göstərişlər verilmişdir.

Amma dördüncü səfir Səmərinin vəfatından sonra böyük qeyb dövründə bütün rabitələr kəsilmişdir. Səmərinin ölümündən bir neçə gün qabaq İmam Mehdi (ə) ona həyatının başa çatması haqqında xəbər vermişdir. Yetmiş il əvvəl davam etmiş bu sayaq rabitələrə böyük qeyb dövründə təsadüf edilmir. İmamın bu izahatı haqqında növbəti bəhslərimizdə danışacağıq.

 

3. Kiçik qeyb dövründə İmamın dörd vəkil və ya nümayəndəsi olmuşdur. Bu dörd şəxs üçün bir-birinin ardınca vəkillik hökmü çıxarılmışdır. İmamın (ə) digər nümayəndələri bu dörd səfirdən göstəriş almışlar. Amma kiçik qeyb dövrü başa çatdıqdan sonra xüsusi bir nümayəndə olmamışdır. Məsum İmamların (ə) göstərdiyi şərtlərə malik olanlar Həzrətin (ə) ümumi nümayəndələri sayılmaqdadırlar. Ona görə də kiçik qeyb dövründən sonrakı dövrü fəqihlərin rəhbərlik və ya vəkillik dövrü kimi təqdim etmək olar.

 

4. Kiçik qeyb dövründə bəzi insanlar Həzrəti (ə) görüb tanıya bilərdilər. Böyük qeyb dövründə isə kimsə onu görmür, görənlər isə tanımırlar.

Hətta bəzi xüsusi insanlar Həzrəti (ə) görüb tanısalar da, bu barədə başqalarına danışmaq haqqına malik deyillər. Yalnız Həzrətin (ə), öz icazəsi ilə etibarlı şəxslərə bu barədə məlumat vermək olar.

 

 

 

http://sualcavab.ge

 


more post like this