Mail YAQUB

Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi
Nə üçün yalnız xristian dini ilahi varlığın təzahürüdür? Bu suala müxtəlif cavablar verilib. Bəzi tədqiqatçılar bu həqiqətə çatmaq üçün müxtəlif dinlərdəki din qabaqcılının, yəni həmin dini gətirən şəxsin həyat tarixini mütaliə edib araşdırmağı lazım bilirlər. Lakin bu təklif ilk baxışdan çox çətin və mümkünsüz görünür. Hər bir dinin ərsəyə gəlməsindən bir neçə əsr keçib. Uzun müddət həyat yolu keçən dinlərin gətiriciləri haqda araşdırma aparmaq, tarixi sübutları tam diqqətlə yoxlamaq, sonra bu yolla dinlər barədə rəy vermək olduqca çətin bir işdir. Deyə bilərik ki, bu təklifin icrası imkan daxilində deyil.

Digər mütəfəkkirlər hesab edirlər ki, hər hansı bir dinin kamillik dərəcəsini müəyyənləşdirmək üçün həmin din təlimləri nəticəsində yaranan və formalaşan sivilizasiyanı nəzərdən keçirmək lazımdır. Yəni tədqiq etdiyimiz dinin əsrlər boyu ərsəyə gətirdiyi mədəniyyət toplusu düzgün istiqamətdədirsə, bu din əsl, həqiqi dindir. Əks təqdirdə həmin dinin yanlış din olduğu aşkarlanacaq.

Amma bu təklifi də qəbul etmək çətindir. Çünki hər bir dinin cərəyan etdiyi cəmiyyətdə bu dini zəiflədən və əksinə, gücləndirən hadisələr və amillər olub. Dinin düzgünlüyünü ona sitayiş edən insan cəmiyyətindəki hadisələrlə yoxlamaq rasional düşüncəyə uyğun gəlmir. Bəs nə etməli? Bizim qənaətimizə görə, din seçimi məsələsində yalnız bir yolumuz var. Biz hər bir dinin əsasını və onun ictimai qanunlarını ehtiva edən təlimlərini bir yerə toplamalı, onların hər birini tam əqli və rasional şəkildə araşdırmalıyıq. Öncə “Əql və din” fəslində bu barədə danışdıq. Dedik ki, din əqidə və ayinlərdən təşkil olunub. İslam dini də bu iki təlimə əsaslanır. Biz əvvəlcə əqidəyə aid məsələləri tam əqli-fəlsəfi üsullarla təklif etməli, sonra etiqad məsələlərinə söykənən şəriət qanunlarını əqli baxımıdan araşdırmalıyıq.

Biz inanırıq ki, dinlərin bu çərçivədə təhlili sayəsində islam dinini ən üstün və məntiqli din hesab edəcəyik. Araşdırmalar göstərir ki, heç bir din islam qədər əqli və tarixi sübutlara əsaslanmır. Bunun əsas səbəbi islam dininin dəqiq və yazılı tarixidir. İslamın mühüm tarixli hadisələri də tarixi sənədlərdə mövcuddur. Heç bir din islam qədər dəqiq və təhrif olunmamış müqəddəs kitaba malik deyil.

İndisə digər bir suala cavab verməliyik. Bizim indi təklif etdiyimiz baxış inhisarçıların görüşlərindən fərqlənirmi? İlk baxışda bu fərq gözə dəymir. Dinə məhdud çərçivədə baxanlar da yalnız bir dini qəbul və digər dinləri rədd edirdilər. Biz də burada təkcə islam dininə həqiqi meyarlara uyğun hesab etdik. Belədirsə, görüşlərini tənqid etdiyimiz inhisarçılardan nədə fərqlənirik?

Müqəddəs islam dinin etiqad məsələsində kifayət qədər torelant ünsürlərə malikdir. Diqqət edin, insanların əbədi səadəti sadə və əhəmiyyətsiz bir məsələ deyil. İnsan əqli, onun normal düşüncəsi bunu qəbul edə bilmir ki, çox mərhəmətli Rəbbimiz insanların yalnız az bir hissəsini səadətə çatdırsın (cənnətə daxil etsin yerdə qalan və çoxluq təşkil edənləri isə cəhənnəm odunda yandırsın).

Digər tərəfdən insanlar müxtəlif həyat şəraitlərində dünyaya göz açır, təlim və tərbiyə alır, öz cəmiyyətinin adət-ənənəsinin və bütövlükdə mədəniyyətinin varisi olur. Bəzən insanlar həqiqətə çatmaq və həqiqi yolu tanımaq imkanından məhrum olurlar. Bu vaxt hansı əqli meyara uyğun gələr ki, mehiriban Allah onları hətta tanıya bilmədikləri dinə etiqad etməyə məcbur etsin? Hər bir insanın dünyagörüşü onun vəzifəsi, elmi bacarığı və azadlığı ilə müəyyənləşir. Bu üç məfhum insan həyatının necə müəyyənləşməsində mühüm rol oynayır. İslam məmləkətində müsəlman ata-anadan doğulan və dini şəraitdə yaşayan, öz ixtiyarı ilə bizim dini seçən insan və bu yolla yüksək mənəvi zirvələri fəth edən şəxs dini mədəniyyətdən uzaqda dünyaya gələn və ateist mühitdə yaşayan insanla bir tərəziyə qoyula bilərmi? Belə insanlar həqiqətən Allahın kamil dinindən – islamdan xəbərsiz yaşamışlarsa, lakin vicdanın, əqlin və saf daxili mənəvi dünyanın qanunlarına sədaqətli olmuşlarsa, xoşbəxt həyata qovuşmaları istisna edilmir. Deməli, qloballıq nəzəriyyəsini müəyyən mənada qəbul etmək olar. Belə ki, doğru yol birdir. İnsanlar bu yola vəfalı olduqları qədər səadət dünyasına qovuşa bilərlər. Şübhəsiz, haqq yolu tanıyan və onun qanunlarını icra edən şəxslər ən yüksək səadətə nail olacaqlar.

 

http://www.mediaforum.az


more post like this